AZ

Şarl de Ketelare “Milan”a qayıtmaq istəmir: “Burada mənə xoşdur”

“Atalanta”da 1 illik icarə əsasında çıxış edən, “Milan”ın hücumçusu Şarl De Ketelare Berqamodan Milana mümkün qayıdışını şərh edib.

Arena.az xatırladır ki, daha əvvəl, “Atalanta”nın icarəyə götürdüyü oyunçunu almaq şərtindən yararlanmaq niyyətində olduğu haqda məlumat yayılmışdı.

“Atalantanın məni 23 milyon avro məbləğə almaq imkanı var, amma bu, onların işidir. Burada qalmağa çox şad olardım, burada xoşbəxtəm. “Milan”a qayıtmaq seçiminə gəlincə, bu, əlbəttə ki, yüksək səviyyəli klubdur, amma mən oynamaq istəyirəm. Mənim 23 yaşım var və ehtiyat oyunçu olmaq istəmirəm”, deyə De Ketelare vurğulayıb.

Xatırladaq ki, “Milan” Şarl De Ketelareni 2022-ci ilin avqust ayınnda “Brügge”dən 36,5 milyon avro qarşılığında transfer etmişdi. O, “Milan”da 40 oyuna cəmi 1 məhsuldar ötürmə müəllifi olub. Belçikalı futbolçunun milanlılarla mövcud müqaviləsi 2027-ci ilin 30 iyununa qədərdir.

“Milan”dan öncə yalnız “Brügge”də oynamış yarımmüdafiəçi Belçika millisində də 14 oyuna çıxıb, 2 qol vurub.

Şarl de Ketelare “Atalanta”da daha uğurlu çıxış edir. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi bu komandanın heyətində 37 oyun keçirib, 10 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Onun Berqamo klubu ilə icarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. “Atalanta” bir illik icarə üçün “Milan”a 3 milyon avro ödəyib. Bu yay klub transfer haqqını (23 milyon avro) ödəməklə onu birdəfəlik heyətinə qatmaq hüququna da malikdir.

“Transfermarkt” internet-portalı 23 yaşlı belçikalı futbolçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla