AZ

Deku: “Barsa”nın Xavini fikrində daşındırmaq üçün planı yoxdur”

“Barselona”nın idman direktoru Deku mövsümün sonunda klubdan ayrılacağını açıqlamış baş məşqçi Xavinin sözlərinə münasibətini bildirib.

Arena.az xatırladır ki, Xavi son dövrlərdə bu məsələyə dair müvafiq suallara cavabında qərarının qəti olduğunu və komandada qalmayacağını bir daha təsdiqləyib.

Dekunun bu barədə fikirləri də maraq doğurur:

“Hazırda Xavinin klubdan ayrılmaq barədə fikrini dəyişdirmək planı yoxdur. O meydana çıxsa, o zaman bu haqda danışarıq. Sakitlik nəticə verir. İndi komanda qalib gəlir. Biz artıq Xavi haqqında çox danışmışıq. Bu şəxsi sualdır. Burada müzakirə ediləcək bir məqam yoxdur. Növbəti qarşılaşmalar haqda düşünməliyik”, deyə Deku vurğulayıb.

Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb. O, bu kluba Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 134 oyun keçirib. “Blauqrana” bu oyunlarda 85 qələbə qazanıb, 23 heç-heçə edib və 26 məğlubiyyətə üzülüb.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. O, futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 31 turundan sonra 70 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya Kataloniya təmsilçisinin əzəli rəqibi, 78 xala malik Madrid “Real”ı başçılıq edir.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla