AZ

Qəbul imtahanlarında fənnlərin sayı azaldıla bilər -

"39 şagirdin yüksək bal toplaması çox yaxşı haldır. Suallarla bağlı artıq o qədər narazılıqlar yoxdur. Əvvəlki illərdə səslənən "suallar çətindir" kimi sözlər artıq işlənmir, əvvəllər hətta bunu müəllimlər özləri təsdiq edirdilər ki, suallar kifayət qədər çətindir. Bu həm də sualların bir qədər yumşaldılmasına görədir, digər tərəfdən, ölkəmizdə təhsilin keyfiyyəti artmaqdadır".Bu sözləri Metbuat.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil üzrə ekspert İlqar Orucov deyib. Onun sözlərinə görə, rekord sayda maksimum bal toplayanların olmasına səbəb müəllimlərə olan tələbin yüksəlməsi, müəllimlərin işə qəbulunda olan şəffaflıq, sertifikasiyanın həyata keçirilməsidir:"Bunlar təhsilin keyfiyyətinə təsir göstərir. COVID-19 pandemiyası təhsilin keyfiyyətinə öz mənfi təsirlərini göstərdi. Artıq həmin təsirlər aradan qaldırılır. Qeyd etdiyimiz amillər bu gün məzunların imtahan nəticələrinə müsbət təsirlər etdi. Buraxılış imtahanlarında şagirdlərin yüksək nəticə qazanması hər birimizi sevindirir.Hər zaman qəbul və buraxılış imtahanlarında tərtib olunan suallardan çox şey asılıdır. Biz sualları elə tərtib edə bilərik ki, bir nəfər belə olsun ən yüksək balı toplaya bilməz. Yaxud sualları elə tərtib edərik ki, yüzlərlə yüksək bal toplayan məzunlarımız olar". Ekspert hesab edir ki, DİM məhz imtahanlarda düşən sualları hazırlamalı deyil, bütövlükdə imtahanın keçirilməsi ilə bağlı texniki prosesi həyata keçirməlidir. Elm və Təhsil Nazirliyi təhsil prosesini bütövlükdə həyata keçirən qurum olaraq, həm də sualların tərtib olunmasını həyata keçirməlidir:
"O demək deyil ki, DİM proqram məzmunundan kənar suallar tərtib edir. Amma reallıq bundan ibarətdir ki, bizim buraxılış və qəbul imtahanlarında suallar heç də asan olmur. Eyni zamanda imtahanların keçirilməsində mümkün qədər yumşaltmalar edilməlidir. Bu qədər çox fənnin qəbul imtahanlarına daxil edilməsi müzakirə olunmalıdır. Biz əlbəttə ki, övladlarımızın baza biliklərinin güclü olmasında maraqlı olmalıyıq və baza bilikləri üzərində gələcəkdə təhsil alarkən, bu biliklər nə qədər güclü olarsa, bir o qədər savadlı olacaqlar. Baza bilikləri olmadan növbəti mərhələdə təhsili davam etdirmək mümkün deyil. Amma bir abituriyentin 4 və ya 5 fəndən imtahan verməsi məsələsinə baxıla bilər və baxılmalıdır".

Seyranə Quliyeva / Metbuat.az

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla