AZ

"Kiprdə türk varlığını heç kim görməzdən gələ bilməz"

Azərbaycan Milli Məclisində Azərbaycan-ŞKTC (Şimali Kipr Türk Cümhuriyyəti) Parlamentlərarası Əlaqələr İşçi Qrupunun yaradılması barədə qərar verilib. Respublikamız müstəqilliyini bərpa etdiyi vaxtdan Şimali Kipr ilə iqtisadi və mədəni əlaqələr mövcuddur. Siyasi əlaqələrdə, yəni, ŞKTC-nin diplomatik tanınması prosesində işçi qrupun yaradılması önəmli addım kimi qiymətləndirilir. MM-in Aprelin 5-də keçirilən növbədənkənar iclasında qəbul olunan qərar Azərbaycan, eləcə də, Türkiyə və KKTC tərəfindən müsbət qarşılanıb. ŞKTC prezidenti Ersin Tatar telefonla Prezident İlham Əliyevə təşəkkür edərkən, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz Türkiyə, Azərbaycan və ŞKTC-nin üç dövlət, bir millət olduğunu bildirib. Cavanşir Feyziyev Azərbaycan-ŞKTC Parlamentlərarası Əlaqələr İşçi Qrupunun sədri olaraq təsdiqlənib.

Zənnimcə, Milli Məclisin həm tarixi, həm də çoxdan gözlənilən bu qərarı qəbul etməsi, Azərbaycanın regionda və eləcə də, dünya çapında söz sahibi olduğunun göstəricisidir. ŞKTC-nin diplomatik tanınması prosesinin parlament diplomatiyası ilə başlaması beynəlxalq hüquqda çox önəmli faktordur. Əlbəttə, bu prosedur sonradan dövlətlərarası münasibətlərdə də özünü göstərəcək və dövlətlərimiz arasında beynəlxalq hüquqla tənzimlənən münasibətlər qurulacaq. Böyük məsuliyyət tələb edən çətin bir işin başlanğıcı digər türk dövlətləri üçün də nümunə olacaq və bundan sonra da eyni addımların atılması zaman məsələsidir. Təbii ki, Orta Asiya türk dövlətlərinin də belə qərar verəcəkləri gözləniləndir. Hesab edirəm ki, gerçəkləşən xəyal,yəni, ŞKTC-nin dünyada müstəqil dövlət kimi tanınması ilə bağlı məsələlər müzakirə edilərək, nə vaxtsa Birləşmiş Millətlər Təşkilatına üzv olmaqla müstəqil dövlətlər sırasına qoşulacaq. ŞKTC-də yaşayan hər bir türkün buna haqqı var. Bu haqlı işlərində onların yanında olmaq hər bir türk dövlətinin və hər bir türk insanının borcudur. Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı da Azərbaycan-ŞKTC Parlamentlərarası Əlaqələr İşçi Qrupunun yaradılmasını tarixi qərar kimi qiymətləndirib. Qərarın Türkiyədə sevinclə qarşılandığını deyən Bağcının fikrincə, bu addımların atılması şübhəsiz ki, beynəlxalq ictimaiyyətin və ŞKTC-nin təcridini aradan qaldıracaq. Orada bir Türk dövləti var. Kiprdə türk varlığını heç kim görməzdən gələ bilməz. ŞKTC-nin Bakı nümayəndəsi Ufuk Turqaner isə yaxın zamanlarda daha böyük addımların atılacağına əmin olduğunu, İşçi Qrupun Azərbaycan ilə ŞKTC arasında diplomatik, iqtisadi, tarixi və mədəni sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük addım olduğunu bildirib.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla