AZ

FHN paytaxtın Suraxanı rayonundakı 84 nömrəli məktəbdə təlim keçirib

Bakı, 17 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə paytaxtın Suraxanı rayonundakı A.Muradov adına 84 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə FHN-nin, Bakı şəhəri üzrə Təhsil idarəsinin və rayon icra hakimiyyətinin məsul vəzifəli şəxsləri və məktəbin kollektivi iştirak ediblər.

Əvvəlcə təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları məktəb kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş məktəbdə təxliyə planına uyğun olaraq, şagirdlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış məktəblilərə “ilkin yardım göstərilib”.

Həmçinin ehtimal edilən “partlayıcı maddənin tapılıb zərərsizləşdirilməsi” üçün hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itlərlə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat zamanı məktəbin meydançasında şərti sahibsiz şübhəli əşya qismində bağlama aşkarlanıb. Müayinə nəticəsində çantanın içində “partlayıcı maddə”nin olması təsdiqlənərək yerində zərərsizləşdirilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, belə tədbirlər FHN tərəfindən paytaxtda və regionlarda mütəmadi təşkil olunur.

 

 

Seçilən
66
15
Mənbələr
Şərh ()
Bağla