AZ

Gürcüstan parlamentində gərgin müzakirə - müxalifətçilər zaldan çıxarılıb

Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin müzakirəsi zamanı texniki fasilə elan edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Qeyd olunur ki, parlamentin spikeri Şalva Papuaşvili fasilə elan edib, bundan sonra müxalifətdə olan “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadze, “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili, həmçinin partiya liderlərindən biri olan Tina Bokuçava zaldan çıxarılıb.

Aprelin 17-də günortadan sonra Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edən müxalifət tərəfdarlarını etirazları davam etdirməyə və bütün ölkəyə yaymağa çağırıb.

Aprelin 16-da axşam saatlarında Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqdə peyda olduğu bildirilib. Bundan əvvəl etirazçılar polis əməkdaşları ilə davaya başlayıblar.

Ötən gecə Tbilisidə xarici agentlər haqqında qanun layihəsinin qəbuluna qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib. Onun iştirakçıları polis kordonunu yarmağa çalışıblar. 14 etirazçı saxlanılıb, bir polis əməkdaşı yaralanıb.

Son məlumata görə, sözügedən qanun artıq birinci oxunuşda qəbul edilib.

Musavat.com

Seçilən
28
2
Mənbələr
Şərh ()
Bağla