AZ

“ASAN” könüllüsü Pərvanə Hüseynova: Rəssamlığı da sevirəm, rəqqaslığı da- REPORTAJ

“ASAN”

Bakı, 17 aprel, Fidan Əlizadə, AZƏRTAC

Demək olar ki, 4-5 yaşımdan rəsmlə məşğul oluram. Lap erkən yaşlarımdan rənglərlə işləmək mənə zövq verir. Həyatımı al-əlvan rənglərsiz təsəvvür edə bilmirəm. Yetər ki, bunu başa düşüb anlayasan. Vaxtımın çoxunu rəngli karandaşlar və sulu boya ilə keçirirəm.

Rəsm və rəqs qabiliyyətlərinə malik olan, “ASAN xidmət” mərkəzinin könüllüsü Pərvanə Hüseynova bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Pərvanə 2003-cü il sentyabrın 11-də Rusiya Federasiyasının Kostroma şəhərində dünyaya gəlib. Kiçik yaşlarından etibarən evdə kağız üzərində şəkillər çəkən qızcığazın rəsmə olan həvəsinə ailə üzvləri də diqqət və qayğı ilə yanaşıblar. O, məktəbdə də öz istedadı ilə fərqlənən şagirdlərdən biri olub. İştirak etdiyi bir sıra layihə və müsabiqələrin qalibi olub. Rəssamlıqla yanaşı, milli və xarici rəqsləri də uğurla ifa edib.

Hüseynovlar ailəsi Azərbaycana qayıdaraq Bakıda məskunlaşıb. Həmin illəri xatırlayan Pərvanə deyir: “İlk vaxtlar oradakı mühitdən ayrılmaq mənə çətin gəlirdi. Mənə elə gəlirdi ki, yeni mühitə alışa bilməyəcəyəm. Lakin tezliklə hər şey qaydasına düşdü. Təhsil almağa başladığım ilk günlərdən müəllimlər və sinif yoldaşlarımla yaxşı əlaqələrim yarandı. Orta məktəb illərində kurs və dərnəklərə də gedirdim. Burada da bir çox sərgilərdə rəsm əsərlərim nümayiş olunub və maraqla qarşılanıb. Məsələn, “Avropanın dəyərləri” adlı rəsm müsabiqəsi mənim üçün çox uğurlu oldu. Sərgilərdə diplom və sertifikatlara da layiq görüldüm. Ötən ilin əvvəlində 7 saylı “ASAN xidmət” Mərkəzində 2 ay müddətində könüllülük proqramına qoşuldum və bundan sonra mənə həmin mərkəzdə işləmək təklif edildi. Bu həm mənim, həm də ailə üzvlərimin ürəyincə oldu”.

Özünü həm də rəqqaslıqda sınayan Pərvanənin arzusu xalqımızın mədəniyyət beşiyi sayılan Şuşada çıxış etməkdir: “Azərbaycanın hər bir bölgəsi özəl və gözəldir. Lakin həmişə qəlbimdə Şuşaya qarşı sonsuz bir sevgi olub. Şuşanı görməsəm də, xəyalımda və çəkdiyim rəsmlərdə onu canlandırmağa çalışırdım. Çox istəyirəm ki, “Şuşanın dağları” milli rəqsini orada ifa edim”.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayanda Pərvanə Hüseynova rəsm, dulusçuluq, florista, robottexnika təlimlərində iştirak edib. İyirmi yaşlı gənc kompüter kurslarına yazılaraq texnologiyalara da yiyələnməyə çalışıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə irihəcmli əsərlərdən ibarət rəsm müsabiqəsi elan olundu. 200 nəfərədək rəsm həvəskarının iştirak etdiyi müsabiqədə çəkdiyim rəsmlər qaliblər sırasında yer tutdu”.

Bacarıq və istedadı ilə seçilən Pərvanə Daun sindromu daşıdığından da bəhs edib: “Bəzən həmin sindromu olanlara fərqli baxılır. Əvvəllər bunun səbəbini anlamaqda çətinlik çəkirdim, tədricən bunu anlayışla qarşılamağa başladım. Əslində bu, problem yox, fərqlilikdir və mənim üçün əngəl deyil. Daim öz üzərimdə çalışır, ailəmin və doğmalarımın sevinc və qürur mənbəyi olmağa çalışıram. Buna nail olmaq mənim üçün xoşdur”.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla