AZ

"Ailəsini, yaşlı ata və anasını..." - “TikTok”da qeyri-etik paylaşım edənlərlə bağlı AÇIQLAMA

Bir neçə gündür sosial şəbəkələrdə, xüsusilə “TikTok”da cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Ötən gün “TikTok”da məşhurlaşan Adəmin atası, keçən həftə digər tiktokerlərin həbs edilməsi bu prosesə nümunədir.

 

Maraqlıdır, bu cür tədbirlər istənilən effekti verə biləcəkmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı deyib ki, pul qazanmaq niyyəti ilə öz övladını, ailəsini, yaşlı ata və anasını canlı yayıma çıxaran, etik olmayan davranışlar və söhbətlər edən şəxslərin sayı getdikcə artır:

 

“Övladını canlı yayımda nalayiq ifadələr işlətməsinə sövq edən, müxtəlif qeyri-etik hərəkətlər etməyə vadar edən valideynlər əksər hallarda məsuliyyətdən yaxa qurtarmağı bacarır. Hətta məsuliyyətə cəlb olunsa belə, cüzi cərimə, yaxud xəbərdarlıq olunmaqla sərbəst buraxılır. Düşünürəm ki, bu sahədə cəzaların sərtləşdirilməsi, artırılmasına ehtiyac var ki, bəzi valideynlər övladlarını nəyə vadar etdiyini, onların hüququnu necə pozduğunun fərqinə varsın”.

 

Müsahibimiz xatırladıb ki, son olaraq bir tiktokerin 30 sutka həbs edilməsinin şahidi olduq:

 

“Bu adam daha əvvəl cərimə olunsa da, övladını canlı yayıma çıxarıb və etik olmayan danışıqlara yol verdiyi üçün həbs edilib. Həbsdən sonra davranışı necə olacaq, bunu yaşayıb görəcəyik. Amma cəmiyyətimizdə onlara bu qədər hədiyyə, pul göndərən əbləhlər olduqca bu xəmir hələ çox su aparacaq”.

 

Günay

Seçilən
61
50
Mənbələr
Şərh ()
Bağla