AZ

“Xarici agentlər” haqqında qanun — Azərbaycanda da qəbul edilməlidirmi?

 ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib ki, “Xarici agentlər” haqqında qanun layihəsi Gürcüstan vətəndaşlarının həyatını yaxşılaşdırmaq üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarına zərər verəcək və ölkənin Avropa yolundan uzaqlaşmasına səbəb olacaq. “Biz həmçinin yeni qanun layihəsinin Gürcüstan vətəndaşlarına keyfiyyətli məlumat vermək üçün çalışan müstəqil media qurumlarına mane olacağından narahatıq. Lakin bu, hələ də qanun layihəsi olduğundan heç bir nəticəni müzakirə etməyəcəyəm”, - o vurğulayıb.

Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə,Qərbin bu məsələdə narahatlığı başa düşüləndir. O, Demokrat.az-a açıqlamasında deyib ki, Gürcüstan hökumətinin bu qərarı qəbul etməsinin səbəbi xaricdən gələn fondlar, maliyyə vəsaitləri, donor layihələrinə nəzarət etməkdir:

“Bundan sonra hökumətin əlində tam səlahiyyət olacaq ki, bunları ya dondursun, ya da fəaliyyətini nizamlasın. Qərb və ABŞ qrant layihələrinə hökumətin nəzarət etməsini istəmir. Gürcüstan vətəndaş cəmiyyəti yeni qanun layihəsini “rus qanunu” adlandırır, çünki Rusiyada qəbul edilən qanunun bənzəridir və buna etiraz edir. Hökumət də düşür ki, Qərb ölkəyə təzyiq göstərə bilər, əhalini ona qarşı təşkilatlandıra bilər. Gürcüstan son Baş nazir təyinatından sonra Rusiya və Çinə doğru yönəlməyə başladı. Bu qanunun qəbulu da həmin yaxınlaşmanın tərkib hissəsidir. Rusiya və Gürcüstanda bu qanunun qəbulu Qərbin təsirinə qarşı yönəlib. 

Düşünürəm ki, Azərbaycanda bu sektor kifayət qədər nəzarət altındadır. İstər daxildəki QHT proqramları, istər xaricdən maliyyələşənlər. Xüsusi bir qanunun qəbul edilməsinə ehtiyac yoxdur. Belə olarsa, bu, Avropa İttifaqı və ABŞ tərəfindən tənqidlərə tuş gələr. Nəzarət altında olan bir sahə ilə bağlı hər hansı qanunun qəbul edilməsinə lüzum görmürəm”.

Törə Zeynallı
Demokrat.az

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla