AZ

İran-İsrail qarşıdurması: Azərbaycan hansı qərarını AÇIQLADI? – Səxavət Məmməd yazır

İranla İsrail arasında baş verənlər düşmənçiliyin yeni mərhələsidir. İlk dəfə idi ki, İran İsrailə birbaşa zərbələr endirdi.

Suriyadakı konsulluğun İsrail tərəfindən vurulması İranı çətin vəziyyətə saldı. İran buna ya cavab verməli, ya da rejim imicinin yerlə bir olmasına göz yummalı idi. İrandakı rejimi molla, əhalini isə müqəvva kimi görə bilərik. Unuduruq ki, ətrafımızdakı ölkələr arasında ən çox mitinq, aksiya, üsyan olan ölkə İrandır. İranlılar reaksiya vermədiyi üçün hakimiyyəti qınamağa başlamışdı. Bunu ən azı sosial şəbəkələrdən görə bilərdik.

İran hadisədən dərhal sonra cavab verəcəyini bildirdi. Hücumdan 48 saat əvvəl İran 9 adda 100 ədəd ballistik raketi hazır vəziyyətə gətirmişdi. Hücumdan bir gün əvvəl isə “Hizbullah” 2 dalğa kütləvi raket hücumu həyata keçirdi, bir dəfə isə HƏMAS. Bu, İranın hücumu üçün vacib amil idi. Çünki kütləvi hücumlar hava hücumundan müdafiə sistemlərinin tükədilməsinə hesablanmışdı. İranın hücumundan əvvəl də qeyd edirdim ki, İran raket hücumlarını bir neçə dalğa dron hücumundan sonra həyata keçirəcək və bu da baş verdi. İran bu hücumu daha dəhşətli hala da gətirə bilərdi. Misal üçün dronlar İsrail sərhədinə yaxınlaşanda “Hizbullah” kütləvi raket zərbələri endirə bilərdi. Bu zaman İsrail və müttəfiqləri çətin vəziyyətə düşəcəkdi. Nəinki Azərbaycanda, hətta xaricdə belə hörmət etdiyim bəzi ekspertlər İranı hücumdan əvvəl xəbərdar etdiyinə görə lağ obyektinə çevirdi.

Gəlin, məsələyə obyektiv baxaq. İran İsrailə hücumda özünü haqlı tərəf sayır və konsulluğunun vurulmasına cavab zərbəsi endirir. Beynəlxalq konvensiyalar İranı burda haqlı hesab edir. Təsəvvür edin, İran özünü haqlı bilir və xəbərdarlıqsız dron hücumu, raket zərbələri endirir. Havada mülki təyyarələrdən biri vurulardısa, İran yenə özünü haqlı hesab edəcəkdi? Qətiyyən! Yəni, İranın xəbərdarlığı “İsrail, hazırlaş, raket göndərirəm” deyildi, heç İsrailə də deyildi. İranın xəbərdarlığı raketlərin uçacağı trayektoriyadakı dövlətlərə idi. Dronlar qaldırılmamışdan əvvəl Yaxın Şərqin hava məkanının xəritələrini yəqin görmüşdünüz, havada İsrail, ABŞ, Böyük Britaniya və İordaniyanın hərbi təyyarələrindən başqa heç nə yox idi. Bir çoxlarına başa salmaq olmur ki, müharibənin özünün də qaydaları var.

İran istəyinə çata bildi? Ümumiyyətlə, İranın hədəfi nə idi, məqsədi nə idi? Öncə bu suallara cavab tapıb, sonra qərar vermək lazımdır. İran konsulluğu vurulandan da yazırdım ki, hücumlar yalnız və yalnız cəzalandırmaq xarakteri daşıya bilər. İran İsraili cəzalandıra bildi? Düşünmürəm. Ancaq ciddi şəkildə İsrail və müttəfiqlərinə xəbərdarlıq etdi ki, cəzalandırmağı bacarar. Bundan əlavə, İran daxildəki pıçı-pıçıları da kəsmiş oldu. Dolayısı ilə İranın İsrailə bu hücumu həm də daxilə hesablanmış ola bilər.

İranın hücumundan sonra ABŞ anladı ki, İsrailin müdafiəsini təşkil etmək üçün daha ciddi addımlar atmalıdır. Bu isə Rusiya və Çinin işinə yarayır. İranın hücumdan əvvəl Rusiya və Çinlə danışıqlar aparması da buna bir işarədir. Rusiya Ukrayna cəbhəsində öz işini görməkdə davam edir. Proqnozlar onu deyir ki, Üçüncü Dünya Müharibəsi Çin və Tayvan toqquşması ilə başlayıb, davam edəcək. Çin də maraqlıdır ki, ABŞ-nin başı digər ocaqlara qarışmış olsun.

İranla İsrail arasındakı gərginlik bəlkə də ən çox Azərbaycanı və Azərbaycan ictimaiyyətini düşündürməlidir. Hesab edirəm, dövlət bunu düşünür, ancaq ictimaiyyətlə bağlı bunu demək o qədər də asan deyil. Dəfələrlə yazılıb, deyilib ki, İranın vurulması üçün Azərbaycandan hava məkanı istənilib, rəsmi Bakı buna birmənalı olaraq “yox” deyib. Hesab edirəm ki, Azərbaycan bu məsələni birdəfəlik və illər öncədən həll edib. Yəni, İran Azərbaycan üzərindən vurulmayacaq. Azərbaycanla İsrail münasibətləri ortadadır. İsrail Azərbaycana silahlar satır. Bir çoxları məhz buna görə Azərbaycanın İsrail arasında seçim edərkən İsraili seçməli olduğumuzu deyir. Sual yaranır. Ticarət, yoxsa dövlətin təhlükəsizliyi?

İran İsrail məsələsinə Azərbaycan ictimaiyyəti Türkiyənin gözü ilə baxmalıdır. Çünki Azərbaycan Türkiyənin strateji maraqlarına uyğun davranacaq. Səbəb? Açıq və gizli müqavilələr. Türkiyə İranın İsrailə zərbə endirəcəyini bəyan edəndən dərhal sonra açıq şəkildə bildirdi ki, onun hava məkanından İran vurulmayacaq.

Diqqət ediriksə, İran da Xamneyinin raketin üstünə otuzdurulmuş şəkillərini yox, dövlətin addımlarını ciddiyə alır.

Səxavət Məmməd

Seçilən
34
45
Mənbələr
Şərh ()
Bağla