AZ

Əhmənilər, Sasanilər, Səfəvilər...

Sasani kökənli müsəlmanlar niyə islam dünyasında hakimiyyətin varislik yoluyla ötürülməsini istəyirdilər? Nəyə əsaslanırdılar?

Kufəli ərəblərin və Müaviyyənin ortaya atdığı varislik prinsipi Məhəmməd peyğəmbərlə nəcranlı xristianların Mədinədə gerçəkləşdirdikləri bir mübahisədən qaynaqlanır.

Məhəmməd peyğəmbərin islamı qəbul etmək və ya cizyə ödəməklə bağlı məktubunu alan Nəcran xristianları 631-ci ildə Mədinəyə bir heyət göndərdilər. Heyətin rəhbəri Əbu Harisa hadisə yerinə çatar-çatmaz: “Biz sizdən əvvəl müsəlman olduq” dedi. Donuz əti, xaça sitayış və İsanın allahın oğlu olması məsələsi işləri qarışdırdı. Nəcranlılar soruşdular ki, onda İsanın atası kimdir? Cavabı allah özü verdi, çox keçmədən Əli İmran surəsini göndərdi və suala sualla "Bəs Adəmin atası kimdir" deyərək altı yüz il əvvəl ona tapınan xristianlarını yeni tapınanlarının yanında pis vəziyyətə qoydu. Daha sonra Məhəmməd peyğəmbərə dedi ki, İsa peyğəmbərə tapınanlara de ki, dediklərinizə güvənirsinizsə, gəlin, ailələrimizi çağıraq və allahdan kimlər yalançıdırsa, onları lənətləməsini istəyək. Nəcranlılar qorxub söhbətdən cizyə ödəməklə canlarını qurtarırlar. Bu mübahisəyə peyğəmbər öz ailəsi olaraq yeznəsi Əlini, qızı Fatiməni, nəvələri Həsən və Hüseyni aparmışdı. Bu artıq Əli ailəsinin varisliyini hüquqi müstəviyə çıxarırdı.

Bəs sasani kökənli müsəlmanlar niyə islam hakimiyyətinin seçkiyə deyil, varislik prinsipinə əsaslanmasını istəyirdilər? Ərəbistandan çıxan islam nə İranda, nə Misirdə, nə Əndəlüsdə ərəblərin idi. Allaha söykənən din bu torpaqlarda özündən daha güclü narrativ olan mədəniyyətə söykənən irqlə toqquşub məğlub olmuşdu.

Xüsusilə abbasilər dönəmində sasani kökənli intellektuallar Quran ayələrini istədikləri kimi təfsir edə bilirdilər. Çünki Qonduşapur boyda üç əsrlik bir helenistik universitet ənənəsiylə yetişmişdilər. Abbasi xəlifələrinin başda vəzirlər olmaqla əksər bürokratları sasani, yunan mənşəli savadlı kadrlar idi.

Xilafət qeyri-rəsmi sasani mənşəlilərin əlində idi. İstədiklərini hakimiyyətə gətirə və götürə bilirdilər. Əgər hakimiyyət varsilik yoluyla ötürülsəydi, bu iş birdəfəlik həll olunacaqdı. Sasani kökənlilər Şah İsmayıl kimi on üç yaşlı birini xilafətin başına keçirib sonradan varislik prinsipi əsasında yaratdıqları “səfəvilik” modelini bütün islam xilafətinə tətbiq edəcəkdilər. Prosesi səlçuqların ortaya çıxışı pozdu. Sasani kökənli müsəlmanların arzusu ürəyində qalmadı, onlar xilafət üçün düşündükləri varislik modelini sonradan Səfəvilər dövlətini yaradaraq həyata keçirdilər.

Səfəvilər dövlət olaraq Sasani dövlətinin peinkarnasiyası idi. Başı fars, bədəni ərəb, qılıncı türk olan bir kentavr dövlət.

Aqşin Yenisey

visiontv.az



Seçilən
14
Mənbələr
Şərh ()
Bağla