AZ

Ekspertlər məşhur olmaq fürsətini tapıb, efirə hər gün çıxmaqla tanınırlar – Sosioloq

“Bu gün televiziyalarda əxlaqi dəyərlərə zidd verilişlər gündəmi zəbt edib”. 
Bu fikirləri Herbiand.az-a sosioloq Lalə Mehralı bildirib. O qeyd edib ki, efirdə hər cür səviyyəsiz, əxlaqsız mövzuları görə bilirik. Aparıcılar əxlaqi dəyərləri bir kənara qoyub efir etikalarından kənar hərəkətləri detallı danışdırırlar, söz qurtaranda deyirlər mikrofonun səsini alın:
“Görmədiyimiz daha nə qaldı ki? Kim kiminlə münasibətdədir, kim kimə hansı əxlasızlığı edir. Çox təəssüf ki, biz bunların hamısını görmək məcburiyyətindəyik. Çox maraqlıdır, o proqramı bizim önümüzə çıxaran televiziya rəhbərliyi, orada oturan ekspertlər, auditoriya bu rəzilliyi özünə necə sığışdırır? Burda əsas məqam odur ki, ekspertlər məşhur olmaq fürsətini tapıb, efirə hər gün çıxmaqla tanınırlar, daha sonra imtiyazları artır, tanınmaqlarından istifadə edib əlaqələr qururlar, pullu tədbirlərə, reklamlara yolları açılır. Auditoriyada oturan tamaşaçılar da bu rəzilliyə qatlaşaraq, günün sonunda bir qarın çörəyə öz mənliklərini satmış olurlar”.  
Cəmiyyətdə kanallara iradlar çoxdur. Amma təəssüf ki, bu iradlara baxmayaraq, baxış sayının çoxluğu da istisna deyil. Burada əsas məsələ belə verilişləri efirlərdən yığışdırmaq, və ya nəzarəti gücləndirib mövzulara diqqətlə yanaşmaqdır. Lalə xanım lazımi orqanların bu problemə ötəri deyil, daha ciddi yanaşmalarını tövsiyə etdi:
“Bu verilişlərə mən qətiyyən baxmıram. Əminəm ki, mənimlə eyni fikirdə olub baxmayanlar da var. Amma bu çoxluq təşkil etmir. Biz öz uşaqlarımızı xilas etdik, bəs bütün ölkə, başqa uşaqlar, gənclər? Bilirsiniz, necə səbirsizliklə bu verilişləri gözləyənlər var? Bax əsl bəla burdadır. Sanki insanlar bir-birinin rüsvayçılığını izləməkdən zövq alırlar. Cəmiyyət bu qədər deqradasiyaya dözə bilməz. Bunun çox mənfi nəticələri olacaq. Bu baxımdan mütləq ciddi tədbirlər görülməlidir. Bu günlərdə televiziyalar qarşısında müəyyən tələblər qoyulub. Ümid edək ki, biz televiziyalarda dəyişiklikləri görə biləcəyik”.  

Elnurə İSAXAN

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla