AZ

Erməni yalanı BMT Ədalət Məhkəməsində

“Ermənistan Azərbaycana qarşı” məhkəmə işi üzrə 19 aprelədək, “Azərbaycan Ermənistana qarşı” məhkəmə işi üzrə isə aprelin 22-dən 26-dək ictimai dinləmələr keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyaya əsasən “Ermənistan Azərbaycana qarşı” məhkəmə işi üzrə aprelin 15-dən 19-dək, eyni iddia əsasında “Azərbaycan Ermənistana qarşı” məhkəmə işi üzrə isə aprelin 22-dən 26-dək ictimai dinləmələr keçiriləcək. Bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin rəsmi internet saytında məlumat yayılıb.

Xatırladaq ki, 2021-ci il sentyabrın 16-da Ermənistan Azərbaycana qarşı, 2023-cü il aprelin 21-də Azərbaycan Ermənistana qarşı ilkin iddia qaldırıb.

“Azərbaycan əraziləri 1991-1994-cü illərdə Ermənistan tərəfindən qeyri-qanuni zəbt edilib və BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələri pozularaq 30 ildən artıq  işğal altında qalıb”.

Bunu Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı keçirilən dinləmələrdə xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.  Xarici işlər nazirinin müavini Ermənistanın 22-ci maddə üzrə öhdəliklərinə əməl etmədiyini bəyan edərək, Beynəlxalq Ədalət Məhkəməsinə etdiyi müraciətin rədd edilməli olduğunu qeyd edib. Bundan əlavə, nazir müavini deyib ki, Ermənistanın üçüncü müraciəti bu konvensiyanın yurisdiksiyasına aid deyil və bu, iddianın mahiyyəti üzrə rədd edilməsini tələb edir. Onun sözlərinə görə, 22-ci maddə o deməkdir ki, mübahisə danışıqlar yolu ilə həll olunmazsa, məhkəməyə verilə bilər.

Xarici işlər nazirinin müavini bildirib ki, Ermənistanın üçüncü şikayətində hərbi münaqişə zamanı erməni əsgərlərinə, hərbi qulluqçularına və mülki şəxslərə qarşı pis rəftarla bağlı əsassız ittihamlar yer alıb və Azərbaycan bunu qəti şəkildə qəbul etmir. 

“Bu məsələlər İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyaya əsasən məhkəmənin yurisdiksiyasına daxil deyil”, - nazir müavini bildirib.

E.Məmmədovun sözlərinə görə, Azərbaycan bütün məhbus və hərbi əsirlərin demək olar ki, hamısını Ermənistana qaytarıb, ağır cinayətlərdə təqsirləndirilən şəxslərin yalnız bir neçəsi həbsdədir və ya onlar barəsində istintaq aparılır.

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır. 1945-ci ilin iyununda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi ilə yaradılıb və 1946-cı ilin aprelində fəaliyyətə başlayıb. Məhkəmə Baş Assambleya tərəfindən doqquz il müddətinə seçilən 15 hakimdən ibarətdir.

Dinləmələrin əhəmiyyəti və verdiyi qərarlar nə ola bilər?

Kamran

Kamran Bayramov

Deputat Kamran Bayramov “Yeni Müsavat”a dedi ki,   ictimai dinləmələrin keçirilməsi əslində Azərbaycan tərəfinin ermənilərin iç üzlərini açması üçün fürsətdir:  “Erməni həyasızlığının son həddidir ki, öz ərazisindən 200 mindən artıq soydaşımızı qovasan, sonra Azərbaycanın ərazilərinin təxminən 20 faizini işğal edib insanları əsir götürəsən, öldürəsən və nəticədə bir milyona yaxın insanı qaçqın halına salasan. Sonra da həyasızcasına Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham etmək üçün cəhdlər edəsən. Dinləmələrdə Azərbaycanı təmsil edəcək rəsmilərin əllərində kifayət qədər sənədlər, arqumentlər, faktlar var ki, Ermənistanı insanlıq əleyhinə fəaliyyətdə ittiham etsinlər, irqi ayrı-seçkiliyin başında məhz onların durduğunu göstərsinlər”.

Deputat diqqətə çatdırdı ki, Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan tərəfinin qaldırdığı iddia qabaqdangəlmişlikdən və riyakarlıqdan savayı bir şey deyil: “Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə etnik təmizləmə, o cümlədən qəsdən həyat və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlayıb. İstənilən halda dinləmələrin Azərbaycan tərəfinin şikayətinin daha əsaslı və reallığı əks etdirən faktlarla müşayiət olunacağı şübhəsizdir. Ermənilərin isə Azərbaycanı ittiham edən şikayətinin şər-böhtan olmasını prosesləri az-çox bilən istənilən beynəlxalq mütəxəssis yaxşı bilir. Ancaq təəssüflər olsun ki, xaricdə, o cümlədən BMT institutlarında müəyyən güclər var ki, onlar Azərbaycanı ittiham etmək üçün hər zaman müxtəlif səbəblər axtarışındadırlar və o səbəbdən ermənilərin yalanlarından belə istifadə edə bilərlər. Amma mövqelərimiz və sübutlarımız kifayət qədər güclü, tutarlı və aydın olduğundan belə dinləmələrlə heç nəyə nail ola bilməyəcəklər. Yalançı iddiaları irəli sürməkdə Ermənistanın məqsədi odur ki, gələcəkdə onları gözləyən ağır aqibətdən yayınsınlar. Çünki gözəl başa düşürlər ki, Ermənistan günlərin birində Beynəlxalq Ədalət Məhkəməsində törətdiyi bütün cinayətlərə görə cavab verəcək və təzminat ödəyəcək. Bu səbəbdən də Ermənistan qabaqdangəlmişlik edərək prosesləri önləməyə çalışır. Amma alınmayacaq! Qanundan və ədalətdən qaçış yoxdur! İnanıram ki, tezliklə Azərbaycan bütün cəbhələrdə olduğu kimi, yenə də Zəfər qazanacaq”.

Azərbaycan

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bunun özünü Azərbaycan üçün bir təbliğat hesab edir: “Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinə həm Ermənistanın, həm də Azərbaycanın müraciətləri hər iki tərəf üçün prinsipal olmaqla diqqət mərkəzində olub. Ən əsası bu müraciətlərin daxil olduğu məhkəmənin özündə belə narahatlıq hökm sürür. Belə ki, 32 il əvvəl Azərbaycan ərazilərini işğal etmiş, insanları qətlə yetirmiş, ölkənin 20 faiz ərazisində etnik təmizləmə aparmış, götürdüyü minlərlə əsirin bir çoxunu fiziki olaraq məhv etmiş Ermənistan öz ərazilərini azad etdiyinə görə gülünc və saxta ittihamlarla Azərbaycanı məhkəməyə verir və hakimlər çıxılmaz vəziyyətdə qalır. Əgər kənardan siyasi məqsədlərdən dolayı məhkəməyə təzyiqləri görməyəcəyiksə, eyni zamanda işə baxacaq hakimlərin mövqeləri erməni tərəfində olmayacaqsa, o zaman hər iki tərəfin müraciətinə ədalətli qaydada baxıla və Azərbaycanın müraciətinə ümumilikdə müsbət cavab verilə bilər. Amma hazırkı durumda həm erməni təəssübünü çəkən böyük güclər olduğundan eyni zamnda Azərbaycanı regionda apardığı müstəqil siyasətdən dolayı cəzalandırmaq istəyənlər müxtəlif vasitələrlə məhkəməyə təzyiq etməyə çalışacaqlar. Amma nə qədər təzyiqlər olsa da düşünürəm ki, ortada 28 illik işğal faktorunu kənara qoyub Azərbaycanla bağlı neqativ qərar qəbul etmək asan olmayacaq. Həmçinin Azərbaycanın sübut və faktlarla təqdim etdiyi analoji müraciətə də göz yuma bilməzlər və vəkillər bütün vasitələrlə həmin müraciətin müdafiəsinə çalışacaqlar. Ermənistanın müraciətinə bizim müraciətdən bir neçə gün qabaq baxılacaq. Amma hər iki tərəfin müraciəti ilə hakimlər öncədən tanış olduğundan və Azərbaycan tərəfinin təqdim etdiyi sənədlərin daha tutarlı, etibarlı olduğunu bildiklərindən Ermənistanın müraciətini təmin edəcəklərinə inanmıram. Təəssüf ki, Azərbaycanın da müraciətinə ədalətli baxılacağına inamım azdır. Amma məhkəmə hər iki tərəf üçün tövsiyə xarakterli hansısa rəylərini verə bilər. Hansı ki, bu bizim üçün ədalətsiz mövqe kimi qəbul olunacaq. Amma hesab edirəm ki, belə məhkəmələr gələcəkdə hələ çox olacaq və Azərbaycan tərəfi bütün istiqamətlər üzrə şikayət və müraciətlərini yenə də edəcək”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Seçilən
86
50
Mənbələr
Şərh ()
Bağla