AZ

Bir bu çatmırdı - Özünü Terimə oxşadıb, iki daşın arasında iki  edən

Eşitmişəm, «Səbail»in baş məşqçisi Şahin Diniyev özünü Fatih Terimə oxşatmaq istəyib.

Deyəsən, deyib ki, «biz «bitmədi» deməyənə kimi bitməyəcək».

Afərin! Halal olsun ona!

Dilçəyi olmasa da, dili var.

Zarafatlaşa-zarafatlaşa «Səbail»i gətirib yeddinci yerə saldı. Bunu burada başqa bir məşqçi etsəydi, çoxdan şələ-küləsini arxasına yükləyib yola salmışdılar.

Demişdilər, di get, hara gedirsən. Əmbə ona demirlər və açığı, inanmıram ki, yaydan tez bu sözü eşidə.

Bəlkə heç onda da demədilər. Dedilər ki, getmə özündən, gedərik özümüzdən.

Adamın gərək adamı ola. Məşqçiliyi olmasa da olar, qəmin kəm,Rauf Vəliyevin yanında arxa-dayağın, səhvi düz çatdıranın varsa, otur yerində, kef elə!

Şahin Diniyevin bu sarıdan həmişə bəxti gətirib. Hansı klubsa olubsa, rəhbərlikdən özünə oxşamış birini tapıb, işini görüb. İşlədiyi klublara heç nə qazandırmasa da, özü qazanıb.

«Kəpəz»in nəyəsə iddiası yox artıq, Premyer Liqada qalmaq tapşırığının öhdəsindən gəlib, sakitləşib.

Sənin komandan hesabı 0:2-dən 3:2-yə gətiribsə, bu oyunu əldən qaçırmağa haqqın yoxdur. Gözünə döndüyüm Şahin Diniyev nə etsə yaxşıdır?

Üçüncü topu vurandan sonra taktiki sxemi dəyişib, beşli müdafiəyə keçdi, «Kəpəz»ə orta sahədə geniş bir dəhliz açdı.

Bu da azmış kimi, meydanın ən yaxşılarından olan Fərid Nəbiyevi oyundan aldı, Aleksandr Ramalinqomu Adi Mehremiçlə əvəzlədi, sonuncu da az keçmiş iki sarı vərəqə alıb «Səbail»i azlıqda buraxdı, qonaqlar bərabərlik qolunu vurdu.

İki daşın arasında bunca səhvə verən baş məşqçi o texniki zonaya bir də yaxınlaşmasın gərək. Rauf Vəliyevə bu səhvini necə izah edəcək, ona necə don geyindirəcək, mənə maraqlıdır.

Kim bilir, yenə yazıq görkəm alacaq…

ELXAN

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla