AZ

Görən, məni "Qəbələ"yə baş məşqçi götürərlər?

Özü də klubun prezidenti kəndçimdi, dostumdu, bəzən məni oyunlarını izləmək üçün Qəbələyə də dəvət edir, hərdən də zəngləşirik, hal-əhval tuturuq.

Futbol ictimaiyyəti də məni yaxşı tanıyır, bilirlər ki, futbolu Foqtsdan, De Byazidən, Mutudan, indi də Bojoviçdən yaxşı bilirəm.

Uzun illər də «Qarabağ» komandasının yanında olmuşam. Futbolun sirlərini də onda öyrənmişəm. Azərbaycanın məşhur məşqçiləri Qurban Qurbanovla, Rəşad Sadıqovla, Tərlan Əhmədovla da dostam.

Gedib Gürcüstandan Kaxaber Tsaxadadzeni (rəhmətliyin oğlunun familiyasını, bağışlayın e, soyadını düzgün yazmaq üçün gərək iki dəfə “Qol.az”a girəsən) yalvarıb gətirməkdənsə, elə məni çağırın də, qardaş. Mövsümün sonunda Kaxaber gedib Gürcüstan çayxanalarında nə qədər itdöyən futbolçu var bir “Kamaz”a yükləyib gətirəcək «Qəbələ»yə. Necə ki vaxtilə bunu «Bakı» komandasında elədi, onda limit yox idi, meydançaya on legioner buraxırdı. Və bir dəfə də təsadüfən çempion oldu. Yaxşı məşqçi olsa Gürcüstan onu buraxmazdı.

Həm də Kaxaberdən bir üstünlüyüm var. Mənə tərcüməçi lazım olmayacaq. Bundan başqa da mən ixtisasca dil-ədəbiyyat müəllimiyəm. Üç-dörd ayın içində “Qəbələ”dəki legionerlərə dərs keçib Azərbaycan dilini elə öyrədəcəm ki, dilimizdə bülbül kimi cəh-cəh vuracaqlar. Və onlara da tərcüməçi lazım olmayacaq. Görün klub nə qədər pula qənaət edəcək.

Və həm də mən söz verirəm ki, Kaxaber kimi etməyəcəm, yəni gedib Ağdamdan, Qarabağdan heç bir mikroavtobus da oyunçu yığıb gətirməyəcəm, qəbələlilərin özlərini yetişdirəcəm, gül kimi akademiyası var. Gül kimi infrastrukturu, stadionları var.

Kaxaber gələndən deyəsən yeddi oyunun altısını uduzub, birini də heç-heçə edib. Uduzmaq uduzmaqdı, elə mənimlə uduzarlar. Heç olmasa uduzandan sonra ürəyim yandığından futbolçuları başıma yığıb bir ağlayaram da.
Amma onu da deyim ki, uduzmaram.

Dostum Fariz Nəcəfov, bax gör neynəyirsən!

Aqil Abbas

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla