AZ

Mənşur Gülməmmədli vəzifəsindən azad edildi

Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib.

“Yeni Sabah” TNS-ə istinadən xəbər verir ki, dünən hava limanında iclas keçirilib, Mənşur Gülməmmədli yol verdiyi ciddi nöqsanlara görə, sərt tənqid edilib.

Qeyd edək ki, ötən il Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Beynəlxalq Hava Limanında nəzarət tədbirləri həyata keçirib. Nəzarət tədbirlərinin nəticələri gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantlarının olmasını göstərib. Bu, hava limanının gəlirlərinin hesabatlarda doğru-düzgün əks olunmamasına gətirib çıxarıb.

Naxçıvan Beynəlxalq Hava Limanı muxtar respublikanın ən çox korrupsiyalaşmış orqanlarından biridir. Hava limanının direktoru Mənşur Gülməmmədli Talıbovlara arxayın olaraq, qanunsuz əməllər törədib.

Bir müddət əvvəl hava limanının keçmiş işçiləri direktor Mənşur Gülməmmədlinin onları qanunsuz şəkildə işdən çıxardığını, qurumda korrupsiya və rüşvətxorluqla məşğul olduğunu iddia etmişdilər.

Hava limanının sabiq əməkdaşı Fikrət Məmmədov Mənşur Gülməmmədlinin onu işdən çıxarmamaq üçün 1500 manat pul tələb etdiyini bildirmişdi.

“Mən bu vəsaiti niyə verməli olduğum barədə sual verəndə Mənşur Gülməmmədli bildirdi ki, pul Vasif Talıbova çatdırılacaq. Pulu verməyəcəyim halda məni işdən azad edilməklə hədələdi. Mən də məcbur qalıb tanış insanlardan borc alaraq M.Gülməmmədliyə otağında 30 ədəd 50 AZN verdim”, - Fikrət Məmmədov şikayət məktubunda qeyd etmişdi.

Daha bir şikayətçi isə yazırdı ki, Mənşur Gülməmmədli hava limanını şəxsi mülkü kimi idarə edib.

Hava limanında sərnişinlərin daşınan yükünə görə, qəbz verilməməsi, yükü çox olan sərnişinlərin yükünün başqa sərnişinlərin adına rəsmiləşdirilməsi adi hal almışdı. Baqajı olanlardan baqaj pulu alınır, ancaq həmin yük baqajı olmayan sərnişinlərin adına yola salınırdı. Beləliklə, həmin vəsait mənimsənilirdi.

Bir neçə ay bundan əvvəl TNS-ə müraciət edən şikayətçi bildirmişdi ki, Moskvaya gedərkən onun yükünün daşınması üçün hər kiloqrama 6 dollar tələb ediblər. Halbuki uçuşu həyata keçirən “Utair” şirkəti yükün daşınmasına görə, hər kiloqram üçün 1 dollar müəyyənləşdirib. Sərnişin dərhal “Utair” hava şirkəti ilə əlaqə yaradıb ödəniş haqqını dəqiqləşdirib. Bundan sonra hava limanının əməkdaşlarından ödədiyi vəsaitə görə qəbz tələb edib. Ona bildirilib ki, burada heç kimə qəbz verilmir. Sərnişinin hay-küy saldığını görən əməkdaşlar növbə rəisini çağırıblar. Növbə rəisi sərnişinə deyib ki, onların günahı yoxdur, hava limanının direktoru belə tapşırıq verib. Şifahi tapşırıq belədir ki, daşınan yüklərə görə, heç bir sərnişinə ödədiyi vəsaitin qəbzi verilməməlidir. Növbə rəisi sərnişini sakitləşdirib, ödədiyi artıq vəsaiti qaytarıb və xahiş edib ki, qəbz tələb etməsin. Çünki qəbzdə bir dollar göstəriləcək, bu, ictimaləşdirilsə, heç kimdən 6 dollar ala bilməyəcəklər. Çox xahiş minnətdən sonra sərnişin ödədiyi artıq vəsaiti geri alıb və qəbz tələb etməyib.

Şikayətçi sual etmişdi: “Əgər hava limanında Moskva reysi üçün alınan 6 dollar qanunidirsə, niyə onun ödədiyi artıq vəsait geri qatarılıb? Nəyə görə, ona yalvarıblar ki, qəbz tələb etməsin?”

Naxçıvan Beynılxalq Hava Limanının rəhbərliyi illərdir, bu yolla milyonlar qazanıb. Həmin vəsait dövlət büdcəsinə keçirilsə, hava limanının müəyyən xərclərini ödəmək mümkün olar, dövlətdən daha az dotasiya alınardı.

Dəfələrlə qeyd etmişdik ki, aidiyyəti orqanlar təcili şəkildə hava limanında yoxlamalara başlamalıdır. Hava limanında şəffaflığın artırılması, vəsaitlərin mənimsənilməsinin qarşısının alınması üçün limanın AZAL-ın tabeliyinə verilməsi, onun korrupsioner rəhbəri Mənşur Gülməmmədlinin isə təcili şəkildə vəzifədən uzaqlaşdırılması əsas şərtlərdən biri idi.

Nəhayət, bu yaxınlarda Naxçıvan Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verildi. Bu gün isə Mənşur Gülməmmədli vəzifəsindən azad edildi.

Mənşur Gülməmmədli 2010-cu ildən bu vəzifədə çalışırdı.

Hava limanının direktorunun səlahiyyətlərini Hikmət Əhmədov icra edəcək. Hikmət Əhmədov əvvəllər hava limanı direktorunun müavini vəzifəsində çalışıb. Hikmət Əhmədov bu təyinatadək “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsin direktoru vəzidəsində çalışırdı. O, bu sahədə ixtisaslı və peşəkar kadr kimi tanınır.


Telegram kanalımız
Seçilən
82
Mənbələr
Şərh ()
Bağla