AZ

Almaniya prezidenti Türkiyəyə səfərinin pərdəarxası - SENSASİON DETALLAR

Almaniya prezidenti Frank-Valter Ştaynmayer gələn həftə üçgünlük səfərlə Türkiyəyə gedəcək. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Almaniya prezidentinin mətbuat xidməti yayıb.

Ştaynmayerin indiki zamanda Türkiyəyə gəlməsinin səbəbi nə ola bilər?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz Türkiyə ilə Almaniya arasında tarixi əlaqələrə diqqət çəkərək, Almaniya prezidentinin qardaş ölkəyə səfəri zamanı bir sıra məsələlərin masaya yatırıla biləcəyini bildirib. Onun fikrincə, liderlər arasında müzakirə olunması gözlənilən əsas məsələləri 4 əsas qrupa bölmək olar:

f5ce6e2915e7ae1d337069f920b9ef3e

1) regional və qlobal münaqişələrin həlli;

2) hərbi sənaye əməkdaşlığı;

3) enerji təchizatı;

4) nəqliyyat dəhlizləri və digər məsələlər.

“Regional və qlobal münaqişələrin həlli məsələsində masaya yatırılacaq əsas mövzunun Ukrayna-Rusiya müharibəsinin dayandırılması olacağını gözləyirəm. Bilirsiniz ki, bu müharibədən iqtisadi cəhətdən ən çox zərər çəkən ölkə Almaniyadır. Müharibədən əvvəl Rusiya enerji mənbələri əsasında öz sənayesini qurmaq strategiyasını mənimsəyən Almaniya müharibənin başlanması ilə bu imkanını itirdi. “Şimal axını-1”, “Şimal axını” qaz kəmərlərinin bağlanması ilə Almaniyada enerji qiymətləri dəfələrlə artdı. Üstəlik, Rusiya ilə bütün kommunikasiya əlaqələrinin kəsilməsi ilə Almaniyanın həm təchizat, həm də ixracat zəncirində ən mühüm yer tutan Çinlə də nəqliyyat yolları bağlandı. Bundan əlavə, Ukrayna savaşı davam etdikcə, Almaniyanın hərbi xərclərini də iki qat artırması tələb olunur. Təsadüfi deyil ki, 2022-ci ilə qədər hərbi büdcəsi 50 milyard avro olan Almaniya 2023-cü ildə bu rəqəm 100 milyarda çatdırmaq barədə qərar qəbul etdi. Nəticədə onsuz da iqtisadi cəhətdən zəifləyən Almaniya bir də hərbə daha çox pul ayırmaq məcburiyyətində qaldı. Bütün bu amillər istər-istəməz Almaniyada insanların sosial vəziyyətinə təsir göstərir. Məhz bu səbəbdən də Berlin Ukrayna savaşının bir an öncə bitməsindən yanadır və bu tendensiya alman rəsmilərinin müharibə boyunca dilə gətirdikləri açıqlamalarda da özünü büruzə verir”.

Hələ Merkelin dövründə ABŞ-ın Rusiyadan qaz və neft alışlarını dayandırmaq təkliflərinə həvəssiz yanaşan alman rəsmilərinin son zamanlar Ukraynaya uzaqmənzilli artilleriya mərmiləri verməkdən da yayınmağa çalışdığını bildirən Heydər Oğuz bu yaxınlarda “Taurus” raketləri ilə əlaqədar yaşanan gərginlikləri xatırlatdı:

“Bilirsiniz ki, Almaniyanın Ukraynaya “Taurus” raketləri verməyə hazırlaşdığı barədə iddiaları alman kansleri Olaf Şols açıqlama verərək yalanlamağa çalışdı. Şols fikrini onunla əsaslandırdı ki, Ukraynaya “Taurus” raketləri veriləcəyi təqdirdə onu idarə etmək üçün alman əsgərləri də bu ölkəyə getməlidir. Bu isə Rusiya ilə açıq döyüşə girmək anlamına gəlir”.

Heydər Oğuza görə, Almaniyanın bu həvəssizliyi səbəbsiz deyil:

“II Dünya müharibəsindən sonra qalib dövlətlər Almaniyanın strateji silahlarla təchizatına qadağalar qoydular. Nəticədə almanlar öz nüvə silahlarını inkişaf etdirə bilmədilər. Beləcə hərbi çəkindiricilik güclərini də itirdilər. Bu baxımdan Almaniya ilə Fransanı tərəzinin eyni gözünə qoymaq olmaz. Fransa nüvə dövlətidir və bu xüsusiyyəti ona toxunulmazlıq statusu qazandırır. Digər tərəfdən Fransa yeri gələndə nüvə enerjisindən də effektiv şəkildə istifadə edir. Dünyan Nüvə Birliyinin məlumatına görə, hazırda Fransanın 56 nüvə stansiyası var və ölkənin elektirik ehtiyacının 70%-i bu santrallardan alınır. 2050-cu ilə qədər Fransa ən azı daha 6 nüvə santralı inşa etməyi planlaşdırır. Bu, hardasa Fransanın elektrik enerjisinin 90%-nin nüvə santrallarından almasına şərait yaradacaq. Eyni sözləri Almaniya üçün demək mümkün deyil. Almaniya Rusiyadan aldığı qaz və neft ixracatını dayandırdıqdan sonra kömür enerjisinə keçməyə məhkumdur. Bu isə ekoloji cəhətdən ciddi risklər doğurur və Aİ qanunlarına ziddir”.

Üstəlik, Ukraynaya sözdə dəstək verən Fransadan fərqli olaraq Almaniyanın bu sahədə də ondan daha cömərd və səmimi hərəkət etdiyini düşünən Heydər Oğuzun fikrincə, bu iddiasını Kiyevə göstərilən silah yardımlarının dəyəri ilə əsaslandırır:

“Məlum olduğu kimi, Ukraynaya guya əsgər göndərəcəyini bildirərək hava atan Fransanın indiyədək Ukraynaya verdiyi silahların ümumi həcmi cəmi 3.8 milyard avro dəyərində olub. Almaniya isə təkcə 2023-cü ilin birinci yarısında Ukraynaya 4.5 milyard avro qiymətində silah göndərmişdi. Bu fakt Ukrayna savaşının Almaniyaya baha başa gəldiyinin ən bariz nümunəsidir”.

Həmsöhbətimizin fikrincə, başda Almaniya olmaqla, bütün Aİ ölkələrini ən çox narahat edən məsələ isə Ukrayna savaşının perspektivinə inamsızlıqlarıdır: “Artıq nəinki Avropa ölkələri, hətta Ukrayna prezidenti V. Zelenski belə, ABŞ dəstəyi olmasa, Ukraynanın Rusiya qarşısında duruş gətirə bilməyəcəyini etiraf edir. ABŞ isə Ukraynaya hərbi dəstəyini davam etdirmək niyyətində deyil. Düzdür, ABŞ mediası dünən Nümayəndələr Palatasının spikeri Consonun Ukraynaya yardım qanun layihələrini konqresmenlərin müzakirəsinə təqdim etdiyini bildirirlər. Amma respublikaçı konqresmenlərin bu layihəyə səs verib-verməyəcəkləri bəlli deyil. Hətta Baydenin təzyiqi ilə indi bu layihəyə səs versələr belə, növbəti prezident seçkilərində Trampın qazanacağı təqdirdə Ukraynaya ABŞ-dan silah yardımının tamamilə dayandırılacağı gözlənilir. Aİ ölkələri üçün bu, iki səbəbdən qorxunc proqnozdur. Əvvəla, Ukraynaya hərbi yardım üçün ayırdıqları milyardlarla avro havaya sovrula, həm də Avropanı dişinə vurub heç bir real gücü olmadığını anlayan Rusiyanı öz üzərlərinə çəkə bilərlər. Bu təhlükə ən çox Almaniya kimi Baltik sahili ölkələrini narahat edir. Çünki Ukrayna savaşında qələbə qazanacağı təqdirdə Rusiya Baltikdə sıxışdırılmasına da səbr göstərməyəcək və özünə hegemonluq sahəsi yaratmağa çalışacaq”.

Bu perspektiv qarşısında Rusiya ilə tapmağa çalışan Alman prezidentinin Türkiyəyə səfərinə normal baxan Heydər Oğuz xatırlatdı ki, rəsmi Ankara 2022-ci ildə sülh təklifi ilə çıxış edərək Ukrayna və Rusiyanı bir araya gətirmişdi:

“Məlumata görə, iki düşmən dövlət arasında razılaşdırılmış bir sülh sazişi də ortaya qoymuşdu. O dövrdə Böyük Britaniyanın Baş naziri Boris Consonun maneçiliyi nəticəsində bu danışıqlar baş tutmamışdı. Bu yaxınlarda Türkiyə bənzər sülh təkliflərini yenidən gündəmə gətirib. Rusiya yetkililəri isə buna ilkin razılıqlarını da bildiriblər. Ortada qalan yeganə məsələ Ukrayna prezidentinin buna razılıq verməməsidir. Mümkündür ki, Almaniya prezidenti ilə Ərdoğan arasında gələn həftə baş tutması gözlənilən görüşdə bu məsələ yenidən müzakirə olunsun”.

Heydər Oğuzun fikrincə, iki prezident arasında masaya yatırılacaq digər məsələ İsrail-İran gərginliyi ola bilər:

“İranın İsrailə hava hücumları ilə bağlı yeni məlumatlar ortaya çıxıb. İran yetkililərinin iddiasına inansaq, həmin hücum zamanı İsrailin 2 hərbi bazası vurulub. 44-dən çox MOSSAD zabiti öldürülüb, çox sayda hərbçi isə yaralanıb. Bu iddialar doğrudursa, İsrailin öz simasını qorumaq üçün cavab verməkdən başqa çarəsi olmaya bilər. İran da ona növbəti cavab verərsə, Yaxın Şərqin böyük müharibə səhnəsinə çevrilməsi qaçılmaz olacaq. Dünya neft və qaz hasilatının 40%-dən çoxunun Yaxın Şərqin payına düşdüyünü nəzərə alsaq, bu, qlobal enerji bazarında qiymətlərin hədsiz artmasına yol aça bilər. İqtisadiyyatı qırılğan vəziyyətdə olan Almaniya üçün bu perspektiv, yumşaq desək, arzuolunmazdır. Türkiyənin bu regiondakı nüfuzunu nəzərə alsaq, alman kanslerinin gözlənilən səfərinin digər səbəbini anlaya bilərik. Böyük ehtimalla, Frank-Valter Ştaynmayer Türkiyəli həmkarından İranla danışıqlar aparıb bu məsələni də yoluna qoymağı xahiş edəcək”.

Almaniya-Türkiyə arasında ən çox müzakirə ediləcək məsələnin hərbi sənaye sahəsində əməkdaşlıq olacağına inanan Heydər Oğuz bildirdi ki, qardaş ölkənin son zamanlar bu sahədə əldə etdiyi uğurlar almanların da gözündən yayınmır:

“Bilirsiniz ki, Ukrayna savaşının nəticələrindən asılı olmayaraq, Avropa ilə Rusiyanın qarşı-qarşıya gəlməsi istisna edilmir. Ya Ukraynada uğur qazanan Rusiya itirdiyi geosiyasi üstünlükləri geri qaytarmaq üçün bəzi Avropa ölkələri ilə hesablaşacaq, ya da ABŞ-ın da iştirakı ilə NATO dövlətləri Ukraynaya hərbi yardımlarını artıracaqlar. Hər iki ehtimalda Türkiyə Qərb üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə Türkiyənin dünyada ən böyük barıt istehsalçılarından biri olduğunu nəzərə alsaq, Avropanın öz hərbi sənaye komplekslərini gücləndirməsi üçün bu ölkədən asılılığı yaranıb. Digər tərəfdən, Avropa ölkələri Ukraynanı artilleriya mərmiləri ilə təchiz etməkdə çətinlik çəkirlər. Bir müddət əvvəl Çexiya prezidenti Ukraynaya 1 milyon mərmi toplamaq kampaniyasına başlasa da, ancaq 500 min mərmi tapa bilmişdi. Türkiyə isə bu sahədə də öncül dövlətlərdəndir. Almaniya böyük ehtimalla Türkiyədən bu mərmiləri alıb həm özünün boşalan silah anbarlarını doldurmaq, həm də Ukraynaya göndərmək istəyəcək. Təbii ki, Ukrayna ilə Rusiya arasında sülh danışıqları baş tutmasa. Baş tutsa belə, Aİ ölkələri, o cümlədən Almaniya öz hərbi qüdrətini artırmaq üçün bu əməkdaşlığa getməlidir. Türkiyənin də eyni şəkildə Almaniyadan almaq istədiyi bəzi hərbi texnikalar var. Məsələn, Türkiyə ötən il İngiltərə, İtaliya və Almaniyanın birgə istehsal etdiyi “Eurofighter Typhoon” təyyarəsi almaq istəyirdi. 4.5-ci nəsil olan bu təyyarənin satışına Almaniya mane oldu. Hətta bu mövqeyinə görə, İngiltərə almanları həmin layihədən çıxarmaq məsələsini gündəmə gətirdi. İndiki zamanda perspektivlə üzləşməmək üçün Almaniyanın Türkiyəyə təyyarə satışı ilə razılaşmaqdan başqa çarəsi qalmayıb. Yəqin ki, Ştaynmayerin Ankara səfərində bu mövzu da gündəmə gələcək”.

Gələn həftə R.T.Ərdoğanın İraqa səfərinin gözləndiyini xatırladan Heydər Oğuz Ştaynmayerin eyni ərəfədə Türkiyəyə gəlməsini də təsadüfi saymır:

“Ərdoğanın İraq səfərində müzakirə ediləcək məsələlər arasında İraq neftinin Türkiyə üzərindən Avropaya çıxarılması və “Qalxınma yolu” dəhlizinin açılması kimi mövzular da var. Almaniyanın hər iki mövzuda maraqlı tərəfdir. İraq Fars körfəzində yerləşsə də, neftini əsasən dənizdən yox, Bəsrə və Kərkük ərazilərindən çıxarır. Dolayısıyla İran-İsrail gərginliyi savaşa çevrilərsə, İraqın neft və qaz hasilatı bundan çox təsirlənməyəcək. Üstəlik, bu ehtimalda onun İraqın da Çin və Hindistan kimi müştərilərinə qapısı bağlanacaq. Məntiqlə, İraq da, körfəz ölkələri də öz təbii sərvətlərini Türkiyə üzərindən Qərb bazarlarına çıxar biləcəklər. “Qalxınma yolu” projesi isə həm də Qərb məhsullarının Uzaq Şərq ölkələrinə çıxarmaq və ya o coğrafiyadan mallar almaq fürsəti yaradacaq. Qısası, Qərbin artıq bu dəhlizə böyük ehtiyacı var. O cümlədən də Almaniyanın”.

Bütün bu amilləri nəzərə alan Heydər Oğuz Almaniya ilə Türkiyənin yeni əməkdaşlığa böyük ehtiyaclarının yarandığı düşüncəsindədir və onun fikrincə, Ştaynmayerin Ankaraya səfəri zamanı bu əməkdaşlığın təməlləri atıla bilər.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
113
50
Mənbələr
Şərh ()
Bağla