AZ

Türkiyə-Azərbaycan Universitetində tədris hansı DİLDƏ OLACAQ? - AÇIQLAMA

Türkiyə-Azərbaycan Universitetində tədris hansı DİLDƏ OLACAQ? - AÇIQLAMA

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib. Bəs Türkiyə-Azərbaycan Universitetində tədris hansı dildə aparılacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Vüsal Kərimli bildirib ki, başlanğıc olaraq universitetdə türk və ingilis dillərində tədris aparılacaq:

" Daha sonra təhsil Azərbaycan dilində olacaq. Bu əslində çox maraqlı yanaşmadır. Müasir mühəndis sahələri üzrə təhsil və yeni biliklər veriləcəksə, burada Azərbaycan dilində məlumat və ədəbiyyatlar kifayət etmir. Yəni burada ədəbiyyat yetərsizliyi var. Ona görə də tədrisin türk və ingilis dillərində olması məqsədəuyğundur. Yaxın gələcəkdə təbii ki, Azərbaycan dilində tədris aparılacaq. Amma düşünürəm ki, 1-2 il davam etdiyi müddətdə, Azərbaycan dilində tədris aparılana qədər dərsliklər, sənədlər Azərbaycan dilində hazırlanacaqdır. Biz müasir təhsil standartlarından danışırıqsa, tədrisin türk və ingilis dillərində olması yaxşı düşünülmüş bir addımdır. Biz iddia edə bilərik ki, türk dilini bilirik. Amma biz akademik türk dilini bilmirik. Bu nöqteyi-nəzərdən uğurlu bir addımdır".

Qeyd edək ki, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla