AZ

“Ermənistanın üzvlüyü ilə bağlı “dondurub” ifadəsi yanlışdır” – KTMT-nin Baş katibi

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Ermənistanın təşkilata üzvlüyü ilə bağlı “dondurulub” anlayışından istifadə etməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, NEWS.ru-ya müsahibəsində o, İrəvanın həqiqətən də blokdakı fəaliyyətinin miqyasını azaltdığını təsdiqləyib və qeyd edib ki, bu məsələyə aydınlıq gətirilməsi təşkilatın bütün iştirakçılarının xeyrinə olacaq.

“Dondurulub” anlayışı təşkilatın sənədlərində öz əksini tapmayıb, ona görə də biz mövcud vəziyyətlə bağlı bu termindən istifadə etməyəcəyik. Lakin Ermənistan həqiqətən də təşkilatın üzvü kimi fəaliyyətinin miqyasını əhəmiyyətli dərəcədə azaldıb. Katibliyin gündəliyinə daxil edilmiş bütün məsələlər işçi qaydada müzakirə olunur, bu məsələyə aydınlıq gətirilməsi birliyimizin bütün iştirakçıları üçün, ilk növbədə düzgün planlaşdırma baxımından faydalı olardı”, – deyə Tasmaqambetov bildirib.

O xatırladıb ki, KTMT kimi alyansda iştirak preroqativdir və bunun sayəsində iştirakçı “ağıllı yanaşma ilə” milli təhlükəsizliyi tam təmin etmək imkanı əldə edir, xüsusən də bu, ölkəyə qarşıdurmaların qarşısını almağa imkan verir.

Baş katibin sözlərinə görə, eyni səviyyədə fəaliyyəti bərpa etmək qərarı yalnız Ermənistanın siyasi rəhbərliyindən asılıdır.

O, həmçinin bildirib ki, analitiklər Cənubi Qafqazda vəziyyətin kəskinləşməsi tendensiyası olduğunu qeyd edirlər.

“Aydındır ki, belə risklər var, buna görə də region ölkələrinin siyasi rəhbərliyi, ilk növbədə, öz xalqları qarşısında böyük məsuliyyət daşıyır”, – deyə Tasmaqambetov bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın sonunda France24 telekanalına müsahibəsində Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, respublikanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.

KTMT Katibliyi İrəvandan müvafiq bildiriş almadığını bəyan edib. Rusiya Xarici İşlər Nazirliyi isə Ermənistandan bu məsələyə aydınlıq gətirməsini tələb edib. Rusiya tərəfi əmin olduğunu bildirib ki, Ermənistanın KTMT tədbirlərində iştirakını azaltmaq erməni xalqının maraqlarına cavab vermir. Belarus prezidenti Aleksandr Lukaşenko isə əmindir ki, Ermənistansız KTMT “dağılmayacaq”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
38
39
Mənbələr
Şərh ()
Bağla