AZ

Lunyovun medal arzusu: "Bunlar mənə əlavə təcrübə qazandırıb" (MÜSAHİBƏ)

Ruslan Lunyov Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan ilk atletidir. 2023-cü ilin martında Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın gümüş medalını əldə edən Lunyov olimpiada vəsiqəsini də təmim etmişdi.

Ruslanla Olimpiya Oyunların hazırlıq barədə söhbətləşdik.

- Azərbaycana Paris-2024-ə lisenziya qazandıran ilk idmançısınız. Olimpiadaya hazırlığınız necə gedir?
- Hazırlıq uğurla davam edir. Hər şey qaydasındadır. Bizim üçün lazım olan yarışlara gedirik. Maksimum dərəcədə Olimpiya Oyunlarına hazırlaşırıq.

- İki olimpiadada çıxış etmisiniz. Üçüncü cəhddə sizdən uğur gözləyənlərin sayı çoxdur. Şanslarınızı nə dərəcədə qiymətləndirirsiniz?
- Bəli, qeyd etdiyiniz kimi üçüncü dəfə Olimpiya Oyunlarında iştirak edəcəm. Şanslarımı yüksək qiymətləndirirəm. Yaxşı idman formasındayam. Son iki ildə bir çox beynəlxalq yarışlarda medallar qazanmışam. Bütün bunlar mənə əlavə təcrübə qazandırıb. Ona görə düşünürəm ki, bu dəfə uğurlu çıxış etmək nəsib olacaq.

- Lisenziya qazanıb, işin əsas hissəsini görmüşdünüz. Ondan sonrakı yarışları bir növ olimpiyadaya hazırlıq prosesi kimi qiymətləndirmək olar?
- İşin əsas hissəsini gördüyümü deməzdim. Düzdür, lisenziya qazanmaq heç də əsas deyil. Amma əsas Olimpiya Oyunlarında medal qazanmaqdır. Hazırlığımı da bu yöndə qururam. Maksimum nəticə göstərmək üçün əlimdən gələni edəcəm.

- Əvvəlki olimpiadalardakı çıxışınızla indikini müqayisə etdikdə, özünüzdə daha çox nələri dəyişmisiniz?
- Bəzi texniki dəyişikliklər oldu. Daha çox psixoloji yöndə işlər gördük. Ümumiyyətlə, sonuncu Olimpiya Oyunlarına hazırlıqlarda problemlər oldu. Pandemiya idi. Bizə lazım olan bir çox məkan işləmirdi. Buna görə 1 il məşq etmədik. Olimpiya Oyunlarına 3 ay qalmış hazırlıqlara başladıq. Ona görə işlərimiz istədiyimiz kimi getmədi. Amma bu dəfə hər şey yaxşıdır, planlarımız olduğu kimi gedir.

- Qeyd etdiyiniz kimi bir çox beynəlxalq yarışlarda medallar qazanmısınız. Bunların fonunda Ruslan Lunyov özünü nə qədər hazır hiss edir?
- Bir çox yarışlarda uğurlu çıxışım olub. Nəticələrə və performansıma baxdıqda deyə bilərəm ki, özümü Olimpiya Oyunlarına tam hazır hiss edirəm. Lakin hələ də maksimal forma yığmaq üçün vaxtımız var. Ona görə planımızı qurmuşuq. Əsas odur ki, zirvə yarışına tam formada yollanım.

- Ölkə kubokunda uğurlu çıxışınız oldu. Ümumiyyətlə, bir çox ölkə daxilində qatıldığınız turnirlərdə favoritlərin siyahısında adınız birinci çəkilir. Məsələyə təcrübəli idmançı kimi yanaşdıqda, gənc atletlərin səviyyəsi sizi nə dərəcədə qane edir?
- Gənc idmançılarımız yavaş-yavaş inkişaf edir. Onlar inkişaf etdikcə mənim üçün yarışlar daha da çətinləşir. Bu da mənim üçün bir növ motivasiyadır. Çünki səviyyə yüksəldikcə çempion olmaq üçün daha çox çalışmalısan. Təbii ki, beynəlxalq yarışlarda bu, mənə yaxşı təsir edir. Buna görə çox şadam. İstərdim nəticələr daha yüksək olsun ki, komanda yarışlarında medallar qazanaq. Təssüf ki, bu günə qədər komanda yarışlarında medalım yoxdur.

- Bu növdə tək lisenziya sahib atletsiniz. Olimpiya Oyunlarında daha çox azərbaycanlı komanda yoldaşlarınızın çıxış etməsi üçün nə çatmır?
- Atıcılıq çətin və bahalı idman növüdür. Çünki burada istifadə edilən güllələr və s. bahalıdır. Silahlar tez-tez sıradan çıxır. Onların təmiri çətin, ehtiyat hissələri isə asanlıqla tapılmır. Bu çətinlik yaradır. Amma qeyd etməliyəm ki, hazırda federasiya rəhbərliyi bütün imkanları yaradır. Yeni silahlar alınıb. Son iki ildə daha çox inkişaf görünür. Gənclər də sürətlə inkişaf edir. Sadəcə vaxt lazımdır. 3-4 ildən sonra yeni və perspektivli atıcılarımız olacaq. Yeni məşqçilər də dəvət olunub. Onlar da təcrübələrini idmançılarla bölüşürlər. Sadəcə qeyd etdiyim kimi vaxt lazımdır.

Məlik Məlikov
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla