AZ

“Avey” Qoruğunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Qazax, 17 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Damcılı” filialında qoruq ərazisində aparılan elmi-arxeoloji qazıntılar nəticəsində əldə olunan eksponatlar nümayiş etdirilib, eləcə də “Abidələr gənc rəssamların fırçalarında” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirin bədii hissəsində milli musiqilər və şeirlər səsləndirilib, rəqslər təqdim olunub, “Arşın mal alan” filmindən səhnəcik nümayiş etdirilib.

Tədbirin keçirilməsində əsas məqsədin abidələrin tanıdılması, təbliğ edilməsi, keçmiş mədəni irsimizin gələcək nəsillərə çatdırılması olduğunu deyən Qoruğun direktoru Səadət Əliyeva həmçinin bildirib ki, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar qoruq ərazisində bir sıra tədbirlər də keçirilib. Qoruq ərazisində bir sıra aksiyalar təşkil olunub, “Göyəzən” və “Damcılı” filiallarında 2 minə yaxın ağac əkilib.

Damcılı mağarası Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında, Avey dağının ətəyində yerləşir. Qayaların içərisində yerləşən bu məkan rayona gələn turistlərin ən çox səfər etdiyi yerlərdən biridir. Ərazidə ilkin arxeoloji tədqiqatlar ilk dəfə 1953-cü ildə aparılıb. “Damcılı” filialı ərazisində mağara düşərgəsinin ətrafında aparılan arxeoloji qazıntılarda Paleolit, Mezolit, Neolit, Eneolit və digər sonrakı dövrlərə aid 5 mindən çox əmək aləti, maddi-mədəniyyət nümunələri aşkar edilib.

Tədqiqatçı alim İmaş Hacıyev bu ərazilərdə 15 ildir tədqiqat işləri aparır. Onun sözlərinə görə, müxtəlif ekspedisiyaların tərkibində və müstəqil şəkildə apardığı tədqiqatlar zamanı maraqlı nəticələr əldə edib. Bu nəticələr nəinki ölkəmizdə, respublikadan kənarda - Türkiyə, Rusiya və Çində də maraqla qarşılanıb.

Qeyd edək ki, “Avey” Dövlət Qoruğu 1989-cu ildə yaradılıb. Qoruğun 3 filialı var. “Göyəzən”, “Damcılı” və işğal altında olan “Yuxarı Əskipara” filialı. “Damcılı” filialının ərazisi 800 hektar sahəni əhatə edir.

 

 

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla