AZ

Laporta Xavinin gələcəyi haqda: “Tezliklə vəziyyət dəyişə bilər”

“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın baş məşqçi Xavinin mövsümün sonunda komandada qalması ehtimalı haqda sualı cavablayıb.

Arena.az Kataloniya klubunun rəhbərinin bu barədə cavabını təqdim edir:

“Bu məsələni mövsümün sonunda müzakirə edəcəyik. Biz bunu edəcəyik. Vəziyyət dəyişə bilər. Mən başa düşürəm ki, o zaman, Xavi ayrılacağını elan edəndə onu buna məcbur edən hallar vardı”, deyə Joan Laporta xüsusi məqama diqqət yönəldib.

Xatırladaq ki, Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb. O, bu kluba Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 134 oyun keçirib. “Blauqrana” bu oyunlarda 85 qələbə qazanıb, 23 heç-heçə edib və 26 məğlubiyyətə üzülüb.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. O, futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 31 turundan sonra 70 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya Kataloniya təmsilçisinin əzəli rəqibi, 78 xala malik Madrid “Real”ı başçılıq edir.

Xavi hələ mövsümün ortasında, komandasının işləri o qədər də yaxşı getmədiyi dövrdə cari mövsüm bitən kimi “Barselona”dan ayrılacağını açıqlamışdı. O, sonralar da dəfələrlə bu fikrində qəti olduğunu bəyan edib.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla