AZ

“İran belə manevr edərək İsrailin HHM sistemlərinin çaşdırmaq istəyib” - Hərbi ekspert

İran İsrailə cavab vermək üçün raketlərdən və PUA-lardan istifadə etdi. Amma burada maraqlı məqam bundan ibarətdir ki, PUA-lar İsrailə çatmaq üçün İrandan 6 saat yol qət ediblər. Müasir silahların olduğu dönəmdə bu qədər uzun məsafəli uçuş əməliyyatı keçirmək nə qədər məntiqlidir? Bu hərbi baxımdan nə dərəcədə effektiv ola bilərdi? Ümumiyyətlə, bu cür həmləni hərbi cəhətdən necə qiymətləndirmək olar?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Herbiand.az-a bildirib ki, bizim cənub qonşumuz olan İran dövləti Yaxın Şərqdə yerləşən İsrailə qarşı qisas əməliyyatı həyata keçirdi və böyük həcmdə pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlər buraxıldı:

“İranın ərazisi böyük olduğuna görə PUA-lar İsrailə 6-7 saat uçduqdan sonra çatdı. Burada təkcə PUA-lar olsaydı hücumun heç bir effekti olmazdı. Onların hamısını yolda məhv etmək mümkün idi. Çünki PUA-lar bir neçə dövlətin üzərindən uçurdu, eyni zamanda sürəti aşağı, məsafə də uzaq idi. Məsələn, Ukrayna da ruslara verilən kamikadze PUA-ları çox effekt verdi və müharibənin teatr səhnəsini demək olar ki, rusların xeyrinə dəyişdi”.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, İran silahlı qüvvələri - SEPAH bu hücumda hiylə işlədərək başqa addım atdı:

“Ballistik və qanadlı raketlər İrandan İsrailə 6 dəqiqlik müddətə uçuş həyata keçirir və hədəfləri məhv edə bilir. Həmin PUA-ların 6 saat uçduqdan sonra İsrailə çatmağına dəqiqələr qalanda isə ballistik raketlər buraxıldı. Bununla İran belə manevr edərək İsrailin Hava Hücumundan Müdafiə sistemlərinin çaşdırmaq istəyib. İran bu hücumda 170 ədəd PUA, 130 ədəd ballistik raket və 30 ədəd qanadlı raketdən istifadə etdiyini bildirdi. Bu raketlərin hamısı eyni anda əraziyə daxil olsaydı və Böyük Britaniya, ABŞ, İordaniya yardım etməsəydilər İsrail ərazisində çox hədəflər məhv edilərdi. Çünki İsrail təklikdə bu qədər hücumu bəlkə də dəf edə bilməzdi və ərazisində daha çox dağıntılar olardı. Ancaq həmin dövlətlərin köməyi sayəsində belə olmadı. Ümumiyyətlə, İranın hücum effektini görmədik. Bu hücum zəif oldu, çünki məsafə uzaq idi. PUA-ların çoxu 6 saat yol qət etdiyinə görə İsrailə çatmamış məhv edildi. İsrail Silahlı qüvvələrinin Baş qərargah rəisi də bildirdi ki, raketlərin 99 %-i məhv edilib. Yalnız 7 raket hədəfə çatıb ki, bu da cüzi ziyan vurub. İran həmçinin, PUA-ların 6 saat uçduqdan sonra İsrailə çatmasına 6 dəqiqə qalanda raketləri bilərəkdən buraxmaqla çaşdırıcı manevr etməklə bərabər həm də daha çox ziyan vurmaq istəyib. Ancaq İsrail Böyük Britaniya, ABŞ və İordaniyanın yardımı ilə bu hücumun 99 %-nin qarşısını aldı. Bu isə böyük uğurdur. Düzdür, İran tərəfi bildirir ki, öz istəklərinə çatıblar. Lakin İsrail hücumun qarşısını almaq üçün 1 milyard dollardan çox maliyyə xərclədi ki, bu da böyük məbləğdir. Təbii ki, burada Hava Hücumundan müdafiə sistemlərindən və digər resurslardan istifadə olundu”.

Rövşən Məhərrəmov qeyd edib ki, indi İsrailin buna cavab verib-verməyəcəyi sualı yaranıb:

“İranın BMT-dəki nümayəndəsi İrəvani bildirdi ki, biz artıq hücumu dayandırdıq və qisasımızı aldıq. Lakin lazım olsa bundan da ağır zərbələr endirə bilərik. Ancaq İsrailin hərbi kabineti artıq bir neçə dəfə iclas keçirib və baş qərargah rəisi bildirdi ki, İrana cavab vermək üçün hazırlıq gedir və mütləq formada İrana zərbələr endirəcəyik. Güman edirəm ki, böyük həcmdə raketlər buraxılmayacaq. İsrail ərazisində nə qədər hədəf vurulubsa o qədər hədəf də İranın ərazisində vurula bilər. Bəlkə də daha çox. ABŞ bu hücumların dayandırılması ilə bağlı İsrailin baş naziri ilə danışıqlar apardı. ABŞ prezidenti Cozef Bayden də bu barədə açıqlama verdi ki, vəziyyət gərginləşməsin. Lakin digər tərəfdən ABŞ təyyarədaşıyan gəmilərini Aralıq dənizinə göndərir. Baxmayaraq ki, həmin istiqamətdə donanması yerləşir. Bu isə müəyyən şübhələr yaradır. Ola bilsin ki, İran üzərində hansısa əməliyyat keçirilə bilər. Güman edirəm ki, İsrail İrana cavab verəcək”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla