AZ

Erik ten Haq: “Gənclər bunun öhdəsindən gəlməlidirlər”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 33-cü turunda “Bornmut”la oyunda futbolçularının fədakarlığını qeyd edib.

Arena.az niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyunçular əllərindən gələni etdilər. Amma onların bəziləri gənc və təcrübəsizdirlər. Onlar üçün Premyer Liqa oyununda yüksək səviyyəli çıxış etmək çətindir. Bəli, çətindir, amma bunun öhdəsindən gəlməlidirlər”, deyə Ten Haq vurğulayıb.

Xatırladaq ki, “Mançester Yunayted” səfərdə qarşılaşdığı “Bornmut”la oyunda Bruno Fernandesin dublu sayəsində 2:2 hesablı heç-heçəyə nail olub. Meydan sahibləri bu oyunda iki dəfə hesabda önə keçsələr də, “qırmızı şeytanlar” hər iki halda məğlubiyyətdən xilas ola biliblər.

Mançester təmsilçisi hazırda 32 oyuna topladığı 50 xalla 7-ci pillədə qərarlaşıb. Ten Haqın komandası lider “Mançester Siti”dən 23 xal geri qalır.

Erik ten Haq “Mançester Yunyated”i 2022-ci ilin iyulundan çalışdırır. Holland mütəxəssisin İngiltərə nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Çempionlar Liqasında qrup mərhələsini adlaya bilməyən və avrokuboklarda iştirakına xitam vermiş “qırmızı şeytanlar”, indi Ten Haqın rəhbərliyi altında Premyer Liqada ən azı 5-ci yeri hədəfləyərək, növbəti mövsümdə qitənin ən mötəbər klub turnirinə vəsiqə qazanmaq istəyindədirlər.

Ümumilikdə Erik ten Haq “Mançester Yunayted”i 106 oyuna çıxarıb, 63 qələbə qazandırıb. Holland mütəxəssis 14 oyunda heç-heçə, 29 oyunda isə məğlubiyyətlə üzləşib, top fərqi isə 188:140 nisbətindədir. Ten Haq “Mançester Yunayted”ə 2022/2023 mövsümü İngiltərə Liqa Kubokunu qazandırıb.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla