AZ

“Real” xal fərqini qorudu, “Jirona” 3-cü yeri də əldən verə bilər - TURUN İCMALI

Artıq əminliklə demək olar ki, “Real”a sona qədər çempionluq yarışında müqavimət göstərə biləsi yeganə komanda “Barselona”dı.

“Football-plus.az” xəbər verir ki, səfərdə “Atletiko”ya uduzan “Jirona”nın isə 3-cü yeri əldə saxlaması belə çətin olacaq. Amma ÇL-ə vəsiqə qazanan komandaların tərkibi də, çox güman, dəyişməyəcək.

“Real” mövsümdə 2-ci dəfə “Malyorka”nl minimal hesabla məğlub etdi. “Kral klubu” ölkə kubokunun finalçısının fonunda ilk yarıda heç də məzmunlu oyun göstərmədi. Adalılar rəqibin hücumlarına hücumla cavab verirdi. Lunin Railyonun baş zərbəsindən sonra komandasını xilas etdi, ardından Bellingem topu tirə vurdu. Fasilədən dərhal sonra madridlilər Çuamenin uzaqdan zərbəsi sayəsində irəli çıxdı. “Real” hesabı inamla qorudu, hələ qələbəni inkişaf etdirməyə də çalışdı. Vinisius fərqlənməyə çox yaxın idi. Uzatma dəqiqələrində isə Lunin topu əlindən buraxdı, Muriqi madridliləri bağışladı. “Real” çempionatdakı ardıcıl 4-cü qələbə sayəsində ən yaxın izləyicisi “Barselona” ilə xal fərqini qorudu.

Kataloniyalılar da yeganə qolla qələbə qazandı. Xavi Parisə çətin səfərin ardından komandanın bəzi liderlərinə dincəlmək imkanı yaratdı, son oyunlarda inadkar təsir bağışlayan “Kadis”in önünə qarışıq heyətlə çıxdı. Oyun “Barsa” üçün çətin keçsə də, hər halda, qonaqlar arzuladığı 3 xalı qazandı. İlk yarıda meydan sahibləri heç də pis təsir bağışlamadı. Ancaq kataloniyalılar künc zərbələrindən birini qola çevirdi. Feliş qarışıqlıqda cəld tərpənib topu tora göndərdi. Qonaqlar fasilə ərəfəsində 2-ci qolu vurmağa da yaxın oldu. Ancaq Lopesin zərbəsindən sonra topu qapı xətti üzərində saxlayan Çust intriqanı ölməyə qoymadı. 2-ci hissənin əvvəlində Xuanmi ofsayddan rəqib qapısına yol tapdı. Meydan sahibləri bundan sonra da məğlubiyyətdən qurtulmaq üçün çox çalışdı. “Barsa” isə ancaq mininal üstünlüyü qorumaqla məşğul oldu. “Jirona”dan da bir qədər uzaqlaşan kataloniyalılar nə qədər ümidsiz görünsə də, “Real”ın təqibini davam etdirir.

Çempionlar Liqasında “Borussiya” üzərindəki qələbədən cəmi üç gün sonra “Atletiko” yenə azarkeşlərini sevindirdi. “Jirona”nı məğlub edən “hindular” bu komandaya bir qədər də yaxınlaşdı. Simeonenin müəyyən rotasiyaya əl atması fonunda qonaqlar oyuna daha yaxşı başladı. Onlar artıq 4-cü dəqiqədə hesabı açdı. Koutonun asmasından sonra Dovbik yaxın məsafədən topu tora göndərdi. Ukraynalı hücumçu mövsümdə 17-ci qolunu vurmaqla bombardirlər yarışında liderliyi ələ keçirdi. Ancaq bu, “Jirona” üçün yeganə sevindirici məqam oldu. Hələ fasiləyə qədər “Atletiko” oyunun axarını dəyişməyi bacardı. 34-cü dəqiqədə Qutyerresin əllə oynamasına görə təyin olunan penaltini Qrizmann qola çevirdi. İlk yarıya əlavə olunan 6-cı dəqiqədə isə “hindular” daha bir qol vurdu. Topu meydanda saxlayan Moratanın asmasından sonra Korrea qapının uzaq küncünü “nişan aldı”. Üstəlik 2-ci hissə başlayan kimi “Atletiko” üstünlüyünü möhkəmlətdi. Solisin səhvindən yararlanan Qrizmann topu yaxın “9-luğ”a göndərməklə dublunu rəsmiləşdirdi. “Jirona” dərhal oyuna dönə bilərdi, ancaq Dovbik yaxın məsafədən “çərçivə”yə düşmədi. Qonaqlar topla daha çox oynasalar da, meydan sahibləri də öz qapısına doğru çəkilməmişdilər. Kataloniyalıların təzyiqi sonda heç bir nəticə vermədi. Əzmkar qələbə qazanan “Atletiko” “Jirona” ilə xal fərqini 4-ə endirdi. Madridlilər “Borussiya” ilə cavab görüşünə yaxşı əhval-ruhiyyədə yollanacaq.
Elita ilə vidalaşacağı şübhə doğurmayan “Almeriya” favoritlərin əsəbləri ilə oynamaqdadı. “Real Sosyedad” evdə bu komanda ilə bacarmadı – 2:2. Qonaqlar 30-cu dəqiqədə irəli çıxsa da, basklar dərhal hesabı bərabərləşdirdi. 59-cu dəqiqədə artıq Oyarsabal “Real Sosyedad”ın qələbə ümidini artırdı. Ardından çoxlu qol imkanını qaçıran meydan sahibləri sona iki dəqiqə qalmış penalti ilə cəzalandı.

ÇL-ə vəsiqəyə can atan “Atletik” “Vilyarreal”la oyunda iki xal itirməklə işini çətinə saldı. Baxmayaraq ki, “sarı sualtı qayıq” 46-cı dəqiqədə Komesanyanın meydandan qovulması üzündən azlıqda qalmışdı.

Avrokuboklara vəsiqə uğrunda oynayan “Betis” “Selta”nı məğlub etdi. Viqoluların elitada yerini qoruması hələ də sual altındadı. Səfərdə “Las-Palmas”ı məğlub edən “Sevilya” isə artıq bu vəzifənin öhdəsindən gəlib. Ümidsiz durumda olan “Qranada” “Alaves”ə qalib gəldi, “Rayo Valyekano” – “Xetafe” oyununda qol vurulmadı. Turun dünən axşan keçirilən son oyununda “Osasuna” “Valensiya”ya uduzdu.

31-ci tur
Malyorka – Real 0:1
Çuameni, 48. (23244)
Real: Lunin, Mendi, Naço, Rüdiger, Vaskes (Militao, 90), Modriç (Karvaxal, 86), Çuameni, Dias (Vinisius, 63), Bellingem (Kamavinqa, 64), Valverde, Xoselu.
Kadis – Barselona 0:1
Feliş, 37. (19607)
Barselona: Ter Ştegen, Alonso, Kristensen (Kunde, 62), Kubarsi, Fort (Pedri, 62), Lopes (Rafinya, 80), Romeo, Roberto, Feliş (Kasado, 85), Torres, Roke (Yamal, 62).
Atletiko – Jirona 3:1
Qrizmann, 34-p.; 50. Korrea, 45+6 – Dovbik, 4. (64214)
Atletiko: Oblak, Rikelme (Lino, 68), Mandava (Vitsel, 46), Ermoso, Saviç, Molina, Saul (Morata, 41), Koke, De Paul (Aspilikueta, 75), Qrizmann (Lyorente, 68), Korrea.
Jirona: Qassaniqa, Qutyerres, Blind, Lopes (Martines, 65), E.Qarsiya, Savio (Fernandes, 83), Errera (Portu, 65), A.Qarsiya, Solis (Torre, 57), Kouto, Dovbik (Stuani, 83).
Real Sosyedad – Almeriya 2:2
Bekker, 32. Oyarsabal, 59 – Embarba, 30; 88-p. (26520)
Real Sosyedad: Remiro, Qalan, Le Norman, Subeldiya, Traore, Barreneçea (Kubo, 70), Merino, Subimendi, Zaxaryan (Paçeko, 89), Oyarsabal (Silva, 78), Bekker (Turryentes, 70).
Atletik – Vilyarreal 1:1
Sanset, 67 – Parexo, 90+5-p. (50061)
Betis – Selta 2:1
Miranda, 53. Fekir, 83 – Strand Larsen, 90+1. (47341)
Rayo Valyekano – Xetafe 0:0
(12868)
Las-Palmas – Sevilya 0:2
Ən-Nəsiri, 43. Lukebakio, 90+3. (23698)
Qranada – Alaves 2:0
Uzuni, 9-p. Boye, 38. (13398)
Osasuna – Valensiya 0:1
Almeyda, 18. (19480)
1. Real 31 24 6 1 67-20 78
2. Barselona 31 21 7 3 62-34 70
3. Jirona 31 20 5 6 63-39 65
4. Atletiko 31 19 4 8 59-36 61
5. Atletik 31 16 9 6 51-29 57
6. Real Sosyedad 31 13 11 7 45-33 50
7. Valensiya 31 13 8 10 34-32 47
8. Betis 31 11 12 8 38-37 45
9. Vilyarreal 31 10 9 12 49-54 39
10. Xetafe 31 9 12 10 37-43 39
11. Osasuna 31 11 6 14 36-44 39
12. Las-Palmas 31 10 7 14 29-35 37
13. Sevilya 31 8 10 13 39-44 34
14. Alaves 31 8 8 15 26-38 32
15. Malyorka 31 6 13 12 25-36 31
16. Rayo Valyekano 31 6 13 12 25-38 31
17. Selta 31 6 10 15 33-46 28
18. Kadis 31 4 13 14 21-41 25
19. Qranada 31 3 8 20 32-60 17
20. Almeriya 31 1 11 19 30-62 14
Bombardirlər: Dovbik (Jirona) – 17, Bellingem (Real), Budimir (Osasuna) – 16, Mayoral (Xetafe) - 15, Morata (Atletiko), Sörlot (Vilyarreal) - 14.

Növbəti turun oyunları aprelin 19-22-si aralığında keçiriləcək: Atletik – Qranada, Selta – Las-Palmas, Rayo Valyekano – Osasuna, Valensiya – Betis, Jirona – Kadis, Xetafe – Real Sosyedad, Almeriya – Vilyarreal, Alaves – Atletiko, Real – Barselona, Sevilya – Malyorka.

Turun rəqəmi
20 – “Real” 31 turdan sonra cəmi bu qədər qol buraxıb. Bu isə klub rekordunun təkrarlanmasıdı. “Real” 1987/88 mövsümündə də 31 turdan sonra qapısında cəmi 20 qol görmüşdü.

Turun ulduzu
Antuan Qrizmann (Atletiko) – komandasının əzmkar qələbəsində önəmli rol oynadı. Qapıya 6 zərbəsindən ikisi qolla nəticələndi. “Atletiko”nun ikinci qolu vurduğu hücumu da fransalı ulduz başladı.

Turun sitatı
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Çox razıyam, ona görə ki, 2-ci hissəni yüksək səviyyədə keçirdik. Hansı vəziyyətdə olduğumuzu və hər oyunda bizdən nə tələb olunduğunu bilirik. Yetərincə etibarlı oynayırıq, baxmayaraq ki, heç də həmişə yaxşı deyildik. Əla səviyyəyə çatmışıq, öhdəliklərimizi də yaxşı anlayırıq”.


Faktlar
* “Las-Palmas”ın müdafiəçisi Saul Koko meydandan qovulanda 6-cı dəqiqənin 34-cü saniyəsi gedirdi. Bu, “Las-Palmas” oyunçuları üçün 21-ci əsrdə La Liqada ən erkən qovulmadı.
* “Real” La Liqada keçirdiyi son 12 səfər oyununun heç birində uduzmayıb (8 qələbə, 4 heç-heçə). Bu, Madrid klubunun Ançelottinin rəhbərliyi altında səfərdəki ən uzun məğlubiyyətsiz seriyasıdı.

Reaksiya
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“Oyuna dönmək üçün bizə iki qol vurmaq lazım idi. Rəqib oyuna yaxşı başladı, elə ilk hücumda hesabı açdı. Təxminən 25-ci dəqiqədə daha yaxşı pressinq etmək, təkbətək mübarizələrdən qalib ayrılmaq üçün oyun üslubumuzu dəyişdik. 2-ci hissənin axarına isə əvvəldən axıra qədər nəzarət etdik. Son oyunlar komandam üçün çox yaxşı keçir”.
Seçilən
52
Mənbələr
Şərh ()
Bağla