AZ

Aİ-nin 423 min avro qrantını mənimsəməkdə ittiham olunan şəxsin məhkəməsində şahidlər ifadə verib

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə qarşı dələduzluqda təqsirləndirilən Ramin Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi keçirilən iclasda şahidlər ifadə verib.

Şahid Elnur Şahgəldiyev ifadəsində təqsirləndirilən şəxsi tanımadığını bildirib:

"Özüm fəhlə işləyirəm. Atamın dostu var. Adı İldırım Cabbarovdur. Onun yanına gedib dedim ki, vəziyyətim yaxşı deyil. Onun tanış çevrəsi genişdir. Düşündüm ki, məni harasa işə düzəldər. Mənə dedi ki, sənin adına şirkət açaq. Adıma 5 şirkət açılıb. Hər açılan şirkətə görə də 100-200 manat pul verdi. İldırım mənə dedi ki, şirkət xaricdən malların alışı ilə məşğul olacaq. Açılan şirkətlərlə bağlı təkcə bunu bilirəm. Şirkətlə bağlı heç bir sənədə qol çəkməmişəm".

Daha sonra şahid Telman Yolçuyov ifadə verib. O, təqsirləndirilən şəxslə uzaq qohumluğu olduğunu, bu işlərdə ona hesabatlarda kömək etdiyini deyib:

"1996-cı ildən beynəlxalq təşkilatlarla işləyirəm. Azərbahycanda olan qeyri-hökumət təşkilatları ilə çox işləmişəm. Əsasən monitorinq və təlim sahəsi üzrə fəaliyyət göstərirəm. Bu sahədə bilgim çoxdur deyə, Ramin məndən kömək istədi. Mən də kömək etdim. İşim hesabat hazırlamaq idi. Avropa İttifaqına hesabat hazırlamaq çox çətindir. Hər hesabat üçün 1-2 ay vaxt lazım olurdu. İki dəfə hesabat hazırladım. Hər hesabata görə də min manat pul aldım. Hesabatı hazırlamaq üçün Ramin mənə bütün məlumatları detallı şəkildə deyirdi, fotoları göstərirdi. Mən də ona görə hazırlayırdım. Bu sahədə Raminin də az təcrübəsi yoxdur".

Təqsirləndirilən şəxsin vəkili iş üzrə dövlət ittihamçısına etiraz edib. Vəkil dövlət ittihamçısının qərəzli olduğunu və məhkəməyə təsir etdiyini bildirib, buna görə də dövlət ittihamçısının dəyişdirilməsini istəyib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar elan edilib. Qərara əsasən, verilən etiraz təmin edilməyib.

Növbəti məhkəmədə təqsirləndirilən şəxs ifadə verəcək.

Proses aprelin 30-da davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs regionlarda kənd təsərrüfatının inkişafına dəstək üçün Avropa İttifaqının qrant layihəsinə müraciət edib və layihə çərçivəsində 423 min avro qrant alıb. Alınan məbləğlə Azərbaycanın 10 rayonunda kənd təsərrüfatının inkişafı üçün təlimlər keçirilməsi və başqa addımların atılması nəzərdə tutulub. Təqsirləndirilən şəxs ona verilən məbləğlə Bakı şəhərində müxtəlif şirkətlərlə ofis, avtomobil kiraləyələnməsi və bu cür məqsədlərlə yalançı müqavilələr bağlayıb.

Ramin Məmmədov "Kənd inkişafına dəstək" İctimai Birliyinin nüfuzuna xələl gətirməklə ona əmanət edilən vəsaitin 364 min manatını mənimsəməkdə ittiham edilir.

Ramin Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) və 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla