AZ

Buraxılış imtahanının nəticələri elan olundu

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli, qiymətləndirmə şkalası və yazı işi nümunələri) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz.

İmtahanda iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Seçilən
44
46
Mənbələr
Şərh ()
Bağla