AZ

“Səbail” son dəqiqədə yıxıldı - REPORTAJ

6 qol, iki məcburi dəyişiklik, qırmızı vərəqə, kəskin süjet dönüşləri və bunların altında qalan zəif idarəçilik, bir də azarkeş marağının azlığı – srağagünkü “Səbail” – “Kəpəz” oyununun qısa özəti məhz belədi. Baş məşqçilərin yerinə düşən və yersiz müdaxilələri də öz yerində.

Bu bəlkə də “dənizçilər” üçün avrokuboklar uğrunda mübarizəni davam etdirmək baxımından son şansı idi. “Araz-Naxçıvan”ın bir gün öncə darmadağın olduğunu bilən “Kəpəz” isə bu komandanı turnir cədvəlində arxada qoymaq istəyirdi.

Biri ölməsə, o biri dirilməz – futbola münasibətdə bu məşhur məsəli işlətmək bir qədər yerinə düşməsə də, məhz zədələnən Papunaşvilinin əvəzinə oyuna qoşulan Elmir Tağıyev 25-ci dəqiqədə uzaqdan elə zərbə vurdu ki, Səlahətin “donu açılmadı”. Cəmi 4 dəqiqə sonra Fal 2-ci qolu meydan sahiblərinin qapısından keçirəndə düşünmək olardı ki, bu artıq sondu, çətin “dənizçilər” özünə gələ. Hərçənd bu qolda Amil Yunanovun payı daha çox idi. İlk yarıda bir baş məşqçi kimi fiasko ilə üzləşən Şahin Diniyev fasilədə start heyəti ilə bağlı ciddi səhvə yol verdiyini anladı. Alluşla Abdullazadənin meydana çıxmasıyla “dənizçilər” canlandı, artıq Məhərrəmli də həvəslə hücumlara qoşulmağa başladı. 49-cu dəqiqədə məhz Rafaelin ideal asmasından sonra Pedro Nuno qarşısıalınmaz baş zərbəsiylə fərqi azaltdı. 53-cü dəqiqədə Rafael irəliyə doğru daha bir incə ötürmə verdi, bu dəfə Ramalinqom gövdəsi hesabına Xvalkonu geridə qoymağı bacardı. Madaqaskarlı hücumçuya heç kim mane ola bilmədi. “Sarı-göylər”in şokdan ayılması uzun çəkdi. 73-cü dəqiqəsində Rüfət Yusifin uzaqdan gələn ötürməsini qəbul etdi, Vüsal Məsimovu ustalıqla aldadaraq topu elə nöqtəyə göndərdi ki, qapıçı gücsüz idi - 3:2. Və bu məqamda, yəni hələ sona 15 dəqiqə qalmış Diniyev hesabı qorumaq niyyəti ilə növbəti kobud səhvə yol verdi. Luqasini meydana buraxmağı anlamaq olardı, yaxşı, yetərincə fəal və gəncəlilərin hücuma atılacağı məqamlarda əks-hücum üçün boş zona qazanacaq Ramalinqomu Mehremiçlə əvəzləməyin adı nə idi? Bosniyalı müdafiəçi uzatma dəqiqələrində heç nədən “qırmızı” almaqla komandasını azlıqda qoydu. Bu da “Səbail” üçün faciə deyildi. Əsl faciə Kvrikviya 90+5-ci dəqiqədə uzaq məsafədən inanılmaz gözəl qol vuranda yaşandı. 3:3 oyunun axarına uyğun hesab olsa da, çətin ki, “dənizçilər”i razı sala…

Gözdən qaçmadı
* “Ayın qolu” layihəsi çərçivəsində martın qalibi olan Martins Juniora oyundan əvvəl mükafat və 1000 manatlıq çek verildi.
* Arif Əsədov da matçıizləyənlər arasındaydı.
* Mehremiç 90+3-cü dəqiqədə topu kənara vurduğuna görə “sarı” aldı, hakimə nə dedisə, vərəqənin rəngi dəyişdi. Qəzəbini gizlədə bilməyən müdafiəçi hakimin onu təhqir etdini, Cavid Cəlilov isə əksini bildirir...

ƏSƏD SEYİDOV

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla