AZ

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələdirəcək

Mer:

İrpen, 16 aprel, AZƏRTAC

Müharibədən ciddi ziyan görən Ukraynanın İrpen şəhərinin bərpa və yenidən qurulmasında Azərbaycan dövləti dəstəyini davam etdirir. Artıq Azərbaycanın maliyyə dəstəyi ilə əsaslı təmir olunan İrpen şəhər poliklinikasında işlərin birinci mərhələsi başa çatmaq üzrədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin söyləyib.

“Biz İrpenin 7 mərtəbəli şəhər poliklinikasının bərpası və əsaslı təmiri ilə tanış olduq. Bu binanın təmirini Azərbaycanın SOCAR şirkəti öz üzərinə götürüb. Təmirin birinci mərhələsinin aprelin 28-dək təhvil verilməsi nəzərdə tutulur. Akademik Zərifə Əliyevanın doğum günündə Azərbaycan-Ukrayna dostluğuna xidmət edən Azərbaycan Mədəniyyət Günü də keçiriləcək. Biz irpenlilərə Azərbaycan mədəniyyətinin necə olduğunu göstərəcəyik”, - deyə mer vurğulayıb.

Azərbaycan dövlətinin daha 4 layihəyə dəstək verəcəyini bildirən O.Markuşin qeyd edib ki, bunlar çox böyük layihələrdir.

“Mən, ilk növbədə, göstərdiyi dəstəyə görə bir daha Azərbaycan Prezidentinə, xalqına təşəkkür edirəm. Azərbaycan bizə çox böyük kömək göstərir. Biz indi kimin qardaş və kimin düşmən olduğunu dəqiq bilirik. Hazırda İrpendə digər obyektlərin bərpası ilə bağlı layihələrə dair ölkələr arasında razılaşma sənədi Ukraynanın Xarici İşlər Nazirliyində imzalanma mərhələsindədir. Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək. Bunlar Mərkəzi Mədəniyyət Evi, tam dağılan İrpen Uşaq-Gənclər İdman Məktəbi, İncəsənət Mərkəzi və doqquzmərtəbəli yaşayış binasıdır. Bunlar çox böyük layihələrdir”, - deyə O.Markuşin əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

İrpen

Seçilən
43
5
Mənbələr
Şərh ()
Bağla