AZ

Dəli oğlan, yoxsa buyruq qulu? – Samir Adıgözəlli kimdir?

Bəzi insanlar haqqında deyirlər ki, onların “ipinin üstünə odun yığmaq olmaz”. Yəni belələri sabit, proqnozlaşdırıla bilən deyillər, hər zaman bir sürpriz çıxara bilərlər. Məsələn ölkəmizin ictimai-siyasi palitrasına nəzər salarkən, elə personajlarla rastlaşırsan ki, onların iqtidar, yaxud da müxalifət mənsubu olduğunu, dövlətçi, ya da xarici servislərə çalışdığını, əməlisalehmi, dələduzmu olduğunu anlaya bilmirsən. Sonda belə bir qənaətə gəlib çıxırsan ki, onlar əməlli-başlı hamıdan, hər şeydən öz mənfəəti üçün istifadə edən kəslərdir.

Səhər dövlət başçısını, günorta müxalifət liderini, axşamsa İran mollasını vəsf edə bilər. Bir balaca səlahiyyət əldə edərlərsə, dərhal bahalı maşın, qorumalar, məclislərdə yuxarı başda olarlar. Quyruğunu basarsansa, əfi ilan kimi gələni də çalar, gedəni də.

Samir Adıgözəlli adlı bir kəs var, nə işlə məşğul olduğu, kimə xidmət etdiyi bəlli deyil. Həmin fikirləri onun haqqında da söyləmək olardı. Amma Samirin fəaliyyətindəki xaotikliyin arxasında sanki bir nizam, yönəldici bir əl var.

S.Adıgözəlli 1976-cı ildə Naxçıvan MR Ordubad şəhərində anadan olub. Özünü “böyük millət”, dövlət və xalq təəssübkeşi kimi qələmə versə də, hərbi xidmətdə belə olmayıb.  

Adam partiya mənsubiyyətini 50 dəfə dəyişəndən sonra öz partiyasını yaratdı, eyni zamanda QHT fəalıdır, diaspor işi ilə məşğuldur, siyasi mərkəz qurub, qəzet buraxır, sayt işlədir, bütün mitinqləri gəzib-dolaşıb, sosial mediada hansı profilə baxırsan, oradan boy göstərir, kiçik saytlarda beynəlxalq siyasətdən tutmuş ginekologiyaya kimi hər şeydən danışır. Özü də elə danışır ki, elə bil Baydeni ABŞ prezidenti bu seçdirib, Putinlə “sən öl”, “mən ölüm”lə danışır, Makronu bir telefon zəngi ilə istefaya göndərə bilər. İki gündən bir gah Moskvadan, gah İstanbuldan, gah da Avropa ölkələrinin birindən şəxsinə ciddi poz verib şəkillər paylaşması da insanlarda onun haqqında “önəmli fiqur” təəssüratı yaratmaq üçündür.

Azərbaycana gəldikdə, qapı-qapı gəzib, əzilib-büzülüb pul yığmaqdan tutmuş, hədə-qorxu və şantajla imkanlı şəxslərin cibinə girməyə kimi ürək rahatlığı ilə nə gəldi, edir. Zatən sadaladığımız bütün fəaliyyət istiqamətləri də bu işi maneəsiz görmək üçün vasitələrdir.

2022-ci il aprelin 4-də Vətəndaş Həmrəyliyi partiyasının saytında Samir Adıgözəllinin ünvanına təbrik yerləşdirilib. Orada deyilir: “O, gənc yaşlarından siyasi həyata atılıb və Azərbaycanda ən gənc partiya sədri olub. Samir Adıgözəlli jurnalistika ilə də məşğul olub. Onun buna qədər olan mənalı ömrü Azərbaycan dövlətçiliyinin qorunması, milli maraqlarımızın müdafiəsinə həsr edilib. Samir Adıgözəlli eyni zamanda Azərbaycan diasporunun fəaliyyətində də yaxından iştirak edir. O, Dünya Azərbaycanlıları Konqresi aparat rəhbəri və İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi sədridir”.

Samir Adıgözəlli siyasi fəaliyyətə cəbhəçi kimi başlayıb və kimliyi, siyasi arenada çəkisi heç bir önəm kəsb etməsə də, hazırkı hakimiyyəti ən sərt şəkildə linç edənlər sırasında boy verməyə çalışıb.  Özünü qatı elçibəyçi kimi qələmə verən S.Adıgözəlli həmin dövrdə Heydər Əliyevi sərt tənqid edən dərnəklərdə fəallığı ilə seçilib. Bu fəallığına görə ona “Gənclik” metro stansiyasının yaxınlığında bir avtomobil dayanacağı da veriblər ki, pul yığıb həm başının üstündəkiləri görsün, həm də özü dolansın.

Daha sonra məqaləmizin “qəhrəmanı” Azərbaycan Milli İstiqlal Partiyasının sıralarında, Etibar Məmmədovun yanında lövbər salaraq qurumun gənclər təşkilatında fərdi istedadlarını nümayiş etdirməyə çalışıb. 1998-ci ildə AMİP-in qurultayında Qurani-Kərimi əlinə götürərək Etibar Məmmədovu səhnəyə dəvət edib və “eşq olsun, Azərbaycan Respublikasının prezidenti Etibar Məmmədova!”  deyib. Həmin ilin seçkilərində bütün müxalifət kimi, AMİP-çilərin də arzusu ürəyində qaldıqdan dərhal sonra S.Adıgözəlli “prezidenti” ilə yollarını ayırıb.

Təbii ki, Samirin AMİP-dən ayrılması heç də siyasi baxışları ilə bağlı olmayıb. Əvvəlcə müstəqil fəaliyyətə keçməyin zamanı gəldiyini düşünən S.Adıgözəlli 1998-ci ildə, seçkilərdən dərhal sonra Böyük Millət Partiyası adlı qurum yaradır. Lakin partiya qeydiyyata alınmadığına görə bu sahədə normal fəaliyyət qurmağın mümkün olmadığını görən sədr öz xislətinə uyğun iş üslubuna keçərək ikitərəfli oynamağa başlayır. Bir tərəfdən müxalifətin yanında olduğu görüntüsü yaradaraq antiiqtidar cəbhəsində fəallıq nümayiş etdirir, digər tərəfdən də bu düşərgədə baş verənləri, məxfi danışıqları hakimiyyət mənsublarına ötürür. Bir müddət sonra Adıgözəllinin ikili fəaliyyəti ifşa olunur və ona agent damğası vurularaq müxalifət birliklərindən uzaqlaşdırılır.

Məhz bu biabırçı ifşadan sonra S.Adıgözəlli siyasi perspektivinin olmadığını düşünərək daha pullu bir yerlə əlaqə qurur və siyasi fəaliyyətinə ictimai çalar qatmağa başlayır. Yəqin ki, onu tanıyanlar 2000-ci illərin əvvəllərində cangüdənlərlə hərəkət etdiyini, çayxanalarda alovlu nitqlər söylədiyini, qəzetlərə bəyanatlar ötürdüyünü unutmayıblar. Onun yeni fəaliyyətinə istiqamət verən şəxs isə hamının tanıdığı rusiyalı iş adamı Füzulu Məmmədov (Frenk Elkapone) olub. Samir F.Məmmədovdan müxtəlif adlar altında pul qopararaq şəxsi işləri üçün xərclədiyindən, oradan da biabırçılıqla qovulub.

Samir Adıgözəllinin “ictimai-siyasi fəaliyyəti” haqqında yetərincə biabırçı, üzqaraldıcı faktlar və məqamlar sadalamaq olar. Onun “Böyük millət” qəzeti təsis edib reketçiliklə məşğul olması, müxtəlif şəxslərə şər-böhtan atması, 2004-cü ildə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovu təhqir etdiyinə görə ilə AR CM-nin 147.2 və 148-ci maddələrinə əsasən məhkəmənin qərarı azadlıqdan məhrum olması, Azərbaycan Prezidentinin 2006-cı il 21 oktyabr tarixli Əfv Fərmanına əsasən azadlığa çıxdıqdan sonra bir tərəfdən özünü təqsirli hesab etməməsi, o biri tərəfdən də Abel müəllimdən üzr istəməsi bu insanın nə dərəcədə mənəviyyatsız və ikiüzlü birisi olduğunu aydın göstərir. Yaxud 2005-ci ildə ölkədə demokratik mühiti tərifləyərək parlament seçkilərinə qatılan Samir Adıgözəllinin deputat seçilə bilmədiyinə görə, seçkilərin nəticələrini tanımadığını və seçki prosesini sərt tənqid etməsini ikiüzlülük və riyakarlıq adlandırmayaq, nə adlandıraq? Üstəlik, onun barəsində 2006-cı il iyunun 10-da Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə (dələduzluq) cinayət işi açılıb, Milli Məclisin 2007-ci il 08 may tarixli Amnistiya haqqında qərarına əsasən azad olunub. Hazırda Nizami rayon Məhkəməsinin icraatında olan məhkəmə işinə əsasən üzərində ödənilməmiş 6675 AZN var.

Bu fərd hansı qurumla əlaqə qurubsa, harada olubsa, oranı intriqa yuvasına çevirib, qalmaqalların sayı-hesabı olmayıb. Böyük Millət partiyasını o vaxtkı ikinci iqtidar partiyası adlandırılan və Məmməd Əlizadənin rəhbərlik etdiyi Demokratik Azərbaycan Dünyası Partiyasına birləşdirib sədr müavini və mətbuat xidmətinin rəhbəri olduqdan sonra ikitirəlik və qalmaqallardan yaxa qurtara bilməyən DADP üzü aşağı yuvarlanmağa başladı. Təbii ki, bu prosesi S.Adıgözəllinin müstəsna xidməti kimi səciyyələndirmək olmaz, DADP-nin süqutunun daha dərin səbəbləri vardır. Amma bu qurumun sonda parçalanması və fəaliyyətini dayandırmasında onun da xidmətləri az deyil. S.Adıgözəlli partiyadan çıxdığını bəyan etsə də, məsələləri izləyənlər onun qurumdan konkret şəkildə qovulduğunu yaxşı bilirlər.

Dünya Azərbaycanlıları Konqresində çalışarkən dünyanı gəzən S.Adıgözəlli diaspor fəaliyyətini xaricdə yaşayan imkanlı azərbaycanlılarla əlaqə qurub maddi vəziyyətini yaxşılaşdırmaq vasitəsi hesab etdi. Adam 2003-2005-ci illərdə 50 dəfədən artıq Türkiyəyə, 31 dəfə Gürcüstana, 4 dəfə Belarusa, 2 dəfə Çexiyaya, 31 dəfə Rusiyaya, 2 dəfə Macarıstana, 20 dəfə Ukraynaya səfər edib. Bu dövrdə o, cibinə pul qoyan soydaşlarımızı təriflədi, bunu etməyənləri isə top atəşinə tutdu. Ara-sıra da Diasporla İş üzrə Dövlət Komitəsindən nələrsə qoparmaq üçün bu qurumu bacardığı qədər şantaj etdi.

Hətta iş o yerə çatdı ki, 2014-cü ildə tarixçi-alim Vaqif Arzumanlı vəfat etdikdən sonra onun təsis etdiyi İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırma Mərkəzini (İSBAM) mənimsədi. Maraqlıdır ki, V.Arzumanlının oğlu belə S.Adıgözəllinin reyder əməliyyatına səsini çıxartmadı.

İnternetdə S.Adıgözəlli haqqında geniş bir məqalədə qeyd edilmişdi ki, “uzun müddət aptek, yeməkxana və s. ictimai iaşə obyektlərinə patronajlıq edən bu şəxsin vergidən yayınması üçün atdığı addımları, kimlərdən nələr xahiş etməsini, icra hakimiyyətlərindən şantajla tələb etdiyi torpaq sahələrini, ona dəstək verən digər QHT sədrlərinin adları da çəkə bilərik. Amma bunlarla istintaq məşğul olsa, yaxşıdır”. Tam dəqiq ifadə olunmuş sözlərdir. Həqiqətən də, aidiyyəti orqanlar onun fəaliyyəti ilə maraqlanmalı və bütün yaramazlıqlarını üzə çıxararaq layiqli cəza verməlidirlər.

Bu insan o qədər yalan danışır, öz personasını böyütmək və ya pis əməllərinə bəraət qazandırmaq üçün o qədər uydurma yayır ki, Qərbin milyonlar xərclənən dezinformasiya laboratoriyalarını belə geridə qoyur. 2023-cü il yanvarın 26-da yayılan məlumatda deyilir: “İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli bu gün Rusiyanın Moskva şəhərinin “Şeremetevo” hava limanında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Samir Adıgözəlli bildirib ki, ona saxlanmasının səbəbini Rusiyanın xüsusi xidmət orqanlarının xüsusi göstərişinin olması ilə izah ediblər”.

S.Adıgözəllidən soruşmaq lazımdır, sən kimsən ki, Rusiyanın xüsusi xidmət orqanları səninlə belə yaxından maraqlansın. Adamın üzü gəlmir desin ki, Rusiyada qanun pozuntusuna görə onun ölkəyə girişinə qadağa qoyulub və elə bu səbəbdən də Moskvaya gəldiyi günü səhəri – yanvarın 27-də deport edilib.

2024-cü il martın 22-də yayılan digər xəbərə nəzər yetirək: “QHT sədri (İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi) Samir Adıgözəlli Türkiyədə vəhşicəsinə döyülüb. Zərərçəkən şəxs aldığı xəsarətlərə görə bir müddət müalicə alıb. S.Adgözəlli iddia edib ki, o, ictimai fəaliyyəti ilə bağlı fiziki təzyiqə məruz qalıb”. Məsələnin başqa bir təfərrüatının olduğunu iddia edənlər də var. Bildirilir ki,  S.Adıgözəlli Türkiyədə kimlərisə şantaj edib və araşdırma üçün İstanbula dəvət olunub. Qapalı bir görüşdə o, təhqir edilib, aşağılanıb və bütün proses videoya çəkilib. Bundan sonra Facebook hesabını bağlayan Samir döyüldüyü xəbərini yayıb.

Bütün bunlarla yanaşı, S.Adıgözəllini tanıyan şəxslər bildirirlər ki, onun geniş çevrəsi var, müxtəlif vəzifəli şəxslərlə müntəzəm əlaqə saxlayır, onlarla görüşür. Bu şəxslər arasında məmurlar, icra başçıları, Milli Məclisin deputatları, şirkət rəhbərləri və s. var. Diqqət çəkən əsas məqamlardan biri də S.Adıgözəllinin Prezident Administrasiyasına qədər gedib çıxan kontaktlarıdır. Əldə etdiyimiz məlumata görə, o Administrasiyanın QHT-lərlə iş və kommunikasiya şöbəsində QHT-lərlə işə məsul olan sektorun sabiq müdiri Vüsal Quliyevlə müntəzəm əlaqə saxlayıb. Düzdür, PA ilə əlaqə saxlamaq, şikayət etmək, təklif vermək hər bir vətəndaşın haqqıdır. Amma 2023-cü ildə Samir Adıgözəlli, Esmira Orucova, Mətanət Əsgərqızı, Maral Qocaman və özlərini QHT rəhbəri kimi qələmə verib əslində isə QHT-lərə üzqarası olan bir neçə şəxs sosial mediada Prezident Administrasiyasına, QHT Agentliyinə qarşı qarayaxma kampaniyası aparanda, hədyanlar, təhqirlər yağdıranda, həmçinin PA-nın qarşısında qalmaqal yaratmağa çalışanda,  təkcə S.Adıgözəlli və Vüsal Quliyev arasında 60 dəfədən çox telefon əlaqəsi olub. Digərləri V.Quliyevlə neçə dəfə əlaqə saxlayıb, ara qarışdırmaq üçün ondan hansı instruksiyalar alıblar, bəlli deyil. Hazırda V.Quliyevin işdən çıxarıldığı deyilir. Buna baxmayaraq, bir il öncə baş vermiş bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Eyni zamanda, S.Adıgözəllinin heç bir əndazəyə sığmayan əməllərinin pərdəarxası araşdırılarsa, bu faktor da diqqətdən qaçırılmamalıdır.

S.Adıgözəllinin Rauf adlı qardaşı radikal vəhabidir (xəvaric). Əvvəllər  “Trust-S.S.” MMC-də mühafizəçi işləyən Raufun sonradan Suriyaya yollanaraq döyüşlərdə iştirak etdiyinə dair məlumatlar var. Onun 2019-cu ildən Türkiyədə yaşadığı, kriminal aləmlə yaxın olduğu və “razborkalarda” fəal iştirak etdiyi deyilir.

Kimin necə düşünməsindən asılı olmayaraq, S.Adıgözəllinin fəaliyyətini araşdırdıqca, sanki hansısa bir qüvvənin onu desant kimi müxtəlif qurumların, şəxslərin üzərinə yönəltdiyi təəssüratı yaranır. Yönəldicilər bilirlər ki, etik normalarla hesablaşmayan birisi istənilən murdar işi canla-başla yerinə yetirəcək. Kimsə də ondan hesab sormayacaq, çünki “dəlilik bileti” var. Amma hər şeyin əndazəsi də var. Samir artıq bütün “qırmızı xətləri” keçib. Cavab vaxtıdır.

KONKRET.az Analitik Qrupu

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla