AZ

Bu canlılar sayəsində yaşlanmaq tarixə qarışacaq

Alimlər aşkar ediblər ki, tardiqrad zülalları insan hüceyrələrində maddələr mübadiləsini ləngidə bilir və bu, qocalma prosesini yavaşladan texnologiyaların əsasını təşkil edə bilər.

Medicina.az xəbər verir ki, tardiqradlar (su ayıları) dünyanın ən dözümlü canlı formalarından biridir. Onlar ən ekstremal şəraitdə yaşamaq qabiliyyətinə malikdirlər.

Su ayıları tamamilə qurudulduqda, dondurulduqda, 150 dərəcə temperaturda qızdırıldıqda, insanın dözə biləcəyindən bir neçə min dəfə artıq işığa məruz qaldıqda və hətta kosmosda belə sağ qala bilirlər.

Əvvəlki araşdırmalar göstərmişdi ki, uzunluğu yarım millimetrdən az olan bu canlılar ekstremal şəraitə məruz qaldıqda bədənlərini qorumaq üçün vegetativ vəziyyətə keçirlər. Alimlər tardiqradların ətraf mühitin stresləri ilə qarşılaşdıqda bu müvəqqəti ölüm vəziyyətinə düşmək və çıxmaq üçün hansı mexanizmlərdən istifadə etdiyini öyrənməyə çalışırdılar.

İndi isə ABŞ-ın Wyoming Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu tardiqradların həyat proseslərini yavaşlatmaq üçün hüceyrələrinin içərisində gel əmələ gətirən zülallardan istifadə etdiyini aşkarladı.

Onlar kəşf etdilər ki, bu zülallar insan hüceyrələrinə əlavə edildikdə, molekullar tardiqradlarda olduğu kimi gel halına gəlir və maddələr mübadiləsi yavaşlayır. Bir sözlə, bu, hüceyrələri müvəqqəti ölüm vəziyyətinə gətirir və stresə qarşı müqaviməti artırır.

Su ayılarının bəzi qabiliyyətlərini insan hüceyrələrinə qazandıran bu prosesin geri dönə bilən olduğu da müəyyən edilib.

"Stress aradan qaldırıldıqdan sonra, tardiqrad gellər əriyir və insan hüceyrələri normal halına qayıdır", - tədqiqatın həmmüəllifi Tomas Bufbi deyir.

Əvvəlki araşdırmalar, hemofiliyalı xəstələrin müalicəsində istifadə edilən əhəmiyyətli bir dərmanın müxtəlif növ tardiqrad zülalları ilə sabitləşdirilə biləcəyini üzə çıxarmışdı. Ən son tapıntı isə qocalmanı yavaşlatmaq üçün hüceyrələrdə və hətta bütün orqanizmlərdə müvəqqəti ölüm halına səbəb olan yeni texnologiyaların inkişafına səbəb ola bilər.

Araşdırmanın nəticələri, həmçinin tardiqrad zülallarının soyutma texnologiyasının olmadığı yerlərdə həyat qurtaran müalicələri insanlara çatdırmaq və kök hüceyrə kimi müalicələrin saxlama potensialını artırmaq üçün istifadə oluna biləcəyinə dair əlavə sübutlar təqdim edir.

 

Seçilən
37
50
Mənbələr
Şərh ()
Bağla