AZ

“Krım körpüsü vacib logistika yolu olduğu üçün vurulacağı halda...” - Hərbi ekspert

Ukraynanın Krım körpüsünü vurmaq istəməsi yenidən gündəmə gəlib. Vaxt kimi iyun-iyul ayları göstərilir. Bu da həmin aylarda Ukraynaya F-16 qırıcılarının, eyni zamanda yeni raketlərin verilməsi ilə bağlı ola bilər.

Ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov Herbiand.az-a bildirib ki, aktiv müharibə fazasında olan hər iki tərəf üçün qarşı tərəfin, yəni düşmənin təchizat və təminat yollarını həmişə sıradan çıxarması məsələsi durur:

“Bu da hərbi taktikaya uyğun olan məsələdir. Çünki qoşunların effektiv döyüş əməliyyatları aparması üçün arxa təchizat vacib məsələdir. Bu qida, yaşam vasitələr və hərbi təchizatdır. Arxa cəbhə təminatının qoşunlara çatdırılması üçün logistik vasitələr - yollar, körpülər və s. hər zaman atəş altında olub ki, bununla düşmənin döyüşən kontingentinin təchizatı azalsın və zəif düşsünlər. İndi Ukraynanın Krım körpüsünü vurmaq məsələsi gündəmə gəlib və tarix kimi iyun-iyul ayları göstərilir. Ancaq heç bir aktiv əməliyyat aparan tərəf dəqiq vaxt göstərə bilməz. Bu dezinformasiyadır. Belə dezinformasiyaları da Ukraynanın xüsusi xidmət orqanları tez-tez Rusiyaya sızdırır. Lakin Ukrayna Krım körpüsünü vuracaq. Ukraynanın dəqiq həll variantı var ki, həmin körpünü vurub dağıtsın. Çünki Rusiya ilhaq olunmuş Krımda bu günləri həddindən artıq qoşun  və hərbi texnika saxlayır. Oradan da Ukrayna ərazisinin atəşə tutulması və hücum əməliyyatları üçün aktiv istifadə olunur. Bu həm də dəniz akvatoriyasıdır ki, Krıma dəniz vasitəsilə bir çox hərbi ləvazimatlar və digər vasitələr gətirilir”.

Hərbi ekspert “Ukrayna bu körpünü vurmaqla nə qazanacaq?” sualına belə cavab verib ki, körpü logistika yolu olduğu üçün vurulacağı halda Rusiyaya və orada olan kontingentə həddindən artıq ziyan verəcək:

“Bundan əlavə, başqa yollar Rusiya üçün həddindən artıq təhlükəlidir. Ukraynanın bu körpünü vurmaq vasitələri yetərincədir. Son illərdə Ukrayna çox güclü artilleriya qurğuları və digər vasitələr əldə edib. Yaxın aylarda da müttəfiqlərin Ukraynaya F-16 qırıcılarının çatdırılması prosesi başlayacaq. Bu da Rusiya üçün daha böyük başağrısına çevriləcək. Çünki hazırda Ukraynanın hava qüvvələri demək olar ki, çox aşağı səviyyədədir. Bunlar bir neçə helikopter və təyyarədir ki, onlar da çevik uçuş texnikaları deyil. Lakin F-16 təyyarələri bildiyimiz kimi çox ciddi qüvvədir. Bundan əlavə, yeni raketlər, artilleriya qurğuları, atəş vasitələri də Ukraynaya veriləcək”.

Ehtiyatda olan zabit düşünür ki, Rusiya Ukraynada demək olar ki, bataqlığa girib:

“Çünki ilk günlərdən bəyan edildiyi kimi, dünyanın ikinci ordusu özündən insani və hərbi resurslar baxımından çox kiçik olan bir dövləti üç gün ərzində məhv edərək tamamilə rusiyalaşdırılmalıydı. Amma bu baş vermədi. Bir çox insanlar deyir ki, Rusiya Ukraynada bütün Qərblə savaş aparır. Ancaq bu belə deyil. Savaşın ilk günlərində Qərb yox idi. Ukraynanın çox gözəl taktikaları oldu. Onlar düşməni içərilərə doğru çəkdilər və kiçəyə salıb boğdular. Hal-hazırda da Ukraynada belə taktikadan istifadə olunur. Çox əfsuslar ki, Rusiya qoşunları etdikləri səhvləri dəfələrlə təkrar etməkdədirlər. Bu isə insan və texnika itkilərinə gətirib çıxardır. Hal-hazırda Ukrayna demək olar ki, savaşın ən son texnologiyası ilə döyüş aparmaqdadır. Bu, insansız texnikalardır ki, biz onlara dron deyirik. Kiçik, orta və iri ölçülü dronlarla döyüş aparır. Bu da demək olar ki, Rusiyanın əraziyə davamlı olaraq göndərdiyi texnikanın və insani resursların çox böyük hissəsinin məhv olunmasına gətirib çıxardır”.

Abuzər Əbilov vurğulayıb ki, Ukrayna tərəfindən Krım körpüsünün vurulması və tamamilə sıradan çıxarılması vacib amillərdən biridir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla