AZ

Dünya Hemofiliya Günüdür...

Azərbaycanda nə qədər hemofiliya xəstəsi var?

Bu gün dünyada, eləcə də ölkəmizdə geniş yayılmış irsi qan xəstəliyindən biri hemofiliyadır. Hemofiliya insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn və irsən ötürülən xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, milli və irqi mənsubiyyətindən asılı olmayaraq, təxminən yeni doğulan 5 min oğlan uşağından biri hemofiliya A ilə doğulur.

Yeri gəlmişkən, aprelin 17-?i Ümumdünya Hemofiliya Günü olaraq qeyd olunur. Bu tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır. Aparılan bəzi hesablamalara görə, hazırda dünyada hemofiliyalı xəstələrin sayı 400 mindən çoxdur. Son vaxtlara qədər çox nadir hallarda bu xəstəlikdən əziyyət çəkən uşaqlara yetkin yaşına qədər yaşamaq nəsib olurdu. Hazırda müalicə edilmədən yaşayan hemofiliya xəstələrinin orta ömrü təxminən 30 il təşkil edir, 12 yaşında isə əlil olaraq əsa və ya təkərli arabalarla hərəkət edirlər.

Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 1700-dən çox hemofiliyalı xəstələr qeydiyyatdadır: “2006-cı ildən indiyə qədər ölkəmizdə hemofiliya xəstələr dövlətin qayğısı nəticəsində dərman preparatları ilə təmin olunurlar. 2005-ci ildə Dövlət Proqramı qəbul olunandan və 2006-cı ildən dərman preparatları gətiriləndən sonra bu xəstəlikdən ölüm halları minimuma enib. Lakin beynəlxalq statistikaya görə, Azərbaycanda 1700 pasiyentin olması çoxdur. Çünki hər 10 min kişiyə bir nəfər hemofiliyalı xəstə düşürsə, maksimum 1000 nəfər xəstənin olması daha məqsədəuyğun olardı”.

A.Hüseynov hemofliya xəstəliyində rol oynayan amilləri sadalayıb: “Bu xəstəlikdə qohum nikahları daha çox üstünlük təşkil edir. Təbii ki, dövlət qurumları lazım olan addımlar atırlar. Ancaq qohum evliliklərinin qarşısı alınmalıdır. Nəinki hemofiliya, eyni zamanda, qan laxtalanması olan digər xəstəliklər və ümumilikdə, irsi genetik xəstəliklərin yaranmasına səbəb olan amillərin qarşısı alınmalıdır ki, sağlam uşaqlar dünyaya gəlsin. Bu gün dünya hemofiliya günüdür və bu gün ölkəmizdə xüsusi tədbirlər keçirilir. Nəinki Azərbaycanda dünyanın 147 ölkəsində hemofiliya günü qeyd olunur. Bu günlə əlaqədar Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının TƏBİB-lə bərabər elmi konfrans baş tutacaq. Konfransda 150 müxtəlif profilli həkimlərin iştirakı nəzərdə tutulub. Qan laxtalanmasından əziyyət çəkənlərin müalicəsi və hemofiliyanın yaratdığı fəsadların aradan qaldırılması üçün müzakirələr aparılacaq. Eyni zamanda, regionlardan gələn həkimlər tədbirdə çıxış edən müxtəlif profilli doktorların müzakirələrini dinləyərək fikir mübadiləsi aparacaqlar. Məqsədimiz odur ki, xüsusilə regionlarda çalışan həkimlərlə təcrübə mübadiləsi olsun ki, regionlardakı xəstələrin müalicə üçün paytaxta gəlməsinə ehtiyac qalmasın.

Qeyd edim ki, Hemofiliya Xəstələrinin Respublika Assosiasiyası bu il hemofiliya ilə əlaqədar sağlamlıq yay düşərgəsi keçirəcək və TƏBİB-lə bərabər regionlarımızda təlimlər başlayacaq. Məqsəd rayonlardakı həkimlərin qan laxtalanmasına aid olan xəstəliklərlə bağlı bilik səviyyəsini artırmaqdır”.

Yeganə BAYRAMOVA

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla