AZ

Kopenhagendə on milyonlarla dollar dəyəri olan incəsənət əsərləri xilas edilib

Kopenhagendə

Stokholm, 17 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

Kopenhagendə dünyanın ən qədim fond birjasının yanan binasından on milyonlarla dollar dəyəri olan incəsənət əsərləri xilas edilib.

AZƏRTAC xəbər verir ki, yanğından xilas edilən əsərlərdən biri rəssam Peder Kroyerin 1985-ci ildə yaratdığı “Kopenhagen fond birjasından” tablosudur. Ölçüsü 4x2 metr olan rəsm əsərini yanan binadan bir neçə nəfər, o cümlədən Danimarkanın ədliyyə naziri Brayan Mikkelsen çıxarıb.

Kətan tabloda özlərinin təsvirini görmək üçün rəssama pul ödəmiş həmin dövrün 50 tanınmış birja xadimi var. Onların hər biri o dövrün valyutası ilə təxminən 70 dollar ödəyiblər. Ümumilikdə, rəssam bugünkü standartlara uyğun olaraq rəsm üzərində işinə görə 20 min dollardan çox pul alıb. Təsadüfi deyil ki, alovdan ilk xilas edilən məhz Kroyerin tablosu olub.

“Xilasetmə planına görə, ən böyük dəyərə malik olan əsərləri təxliyə etmək lazımdır. Kroyerin əsəri prioritetlər siyahısında ən yüksək idi”, -deyə Danimarka Milli Muzeyinin əməkdaşı Kamilla Bastholm bildirib.

Fond birjasının binasında saxlanılan digər görkəmli əsərlər Lorenz Fröhlixin dörd kömürlə işlənmiş rəsmi və Bertel Torvaldsenin yaratdığı Danimarka Kralı IV Kristianın heykəlidir.

Aprelin 16-da Kopenhagendəki tarixi birja binasında baş verən güclü yanğın binanın qülləsindəki şpilin dağılmasına səbəb olub.

 

 

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla