AZ

“Madama nə məsləhət görürsüz, müsyö, nə etsin?” – Fransa yenə öz ampluasındadır

2020-ci ilin payızından bəri elə bir həftə olmaz ki, Fransadan ölkəmizə qarşı nəsə mənfi səciyyəli bir hərəkət edilməsin, bəyanat, açıqlama verilməsin, qətnamə qəbul olunmasın.

Ölkəmizə münasibətdə dünya bir tərəfədir, Fransa bir tərəfə. 125 il əvvəldən bizə düşmən kəsilmiş Ermənistan belə son illər ölkəmizə qarşı aqressiyasında Fransa qədər ardıcıl deyil. Hərdən İrəvandan ümidverici çağırışlar səslənir, Parisdan isə əsla.

Təsəvvür etmək çətindir ki, Azərbaycana qarşı bu cür açıq düşmənçilik xətti yeridən ölkə 2020-ci ilə qədər onun ən böyük probleminin – Qarabağ münaqişəsinin həllinə dair vasitəçi, başqa sözlə, hakimlər kollegiyasının üzvü olub. Qarabağ münaqişəsinin 30 il boyunca danışıqlar yolu ilə həll olunmamasının səbəbi məhz budur: Fransanın və onun mövqeyini bölüşən ölkələrin tərəf tutması, münaqişəni Ermənistanın xeyrinə həll etməyə çalışması.

Bu uzun illərdə ATƏT-in Minsk qrupunun fransalı həmsədrlərinin digər həmsədrlərdən fərqi ondaydı ki, daha riyakar idilər. Adama elə gəlirdi ki, danışıqların dalana dirənməsi rusiyalı həmsədrlərin destruktivliyi üzündəndir, amma işin içində olanlar əmin edirdilər ki, fransalı həmsədrlər daha ermənipərəstdirlər və bütün fitnə-fəsadlar onların başının məhsuludur.

Fransız siyasətçilərin maskası məhz 2020-ci ilin payızında düşdü. “Düşdü” də yox, maska cırıq-cırıq oldu. Prezident Makron həmin maskanı Fransanın üzündən hirsli bir hərəkətlə çıxarıb atdı, Fransanı dünya ermənilərinin baş himayədarı elan etdi. O vaxtdan bəridir, Makron da, fransız nazirlər də, Paris meri İdalqo da həyatlarının yerdə qalan hissəsini “erməni işi”nə həsr ediblər.

Bəzən Fransanın özündə ortalıq qarışır, etirazçılarla polis arasında amansız toqquşmalar baş verir, xuliqanlar Fransanın şəhərlərində avtomobillərə od vurur, fermerlər Eyfel qülləsinin ətrafına saman, peyin toplayırlar, ölkəyə dair infrmasiyalar dünya mediası ilə bir olur, ancaq Makron və komandası öz ölkəsinin problemləri ilə məşğul olmaq əvəzinə Ermənistanın qayğıları ilə yaşayır. Belə çıxır ki, bu kiçik Qafqaz ölkəsi artıq Fransanın əyalətlərindən birinə çevrilib.

Budur, Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geriyə, Parisə çağırıb.

“Məsləhətləşmə üçün” söhbəti diplomatik riyakarlıqdır, adətən, bir ölkə o birindən incik düşəndə və ona qarşı cəbhə alanda bu söz birləşməsindən istifadə edirlər. Məqsəd məsələhətləşmək, müzakirə aparmaqdırsa, bundan ötrü səfirin basa-basa Parisə getməsinə ehtiyac yoxdur, bu müşavirəni görüntülü şəkildə telefonla da etmək olar.

Ancaq məqsəd Azərbaycana qarşı olduğunu həm bu ölkəyə, həm Ermənistana, həm də dünyaya göstərməkdir.

Başqa sözlə, Fransa Ermənistana görə Azərbaycanla münasibətləri korlamaqdan çəkinmir və əlindən gələn hər şeyi edir.

İndiyə qədər Azərbaycana qarşı səslənən bəyanatların, qəbul edilən qətnamələrin ardınca indi düşünülür ki, Fransa parlamenti qondarma “arsax”ı “tanıması” məsələsini gündəmə gətirə bilər.

Bunun necə bir avantüra olacağını uzun-uzun anlatmağa ehtiyac yoxdur. Belə bir hadisə 2023-cü ilin sentyabrına qədər baş versəydi, bu, müəyyən problem yarada bilərdi. Çünki qondarma “artsax” Azərbaycan ərazisində qondarılmış vəziyyətdə idi. İndi həmin qurum, onu formalaşdıran erməni icması ellikcə Ermənistana qonub. Hətta Fransanın bu hərəkəti Azərbaycana əlavə bir arqument verəcək ki, daha erməni icmasından olan insan qruplarını ölkə ərazisinə qəbul etməsin. Çünki onlar dövləti parçalamağa, onun konstitusion quruluşu dəyişməyə, unitar quruluşlu suveren dövlətin ərazisində qanunsuz idarəetmə strukturları, eləcə də qanunsuz silahlı birləşmələr yaratmağa gəlirlər. Bu halda ermənilərin gəlişinə necə izn vermək olar? Heç cür.

Son bir əsrlik tarixi təcrübə göstərir ki, “mühacirətdə olan dövlət” və ya “hökumət”lə bağlı heç bir uğurlu nəticə əldə etmək mümkün olmayıb. Onlar elə mühacirətdəcə qalırlar, bir müddətdən sonra bütün ehtiraslar soyuyur, dövran dəyişir, daha qlobal problemlər meydana çıxır və acığa yaradılmış strukturlar əhəmiyyətini itirir, unudulur.

Ona görə də Fransanın BMT-də Azərbaycana qarşı qətnamələr qəbul etdirmək cəhdləri də, Avropa İttifaqında ölkəmizə qarşı apardığı kampaniya da müvəqqətidir. Növbəti seçkilərdə Fransada hakimiyyətə daha ağıllı bir komanda gələcək və öz ölkəsinin ümdə problemləri ilə məşğul olmağa, Fransanın gəlir-çıxarını düşünməyə başlayacaq. Başqa cür mümkün deyil. Ermənilərin himayə olunması, özlərini ərköyün uşaq kimi aparması da bir yerə qədər.

Ən maraqlısı odur ki, Fransa bu cür hərəkətləri (həmişə haqsızın, aqressorun tərəfini tutması) ilə özünü dünya ölkələrinin gözündən salıb. Bu ölkənin rəhbərlik etdiyi Frankofoniya təşkilatı da əldədüzəltmə bir qurumdur və Fransanın neoimperiya ambisiyasından, özünü hələ də dünyada söz yiyəsiymiş kimi aparmaq arzusundan doğur.

Bu dövlətin Azərbaycana qarşı tutduğu düşmənçilik mövqeyinin heç bir məntiqi əsası yoxdur. Azərbaycan nə edib? Öz ərazi bütövlüyünü bərpa edib, indi də sərhəddə delimitasiya və demarkasiya işlərinin ədalətlə, tarixi sənədlərə, xəritələrə uyğun aparılmasını istəyir. Rəsmi Bakının nə Ermənistanın ərazisinə iddiası var, nə də bu dövlətin mövcudluq haqqını şübhə altına alır.

İndi nə edək, işğaldan azad olunmuş torpaqları qaytarıb təzədən Ermənistana verək ki, Fransanın hirsi soyusun, səfirinə yaxşı məsləhətlər verib geri göndərsin?

Araz Altaylı, Musavat.com

 

Seçilən
26
50
Mənbələr
Şərh ()
Bağla