AZ

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Kiyev, 16 aprel, AZƏRTAC

Aprelin 16-da Ukrayna xarici işlər nazirinin müavini İrina Borovets Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşüb.

AZƏRTAC Ukrayna Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, onlar ikitərəfli əməkdaşlqla bağlı bir sıra məsələləri müzakirə edib, hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi təsdiqləyiblər.

Görüşdə İrina Borovets Ukraynanın enerji sisteminə və mülki infrastrukturun bərpasına göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib.Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, xüsusilə Ukraynayönlü təşəbbüslərin dəstəklənməsinə və hərbi cinayətlərin pislənməsinə, ukraynalı uşaqların qanunsuz deportasiyasına, Beynəlxalq Krım Platformasına və Qlobal Sülh Sammitinə diqqət yetiriblər.

Səfir Seymur Mərdəliyev Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP 29-a hazırlıqla bağlı məlumat verib. Səfir, həmçinin Azərbaycanın Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasına bundan sonra da dəstək vermək əzmində olduğunu bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla