AZ

Bir qəhrəmanlıq dastanı – Gülər Mübariz yazır…

Haqqını qaytara bilmədiklərimizdən danışacam yenə sizə. Hansı ki, mürəkkəb yetməz şanlarını yazmağa, ömrüm də yetməz yazıb bitirməyə. Amma nə qədər ki, gücüm var, yazacağam Vətənimdən, Vətənimin mərd oğullarından.

Sübhan Mahir oğlu Abdurahmanlı —Azərbaycan Silahl Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Sübhan Abdurahmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahl Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Savaşıb bu yolda da oktyabrın 2-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Baxıram bir-bir rəsimlərə, bütün şəhidlərimizin. Tanrı qələmlə çəkib elə bil camallarını, üzlərindən nur, duruşlarından qəhrəmanlıq, cəngavərlik yağır. Seçilmişlərdir hamısı. Hələ mən siması yaraşıqlı olmayan şəhid görmədim, sanki Allahın xoş saatında yaradılıblar.

Gözləri gülən şəhidim, cəngavər şəhidim, Vətən oğlum, qeyrətli qardaşım. Yerin cənnətdir, əminəm. Saçlarını ağartdığın anan hər gün layla deyir sənə, rahat uyu. Xatirəni yaşatmaq üçün əlindən gələni edir, əlimizdən gələn səni gözəl xatırlamaq, unutmamaq, yadigarlarını yad etməkdir. Gözün arxadadır, bilirəm, narahat qaldıqların var. Duamızı qəbul et, mənim cənnət qoxulum, ömrünü Vətənə fəda etdin, mənim yarımçıq talelim. Vətən sənə “oğul” deyib,bilirsən? Dərdin olmasın, mamır olub qayasında bitmədin, mələk olub torpağında uyudun. Talan olunmuş yurdumuzu ,viran olunmuş torpağımızı bizə geri verdin, sən və sənin timsalında bütün döyüşçülərimiz. Borcunuzu qaytara bilmirik, əlimizdən gələn sizi sevməkdir, şərəfli ölümünüzə baş əyməkdir.
İnsan var ki 100 il ömür sürsə də, bir gün xatırlanmır. Siz ölənə qədər xatırlayacaqlarımızdansınız. Qanı qanımızdan, canı canımızdan olan qardaşlarımız.

Atam oğlu deyirəm sizə, anam balası deyirəm sənə , Sübhan. Ehtiramımı qəbul et.

Sağlığında sənə gül payı verən xanım-xatın, gözəl ananın yoxluğunla ağappaq örpəyə bənzəyən saçlarına qurban. O müqəddəs xatirəndən öpür bütün bacıların…

Gülər Mübariz

Seçilən
37
1
Mənbələr
Şərh ()
Bağla