AZ

Azərbaycanda ürək xəstəlikləri gəncləşir – Həkim səbəbləri AÇIQLADI

“Düşünürəm ki, azı ildə bir dəfə valideynlər övladlarını kardioloji Check-up müayinədən keçirərək, profilatik müayinəyə cəlb etməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında gənclər arasında intensivləşən ürəktutmalarının səbəbləri və valideynlərin diqqət etməsi lazım olan məqamlar haqda danışan həkim Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, heç bir yeniyetmə və gəncdə qəfil ürəktutması baş verə bilməz.

“Heç bir yeniyetmə və gəncdə qəfil ürəktutması baş verə bilməz. Həmin ürəktutmasının arxasında hər hansı bir ciddi səbəb olmalıdır. Düşünürəm ki, azı ildə bir dəfə valideynlər övladlarını kardioloji çekap müayinədən keçirərək profilatik müayinəyə cəlb etməlidir. Elə ürək qüsurları var ki, körpə yaxşlarından görülməsə də, uşaqlar böyüdükcə müayinə zamanı həmin qüsur ortaya çıxır. Təəssüf ki, bu müayinələrə çox gedilmir”, – deyə o bildirib.

Həkim qeyd edir ki, iş, ev şəraiti, normal yuxu sağlam həyat tərzi üçün çox vacibdir:

“Fikrimcə, gənclərin sağlam həyat tərzi keçirməsi çox vacib məsələdir. Siqaret, spirtli içki, hipodinamiya-oturaq həyat tərzi sağlam həyat tərzinə zidd olan addımlardır. İnternet icad olunduqdan sonra yeniyetmə və gənclər təkcə işlə bağlı deyil, boş zamanlarında da saatlarla kompüter arxasında oturur. Bu da uzun müddət hərəkətsizliyə gətirib çıxarır ki, ürəktutmalarının əsas səbəblərindən birinə çevrilir. Ürəktutmaların digər səbəblərindən biri də stresdir. Obrazlı şəkildə desək, stress bütün xəstəliklərin “ana”sıdır. Daim gərkinlikdə olan orqanizm ürəyə də öz təsirini göstərir. İş, ev şəraiti, normal yuxu sağlam həyat tərzi üçün çox vacibdir. Tövsiyəm odur ki, azyaşlı, yeniyetmə və gənclər hər hansı cüzi narahatlıq hiss edərlərdə mütləq həkimə müraciət etsinlər”, – deyə o əlavə edib.

Mütəxəssis qeyd edib ki, uşaqların azyaşlı dövründən gənc dövrünə qədər düzgün qidalanmaması onların gələcəkdə orqanizmlərində ciddi problemlərə gətirib çıxarır:

“Dünyada piylənmə ilə bağlı həyacan təbili çalınıb. Uşaqlar düzgün qidalanmır. Elə azyaşlılar var ki, onlara həddindən artıq şirniyyat və “fasfood” qidaları verilir. Heç bir yerdə kartofun 10 dəqiqəyə qızarması görülməyib. Lakin bunu valideynlər övladlarına ev şəraitində qızardaraq da verə bilərlər. Nə köklük, nə də arıqlıq sağlamlıq göstəricisi deyil. Uşaqların azyaşlı dövründən gənc dövrünə qədər düzgün qidalanmaması onların gələcəkdə orqanizmlərində ciddi problemlərə gətirib çıxarır. Qidalanma çox ciddi məsələdir. Gənclər arasında energetik içkilərdən də kifayət qədər ürəktutmaları var. Mən həmin energetik içkiləri marketlərdə, küçələrdə uşaqların əlində çox tez-tez görürəm. Təbabət energetik içkilərlə bağlı əhalini mütəmadi olaraq maarifləndirsə də, sosial şəbəkələrdə bu cür içkilərin hər gün reklam olunduğunun şahidi oluruq. Energetik içki orqanizmə qısa müddətlik enerji versə də, bədənin bütün enerjisini yeyir. Düzdür, bu içkilər əhvalı yaxşılaşdırsa da, sonradan orqanizmdə ciddi asılılığa səbəb olur. Ürəktutmaların digər səbəbi də energetik içkilərdir”.

İsmayıl Bakuvi

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla