AZ

“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ 

“Aşağı Güzdək qəsəbəsində Güzdək stansiyasına yaxın ərazidə yaşayırıq. Təxminən 50 metr aralıda. Çirkabdan, kanalizasiya sularından yaranan süni göl xəstəlik mənbəyidir. Yoluxucu xəstəliklərin tüğyan etdiyi bir vaxtda bu göl sakinlər üçün həqiqətən də təhlükə yaradır. Xüsusilə də uşaqlar üçün. Vəhşi heyvanlar gölə yığışır. Mən gölün şəkillərini cəsarət edib yaxından çəkib sizə yollaya bilmədim. Bilirsiniz niyə? Çünki bu çirkabın ətrafı zəhərli ilanlarla doludur. Nəzərə alsaq ki, qarşıdan yay ayı gəlir və ilanlar ərazidə daha da çoxalacaq bu ikiqat təhlükəyə çevrilir. Gölün üfunət qoxan iyini heç demirəm. Sahibsiz itlər də çoxdur. Stansiyanın binası da uçuq vəziyyətdədir. Aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik, amma bir nəticəsi yoxdur. Belə getsə yeni bir xəstəliyin başlanğıcı elə burada qoyulacaq. Bu göl və çirkab, antisantar vəziyyət biləvasitə buna səbəbdir” Bunu Moderator.az-a açıqlamasında Aşağı Güzdək sakini Məhəmməd Yusifli deyib.
 
 
Mövzu ilə bağlı Abşeron rayonu Aşağı Güzdək Bələdiyyəsinə müraciət etdik. Özünü təqdim etməyən Bələdiyyə işçisi saytımıza bunları bildirdi:
“Birincisi sualı niyə telefonla verirsiniz? Bizim burada Bələdiyyə sədrimiz var, yaxınlaşın, sualı yerində ünvanlayın, cavabı da alın. İkincisi də o çirkab sular Binəqədi rayonundan ora axır. Bu problemi həll etməyə yalnız “Azərsu” ASC-nin gücü çatar. Onu bələdiyyə etməyib ki! Bələdiyyənin özünün də neçə hektarlarla torpağı suyun altında qalıb. Kimin xoşu gəlir ki, orada belə göl olsun?! Kənd camaatı da, biz də bu çirkab sulardan əziyyət çəkirik” deyə bildirib.
Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə etdiyimiz müraciətimizə isə “Sədr müavini Ruhiyyə xanım yerində deyil, 15 dəqiqəyə zəng edərsiniz” cavabı verildi. 15 dəqiqə sonra etdiyimiz zəng də cavabsız qaldı. Ümid edirik ki, aidiyyatı qurumlar yay ayı gəlmədən problemin həllinə çalışacaqlar.
 
Seçilən
35
4
Mənbələr
Şərh ()
Bağla