AZ

Qolsuz və faydasız “sülh” - REPORTAJ

Matç komandaların avrokuboklar uğrunda mübarizəsi baxımından önəmli idi.

Mümkün qələbə tərəflərdən hər birinin şansını xeyli artıracaqdı. Qonaqlar ilk dəqiqələrdən fəal təsir bağışladı. Hətta bir neçə epizodda rahatlıqla hesabı erkən açmaq mümkün idi. Lakin Utziqin həlledici zərbəsi qeyri-dəqiq oldu. Növbəti fürsəti isə Suma puç etdi. Onun zərbəsi tirin üzərindən keçdi. Bundan sonra komandalar qısa, bəzən də uzun ötürmələrlə hücumlar qurmağa başladı. Amma nə “Sumqayıt”, nə də “Zirə” təhlükəli vəziyyət yarada bildi. Hücumlar rəqibin müdafiə xəttini yaracaq qədər kəsərli alınmırdı.

İkinci hissədə rəqabət bir qədər də artdı. Buna baxmayaraq, komandaların məzmunlu oyun sərgilədiyini söyləmək doğru olmaz. Yenə də “kimyaçılar” 51-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Rövlanın uzaqdan ötürməsini qəbul edən Murata daha cəld davransaydı, oyundaşlarını sevindirə bilərdi. Lakin yaponiyalı yarımmüdafiəçinin ləngliyi Çantakiasın özünü çatdıraraq ona mane olmasıyla nəticələndi. Çox keçmədən “Zirə”nin təzyiqi fayda verdi. Belədə künc zərbəsi qazanan qonaqlar azarkeşləri həyəcanlandırsa da, Çantakias Qismətin qapı önünə ötürməsini “çərçivə”dən keçirə bilmədi. Ardından Ninqa akrobatik zərbəylə bəxtini sınasa da, dəqiq və qüvvətli olmayan toxunuş qolla nəticələnmədi. 62-ci dəqiqədə topun Ruanın əlini toxunduğunu düşünən Tural Qurbanov dərhal “nöqtə”ni göstərdi. Lakin VAR-dan gələn xəbərdarlıqla epizodu incələyən referi qərarını ləğv etdi. Hər halda, top Renatanun çiyninə toxunmuşdu. Oyunun davamında Ninqa uğursuz çıxışla yadda qaldı. O, Rövlanın uzaqdan ötürdüyü topa yiyələnsə də, tora qovuşdura bilmədi. Ümumiyyətlə, bir qədər cansıxıcı matçda hesab açılmadı. Komandalar nəinki qol, baxımlı oyun baxımından da azarkeşlərin zövqünü oxşamadı…

Gözdən qaçmadı
* “Kimyaçılar” fanklubu 51-ci dəqiqədə pirotexniki vasitədən yararlandı, 56-cı dəqiqədən sonra isə tribunadan çəkildilər.
* Oyunun gedişində diktor “Zirə” azarkeşlərinə “xahiş edirik, oyun bitən kimi stadionu tərk etməyin” dedi.
* Samir Abasov hakimin qərarına etdiyinə görə “sarı”yla cəzalandı.

KƏNAN BAHADIR

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla