AZ

ABŞ və Avropa İttifaqı Ermənistana nə vəd edib? – Deputatdan REAKSİYA

“Avropa İttifaqı ilə ABŞ tərəfindən Ermənistana dəstək vermək niyyəti və bu istiqamətdə həyata keçirilən çalışmalar bundan sonra da davam edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

O, Ermənistan ordusunun modernləşdirilməsi üçün Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən verilməsi gözlənilən mühüm dəstəkdən söz açıb.

BQP liderinin fikrincə, bu bizi hər hansı bir şəkildə nə qorxutmalıdır, nə də müəyyən dərəcədə diqqətsiz saxlamalıdır.

“Biz özümüz öz müdafiə və müəyyən dərəcədə modernləşmə istiqamətində çalışmalarımızı artırmalıyıq. Çünki bütün hallarda bizi bu bölgədə bu cür qonşularla hələ də xoşbəxt həyat vədi gözləmir. Hər bir situasiyaya hazır olmalıyıq. Bu baxımdan, biz də öz hərbi doktrinamızı təkmilləşdirərək, yeni dövrün şərtlərinə uyğun hazırlıq prosesini artırmalıyıq. Çünki müharibə riski istənilən vaxt var və ABŞ ilə Aİ-nin Ermənistana olan dəstəyi bu məsələdə kifayət qədər təsiredici amil ola bilər”, – deyə o bildirib.

Deputat əlavə edib ki, bu həm də Ermənistanı Rusiyaya qarşı hazırlamaq niyyəti güdür və Rusiyaya müqavimət baxımından Ermənistan üzərindən bu siyasətin yeridilməsi nəzərdə tutulur.

“Ona görə də bizim bu məsələdə yeganə olduğumuzu demək düzgün olmaz. Əksinə, bu, Ermənistanı Rusiyanın cəngindən qurtarmaq səyləri ilə yanaşı, həm də İrəvan-Moskva münasibətlərinin gərginləşməsinə gətirib çıxaracaq. Hər halda, bu situasiyadan istifadə etməyi bacarmalı və öz mövqelərimizi möhkəmlətmə baxımından ciddi işlər görməliyik”, – deyə o vurğulayıb.

Xatırladaq ki, “Caliber” nəşrinin iddiasına görə, aprelin 5-də ABŞ və Avropa İttifaqı Ermənistan silahlı qüvvələri üçün yeni doktrina hazırlamağı və ordusunda islahatlar aparmağı öhdəsinə götürüb. O cümlədən, ABŞ İrəvana Strateji Müdafiə İcmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrinanın hazırlanmasına ekspert dəstəyi verəcək. Aİ isə Ermənistana Azərbaycanla sərhəddə müdafiə infrastrukturunun, o cümlədən mühəndis istehkamlarının yaradılmasında yardım edəcək.

Rafi Müslümov

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla