AZ

“İndi artıq 20-30 il evli olanlar arasında boşanmalara rast gəlirik” - Aydın Xan Əbilov

Dövlət Statistika Komitəsi məlumat yayıb ki, Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah və 3456 boşanma halları qeydə alınıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

Boşanmaların artması və nikahların azalmasını yaradan səbəblər nə ola bilər?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net- Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, Azərbaycanda bizim gözlədiyimiz proses artıq baş verir:

“Dövlət Statistika Komitəsinin açıqladığı son statistik məlumatlar illər boyu bizim həyəcanla cəmiyyətə ötürdüyümüz messajları bir daha təsdiqlədi. Rəsmi nikahların az qala 50 %-dən çoxunun boşanma ilə nəticələnməsinin bir çox səbəbləri var. Cəmiyyət bu səbəbləri çoxdan müzakirəyə çıxartmalı idi. Əhalinin sürətlə qocalması, mühacirətin çoxalması, işsizlik və sosial problemlər, sağlamlıqla bağlı qlobal və yerli problemlərin aktuallaşması, demoqrafik böhran - qız uşaqlarının abort edilməsi, oğlanların daha çox doğulması, qarışıq ailələrin çoxalması, xaricilərə ərə getmək kimi faktlar, eyni zamanda son 30 il dünyada və Azərbaycanda baş verən ictimai-siyasi, qlobal və geodemoqrafik problemlər boşanmaların artmasını yaradan səbəblərdir. Biz bunu gözləyirdik”.

Yazıçı-kulturoloqun sözlərinə görə, əvvəllər bir ailədə 7-10 uşaq dünyaya gəlirdisə, onların evlənməsi ilə bağlı hər hansı bir problem yaranırdısa bu, o qədər də görsənmirdi:

“Amma indi əsasən 2 uşaqlı ailə modelinə malikik. Bu ailə modelində həmin uşaqları evləndirmək lazım gələndə bəzilərinin sağlamlığı ilə bağlı problemləri, sosial vəziyyətin gərgin olması, pandemiya, işsizlik, eyni zamanda insanların tənbəlləşməsi, komfortlu həyat tərzinin ortaya qoyulması və s. məsələlər boşanmaların sürətlə artmasına səbəb oldu. Hərəkətsiz yaşam tərzi keçirmək, dönər yemək, energetik içki içməklə sağlam toplum qazanmaq mümkün deyil. Xanımlar və bəylər yaxından tanış olmadan, bir-birilərinə hörmət qoymadan tez evlənirlər. Bir neçə aydan sonra isə hər şey adiləşəndə, ailədə uşaq olmayanda və ya planlı şəkildə uşağı gələcəkdə dünyaya gətirmək barədə fikirləşəndə boşanmaların sayı artır.  Boşanmalarla bağlı onu deyə bilərik ki, planlı və plansız boşanmalar var. Biz hələ rəsmi nikahlarla bağlı bu məsələləri qabardırıq. Qeyri-rəsmi nikahlar, ictimai münasibətlər var. Dini kəbinlərlə qurulan ailələrdəki boşanmaların sayı daha artıqdır. Ən qəribəsi də budur ki, əvvəllər əgər boşanmalar 2-3-cü illərdə baş verirdisə, indi artıq 20-30 evli olanlar arasında boşanmalara rast gəlirik. Bu isə çöx böyük sosial böhrana gətirib çıxardır. Bu böhranla əlaqədar istər dövlət orqanlarında, istər ictimai təşkilatlarda və digər mərkəzlərdə müzakirələr aparılmalıdır. Dövlətin bununla bağlı xüsusi proqramı olmalıdır. Təzə evlənənlərin boşanmamaları üçün müəyyən motivasiyaedici addımlar atılmalıdır. Məsələn, onların birgə yaşayışı üçün faizsiz kreditlərin ayrılmasından tutmuş evlə, işlə təmin olunması, ailə dəyərlərinin qorunması ilə bağlı maarifləndirici layihələrin həyata keçirilməsi kimi məsələlərə baxıla bilər. Amma təəssüflər olsun ki, bu bizdə hələ yoxdur”.

Prezident təqaüdcüsü qeyd edib ki, boşanmaların artması və nikahların azalması Azərbaycan cəmiyyətinin altına qoyulan mina kimi effekt yarada bilər:

“Hələ ki, bizdə artım çoxdur. Bu yaxınlarda əhalinin sayı ilə bağlı Statistika Komitəsi bəzi rəqəmlər açıqladı. Amma nəzərə alaq ki, yeni doğulmuş nəslin böyük hissəsi Türkiyə, Rusiya və ərəb ökələrinə, həm də işlə əlaqədar olaraq dünyanın qlobal şirkətləri yerləşən bir çox qərb ölkələrinə üz tuturlar. Bu zaman demoqrafik problemlər yaranır. İnsanlar öz oğlanlarını evləndirmək üçün qız tapa bilmirlər. Qızlar isə real namizədin onların tələblərinə cavab verməməsini bəhanə gətirərək əcnəbilərə ərə gedirlər. İki dünyagörüşlü insanın toqquşması zamanı isə boşanmaların artdığını görürük. Bu hətta əcnəbilərə ərə gedənlərdə də olur. Gənclər bir-birini başa düşmək istəmirlər. Həm də internet, sosial şəbəkələr, seriallardan gələn mənəvi əxlaqi təzyiqlər var ki, bu basqılar altında bizim gənclərimiz artıq ya ailə qurmağa həvəs göstərmirlər, ya da qurduqları ailələrdə gözlədikləri olmayanda boşanmaya əl atırlar. Bütün bunlar Azərbaycan cəmiyyətində müyyən islahatlar aparılmasını vadar edir. Dövlət qurumları bununla bağlı araşdırma aparmaldır. Bizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Amma bu komitənin nə qədər işçiləri var? Onların işləri kifayət qədər keyfiyyətlidirmi? Həmçinin, boşanmalara qarşı biz nə qədər dirəniş göstərə bilirik? Bu məsələlərin həlli Azərbaycan ailəsində baş verən mənfi tendensiyanın qarşısını ala bilər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla