AZ

Boykotçu müxalifətin “21 aprel oyunu və bir armud...”

Aprelin 15-də müxalifətin mitinqinin keçirilməsi üzrə Təşkilat Komitəsinin adından Bakı Şəhər İcra Hakimiyyətinə bildiriş göndərilib. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bildirişdə etiraz aksiyasını aprelin 21-də keçirmək niyyəti ifadə olunub. 

Aksiya siyasi məhbusların azad edilməsi, seçki islahatlarının aparılması, Rusiya hərbçilərinin Qarabağdan çıxarılması, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması, quru sərhədlərin açılması, maaşların, pensiyaların artırılması, uşaq müavinətlərinin müəyyən edilməsi tələbləri ilə keçirilir. Mitinqin aprelin 21-də saat 15:00-dan 17.00-dək üç yerdən birində keçirilməsi nəzərdə tutulur: "28 May" metro stansiyasının qarşısındakı meydan, "Nərimanov" metro stansiyasının qarşısındakı meydan və “Məhsul” stadionu. Şəhər administrasiyasına müraciəti Demokratik Qüvvələrin Milli Şurasının üzvü Vidadi Mirkamal, Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Saqif Qurbanov, Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli, Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Məmməd İbrahim və Bəxtiyar İmanov, Azərbaycan Demokratiya və Rifah Partiyası İdarə Heyətinin üzvü Hüseyn Məlik imzalayıblar.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Pravda.az-a deyib ki, Milli Şuranın aprelin 21-nə mitinq təyin etməsinə zərurət yoxdur. “Siyasi məhbus” adlandırdıqları şəxslərin azadlığa buraxılması özlərinin şəxsi təşəbbüsüdür", - T.Kərimli qeyd edib. Deputat bildirib ki, kütləvi tədbirlər keçirmək konstitusiyada nəzərdə tutulan hüquqdur: “Hazırkı halda mitinqə ehtiyac yoxdur. Milli Şuranın mitinqi cəmiyyətdə xaosu, "demokratik imic" yaratmaq naminə Azərbaycanda qarışıqlığı daha da artıra bilər. Hələ ki pandemiya şərtləri, karantin rejimi bitməyib. Sərhədlər də buna görə bağlıdır. Karantin rejimi şəraitində buna icazə veriləcəkmi? Şübhə edirəm..."

Qeyd olunur ki, “28 May” və “Nərimanov” metro stansiyalarının qarşısındakı meydan aksiyalar üçün uyğun yer deyil. Amma zamanında müxalifət bu kimi mitinq taktikasından istifadə edib. Belə ki, həmin meydanlar metronun yaxınlığı olduğu üçün əslində bəllidir ki, icazə verilməyəcək aksiyada iştirak etmək istəyənlərin sayını müəyyənləşdirmək çətin olur. Üstəlik, həmin ərazilərdə heç nədən xəbəri olmayan vətəndaşların həbs edilmək riski yaranır ki, bu da müxalifətə sərf edir. Bu, polisin qanunsuz aksiyanın qarşısını almağına da ciddi əngəl yaradır. “Məhsul” stadionuna gəlincə, ora mübahisəli ərazi kimi hazırda məhkəmə araşdırması predmetidir və təmir davam etməkdədir. Daha bir iddiaya görə, müxalifət mümkün parlament seçkilərinə də qatılmaq istəmir. O səbəbdən vəziyyəti gərginləşdirməklə yay ayı üçün keçirilə biləcək seçkilərin təxirə salınmasına çalışırlar. Düşüncələrinə görə, bu cür aksiyalar iqtidarı parlament seçkilərini ertələməyə sövq edə bilər. 

“Özünü "Milli Şura" adlandıran dərnəyin aprelin 21-nə mitinq təyin etmək qərarı “sapı özümüzdən olan balta”ların xaricdəki himayəçilərindən aldığı sifarişdir. Onlar xarici dairələrin əlində əsirə çevrilən siyasi nökərlərdir. Çünki Azərbaycan dövlətinə təzyiq etməklə gücü çatmayan qüvvələr indi daxildəki əlaltıları vasitəsilə gərginliyə səbəb olmaq istəyindədir. Amma onların arzusu gözündə qalacaq". Bu sözləri Tribunainfo.az-a deputat Məşhur Məmmədov deyib. Onun sözlərinə görə, bu antimilli ünsürlər öz sosial bazasına güvənirsə, mitinq üçün Qaradağ rayonunda ayrılan yerə toplaşa bilərlər: “Heç 200 adamı ora yığa bilməzlər”. Deputat bildirib ki, son prezident seçkisində də müxalifətdən namizədlər iştirak etdilər və onlara seçicilərlə görüşdə bütün şərait yaradıldı: “Seçkidə iştirakdan imtina edən bu siyasi oyunbazlar indi şouya hazırlaşırlar”.

Akif

Akif Nağı: “Xalqımız bir daha dələduzlara inanıb, onların arxasınca getməsin”

Azad Vətən Partiyasının sədri Akif Nağının fikrincə, məqsədlərini də dolaşıq şəkildə izah edirlər ki, guya “demokratik seçki keçirib” “xalqı xilas etmək” istəyirlər: “O quruma rəhbərlik edənlərin bir hissəsi vaxtilə parlamentə düşüb, indi vicdanları qalıbsa, bir xatırlasınlar, görək parlamentə hansı pəncərədən, hansı arxa qapıdan düşmüşdülər? İndi yenə də parlamentə düşmək istəyirlər, hay-küy salıb hakimiyyətdən parlamentdə yer qopartmaq həvəsinə düşüblər? Xalq doğrudanmı bir daha bunların felinə aldanıb mitinqlərə gedəcək?”. A.Nağının sözlərinə görə, onlardan biri 1993-cü ildə məsul vəzifə tuturdu, jurnalist ondan soruşdu ki, niyə Qarabağı azad edə bilmədiniz, Kəlbəcər də getdi: “O da qayıdıb cavab verdi ki, xalq ölümə getmədi, vuruşmadı, ona görə qalib gələ bilmədik. O vaxt 20 min şəhid vermiş xalqı bu cür təhqir edirdi, indi “əziz xalqım” deyib köməyə çağırır. Bu qədər mənəviyyatsızlıq  olmaz! Mitinq keçirmək hər kəsin haqqıdır. Amma xalqa həqarət edənlər, xaricdən, o cümlədən ermənilərdən sifariş alanlar, ermənilərlə işbirliyi yapanlar bu haqqı artıq itiriblər. İstərdik ki, xalqımız bunu başa düşsün, bir daha dələduzlara inanıb, onların arxasınca getməsin, onların yalançı hay-küylərinə uymasın". 

Abutalıb

Abutalıb Səmədov: “Onların başında 90-cı illərin havası qalıb”

Alyans Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov isə belə hesab edir ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəlində mitinq keçirmək məcburiyyət idi: “Çünki bu qədər televiziya kanalı yox idi. Müxalifət sözünü ancaq meydanlarda deyə bilirdi. İndiki halda mitinq təyin edən adamlar nədənsə çoxsaylı televiziya kanallarından istifadə etmirlər. Əli Kərimli yalnız bir kanalda çıxış edir. Düşüncələrini, proqramlarını, təkliflərini çıx kanallara de, hamı səni eşitsin. Bunun üçün mitinq təyin etməyə nə ehtiyac var? Təəssüf ki, uzun illər mitinqlərə hakimiyyətə təzyiq göstərmək, hakimiyyəti dəyişmək vasitəsi kimi baxılıb. Onların başında 90-cı illərin havası qalıb. Azərbaycana düşmən olan qüvvələr bundan istifadə etməyə çalışacaqlar. Əlbəttə ki, buna nail ola bilməyəcəklər”. 

Elşən

Elşən Musayev: “Əli Kərimli kimi siyasi qolçomaqların maskası çoxdan cırılıb”

Deputat Elşən Musayev isə hesab edir ki, mitinq xarici sifarişdir: ""Milli Şura” adlanan antimilli qurumun, konkret olaraq yaramaz Əli Kərimlinin mitinq təşəbbüsü xarici qüvvələrin birbaşa təhriki və təlimatı ilə ərsəyə gələn icraatdır. Daha dəqiq desəm, mesaj konkret dairələrdən ötürülüb və bu satqınlar da dərhal hərəkətə keçiblər, yenə maşa və zurna züyü olmağa qərar veriblər. Hazırki durumda mitinq və aksiya şousu ilə su bulandırmağa, siyasi sabitliyi pozmağa cəhd etmək birmənalı şəkildə milli maraqlara xəyanətdir. Həmin xəyanəti edənlər isə fəaliyyətlərinə, xislətlərinə yaxşı bələd olduğumuz ünsürlər, xainlər, satqınlar, sapı özümüzdən olan baltalar və nəhayət: kardaşyan irsinin davamçılarıdır!" E.Musayevə görə, mitinq söhbəti təbii ki, imitasiyadır: “Oyundur. Görüntüdür. Və pərdə arxasındakı bütün məqsədlər, məramlar sadəcə və sadəcə Azərbaycana ziyan vurmağa, zərbə yetirməyə hesablanıb. Fəqət alınmayacaq”. 

“Regionda baş verən hazırkı proseslər, mövcud geostrateji vəziyyətdə Azərbaycanda kütləvi etiraz aksiyalarına çağırışlar etmək yalnız Ermənistana və ona dost, qardaş olan ölkələrə sərf edir”.

Asim

Asim Mollazadə

Bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sputnik Azərbaycan”a ölkənin radikal müxalifətini birləşdirən Milli Şura rəhbərliyinin mitinq çağırışlarına münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistan və onunla dost olan ölkələr üçün regiondakı hazırkı proseslərin, eləcə də diqqətin başqa istiqamətə yönəldilməsi çox vacibdir. Azərbaycandakı heç bir siyasi qüvvə buna alət olmamalıdır.

Millət vəkili əlavə edib ki, Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin regionda uzunmüddətli sülhün yaradılması istiqamətində işlərin getdiyi, ölkədə COP29 kimi dünya əhəmiyyətli tədbirlərin planlaşdırıldığı bir vaxtda belə çağırışlar Azərbaycana arxadan zərbə vurmaqdan başqa bir şey deyil.

 “Yeni Müsavat”

Seçilən
70
1
Mənbələr
Şərh ()
Bağla