AZ

Sülhməramlıların Qarabağdan getməsi növbəti uğurumuzdur - Ekspert

Rusiya sülhməramlılarının ölkəmizi tərk etməyə başlaması İkinci Qarabağ müharibəsindən, o cümlədən Qarabağda separatizmə son qoyduqdan sonra növbəti uğurumuz sayıla bilər.

Modern.az-ın məlumatına görə, bunu siyasi ekspert Elxan Şahinoğlu Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə dair yayılan xəbərləri şərh edərkən deyib.

“Rusiya sülhməramlıları 2020-ci ilin noyabr ayında Qarabağa daxil olanda onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi var idi. Bu təhlükə ötən ilin sentyabr ayında Qarabağı tam nəzarətə götürməmizlə ortadan qalxdı və rusiyalı hərbçilərin ərazimizdə fəaliyyətini davam etdirmələri üçün heç bir əsas qalmadı. Buna baxmayaraq, bəziləri məsələyə yenə şübhəylə yanaşır, “Rusiya daxil olduğu yerdən çıxmır” kimi fikirlər səsləndirirdilər. Halbuki, Azərbaycanın yaxın tarixində Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var:
1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılmış, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırmışdı”.

E.Şahinoğlu deyib ki, bu iki nümunədən çıxış edərək Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyi ehtimalı yüksək idi.

“Doğrudur, Kreml hərbi kontingentinin çıxarılmaması üçün müxtəlif bəhanələr axtarırdı, gah ermənilərin geri qayıdacağını deyir, gah da minatəmizləmə fəaliyyəti ilə məşğul olacaqlarını bildirirdilər. Minatəmizləmə işi ilə peşəkarlar məşğul olur, bunun üçün aylarla kurslar keçirilir, sıravi hərbçilərin bu işlə məşğul olmaları təhlükəlidir. Maraqlıdır ki, Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasından bir gün əvvəl Dövlət Dumasının ermənipərəst deputatı, komitə sədrinin müavini Konstantin Zatulin açıqlamasında bildirmişdi ki, Rusiya hərbi kontingentinin Qarabağda fəaliyyətinə ehtiyac qalmayıb. Demək, onun Kremldəki qərardan əvvəlcədən xəbəri olub. Doğru qərar veriblər”, - siyasi şərhçi deyib.

Seçilən
22
2
Mənbələr
Şərh ()
Bağla