AZ

Qazaxıstanın Ermənistanda konsulluq açması etiraz doğurdu: “Səbəb nədir?”

“Ermənistanın Araqatsotn və Ararat vilayətlərində Qazaxıstanın fəxri konsulluqlarını açmaq niyyəti bir sıra suallar doğurur”.

KONKRET.az xəbər verir ki, bunu Qafqaz üzrə erməni ekspert Karen İgityan deyib.

“Araqatsotn və Araratdakı konsulluqların nə edəcəyi bəlli deyil, orada heç bir şəkildə Qazaxıstanla əlaqəsi olan əhali yoxdur. Bəlkə kimsə Qazaxıstanla əlaqəli əhalinin orada yerləşdiriləcəyi ilə bağlı hansısa məlumatlara malikdir? Axı Türkiyə və Azərbaycanın türkdilli əhalini burada məskunlaşdırmaq planlarını heç kim ləğv etməyib”, – İgityan “İcmal” verilişində deyib.

O vurğulayıb ki, əgər konsulluqların açılması üçün Şirak bölgəsi seçilsəydi, bu qərarın iqtisadi komponentindən danışa bilərdik. Amma İrəvana yaxın olan bölgələrdə iki konsulluğun açılması, hətta qazax əhalisinin burada olmaması bu qərarın siyasi olduğunu göstərir.

“Bizim kimi kiçik bir ölkədə konsulluqların açılması istənilən halda siyasi qərardır. Amma, məsələn, Sünikdə konsulluq açan Rusiya və İran məsələsində heç bir sual yaranmır, çünki bu, açıq-aydın Sünikin Ermənistan ərazisi kimi möhkəmlənməsi üçün edilir. Qazaxıstanın qərarı mümkün hədəflər barədə düşünməyə əsas verir”, – ekspert bildirib.

Onun sözlərinə görə, Ermənistan və Qazaxıstanın KTMT-də müttəfiq olmasına baxmayaraq, bu ölkələr heç vaxt real tərəfdaş olmayıblar. “Qazaxıstan həmişə Azərbaycanla müttəfiqliyə üstünlük verib və ümumilikdə Türkiyəyönlü, deməli, antierməni siyasət yürüdür. Paşinyan iqtidarının seçdiyi siyasi xətti nəzərə alsaq, məncə, hazırkı hakimiyyətin Türkiyəyönlü vektora malik Qazaxıstanla əlaqələr qurmağa çalışması tamamilə təbiidir”, – İgityan bildirib.

O vurğulayıb ki, bu kontekstdə Qazaxıstanın qondarma təşəbbüsü dəstəkləməsi təsadüfi deyil.

“Baxmayaraq ki, Paşinyan bu layihəni öz ideyası kimi təqdim edir, amma “Dünyanın kəsişməsi” ilk olaraq türk dünyasını Ermənistan ərazisindən keçirməyə hesablanmış Türkiyə-Azərbaycan layihəsidir”, – İgityan deyir.

Natiq Səlim,

KONKRET.az

Seçilən
96
1
Mənbələr
Şərh ()
Bağla