AZ

AXCP təşkilat sədrini amansızlıqla öldürən şəxsə ağır cəza verildi

Bərdə rayonunda AXCP-nin bu rayon üzrə təşkilatının sədri və Samux kənd məktəbinin riyaziyyat müəllimi Çapay Sadıqlını qətlə yetirən 1968-ci il təvəllüdlü Xəzər Məmmədova hökm oxunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə X.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, Çapay Sadıqlı ilə X.Məmmədov arasında torpaq sahəsi üstündə bir neçə il bundan əvvəl mübahisəli vəziyyət yaranıb. Bu səbəbdən onların işi məhkəməyə düşüb.

Hadisə baş verən gün isə Xəzər Məmmədov toyda iştirak edib və sərxoş halda evə gəlib. O, daha sonra evdən çıxaraq sahəyə gedib və Çapayın maşının sahənin yaxınlığında dayandığını görüb. O, Çapayı qətlə yetirmək üçün ona yaxınlaşıb və əlindəki dəryazla onun başına zərbələr endirib. Zərbənin təsirindən Çapay Sadıqlı yerə yıxılıb, həmçinin dəryazın kəsici hissəsi qırılıb. O, qırılmış kəsici aləti götürərək Çapay Sadıqlıya zərbələr endirməyə davam edib və ümumilikdə 27 kəsilmiş-deşilmiş xəsarətlə 68 yaşlı kişini qətlə yetirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi AXCP fəalını amansızlıqla qətlə yetirən şəxsin 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə hökm edib.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla