AZ

Arda Turan İspaniyada yenə məhkəməlik oldu

Türkiyə 1-ci Liqasında mübarizə aparan “Eyüpspor” komandasının baş məşqçisi Arda Turan İspaniyada 230 min avro cərimə oluna bilər.

Arena.az xəbər verir ki, buna Türkiyə millisinin sabiq üzvünün “Barselona”da oynadığı dövrdə kirayədə qaldığı evə külli miqdarda zərər vurması səbəb göstərilir.

“El Periodico de Espana” qəzetinin yaydığı məlumata görə, həmin evin sahibi tərəfindən Barselona Əyalət Məhkəməsində açılan iş hələ də davam edir. Keçmiş futbolçu yaşadığı 3 il müddətində həmin evə 230 min avro ziyan vurmaqda ittiham olunur.

Barselonanın elit məhəlləsində yerləşən və dəyərinin 18 milyon avro olduğu bildirilən evin sahibi məhkəməyə təqdim edilən ekspertiza rəyinə istinad edərək, Ardanın qapılara, bağçaya, işıq və elektron sistemə, hətta tavana qədər zərər vurduğunu iddia edir.

Evdəki ən bahalı ziyanın 84 min 30 avro, mətbəxə dəymiş ziyanın isə 64 min 258 avro təşkil edən mebel, işıqlandırma sistemi və təmizlik işləri olduğu deyilir.

Villa sahibi açıqlamasında Ardadan belə şikayətlənib: “Əvvəlki kirayəçilər müsəlman olmadığı üçün Arda evi tamamilə dezinfeksiya etdirib, çox yaxşı təmizlətdirib. Televizorun pultunu qol vuranda hovuza atırdılar. Min avro dəyərində pultu… Onlar bunu 10-15 dəfə təkrar ediblər. Evdə təbii aşınma olmadığı açıq-aydın görünür. Hətta mebeldə qalan siqaret yanıqları da görünür. Bilirsiniz ki, bu tip evdə nəyisə təmir etmək və ya dəyişdirmək ucuz deyil”.

Barselona Əyalət Məhkəməsində işin ləng irəlilədiyi də qeyd olunub.

Xatırladaq ki, Arda Turan 2015-2018 illər aralığında “Barselona”da oynayıb.

Bahar Rüstəmzadə

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla