AZ

YUNESKO-nun rəhbəri dəyişir - Azərbaycana münasibət dəyişəcəkmi...

Deputat: “Ümid edirik ki, Misir əsilli Xalid əl-Ənani ən azından keçmiş rəhbər kimi davranmayacaq və...”

Aprelin 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov YUNESKO baş direktoru vəzifəsinə Misirdən olan namizəd Xalid əl-Ənanini qəbul edib. Görüşdə Azərbaycan və YUNESKO arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər və ölkəmizin mövqeyi, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov Azərbaycanın YUNESKO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Misirin namizədinin seçki proqramında nəzərə alması məqsədəuyğun hesab edilən məsələlər barədə tövsiyələrimiz təqdim edilib. 

Nazir həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycan ərazilərinin işğalı faktı, postmünaqişə dövründə regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb, Ermənistan tərəfindən ölkəmizin mədəni irsinin məhv edilməsindən bəhs edib. 

Elə həmin gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Xalid əl-Ənanini qəbul edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Yada salaq ki, mənzil-qərargahı Parisdə yerləşən, BMT qurumu YUNSEKO-ya illərdir qatı ermənipərəst Odri Ozule rəhbərlik edir. Təsadüfi deyil ki, onun dövründə təşkilat nəinki Ermənistanda, hətta işğaldan azad edilən ərazilərdə Azərbaycan mədəni-tarixi irsinin dağıdılması faktlarını qeydə almaqla bağlı rəsmi Bakının çoxsaylı müraciətlərinə məhəl qoymayıb. Əksinə, yalnız mifik “erməni irsi” ilə bağlı səylər göstərib və göstərməkdədir.      

Bəs Xalid əl-Ənani kimdir?

53 yaşlı Xalid əl-Ənani ixtisasca misirşünasdır. Fransada magistr, İtaliyada doktorantura təhsili alıb. 2011-ci ildən Helvan Universitetinin professorudur. Palermo Universitetində qədim Misir dilini tədris edib. Berlindəki Alman Arxeologiya İnstitutunun müxbir üzvüdür. Bundan başqa, həmçinin Fransa Şərq Arxeologiyası İnstitutunun (IFAO) köməkçi elmi işçisi və direktorlar şurasının üzvü olub. 2016-cı ildə Misirdə Qədim və Orta Əsrlər İrsi Nazirliyi ona tapşırılıb. İşlədiyi müddətdə o, Böyük Misir Muzeyinin tikintisini öz üzərinə götürüb. Baron Empeyn Sarayı, Yunan-Roma Muzeyi və Eliyahu Hanavi sinaqoqu kimi digər tarixi binaların təmiri üçün vəsait təmin etməyi bacaran şəxsdir.  

Onun Azərbaycana münasibəti necədir? Bakı onun namizədliyini dəstəkləyəcəkmi? Xalid əl-Ənaninin UNESKO-ya baş katib seçilməsi ilə ölkəmizə münasibət yaxşıya dəyişə bilərmi?

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev misirli namizəddən Azərbaycanın gözləntilərinin çox olduğunu qeyd etdi: “Əlbəttə ki, YUNESKO-dan gözləntilər hər zaman olub və bu gün də var. Eyni zamanda bizim bu təşkilatdan istədiyimiz heç də ayrıcalıq, xüsusilik deyil, sadəcə, ədalətli yanaşmadır. Yəni faktlara əsaslansınlar, reallığı görsünlər, sübutlara istinadən qərar versinlər. Və niyə bu məsələni xüsusi vurğulayıram, qabardıram? Çünki illər boyunca belə olmayıb. YUNESKO kimi ciddi bir qurum bəlli zaman kəsiyində proseslərə ya etinasız yanaşıb, ya da birtərəfli. Ona görə bizim yeni namizəddən yeganə tələbimiz, məhz ədalətli mövqedir, erməni hiyləsinə uymamaqdır, təsir altına düşməməkdir.

Elşən

Elşən Musayev

Ümid edirik ki, Misir əsilli Xalid əl-Ənani ən azından keçmiş rəhbər kimi davranmayacaq və bütün mövzulara, məsələlərə obyektiv qiymət verəcək. Çünki insanların, regionun, tarixi və mədəni irsin həmin obyektivliyə çox böyük ehtiyacı var. Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, Azərbaycan YUNESKO ilə əməkdaşlıq kontekstində öz üzərinə düşən hər şeyi ən mükəmməl şəkildə icra edib, mədəniyyətlərarası dialoqun inkişafında və ümumiyyətlə, təşkilatın fəaliyyətində aktiv rol oynayıb, hörmət və etimada əsaslanan qarşılıqlı münasibətlərin formalaşmasında maraqlı olub. Buna görə də YUNESKO həm Azərbaycanın bölgədəki nüfuzunu, həm haqqa və ədalətə söykənən mövqeyini, həm də bütün bəşəriyyət üçün dəyərli olan təkliflərini, təşəbbüslərini nəzərə almalı, gələcəkdə bizimlə sıx əməkdaşlığa səy göstərməlidir.

Bir daha təkrar edirəm, yeni namizəddən və ya növbəti rəhbərdən gözləntilərimiz yaxşı mənada çox böyükdür. Həmin gözləntilərin nə qədər doğrulub-doğrulmayacağı isə düşünürəm ki, Xalid əl-Ənaninin fəaliyyətinin ilk dönəmindən bəlli olacaq".

Deputat

Sona Əliyeva

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, YUNESKO-nun baş direktoru postuna namizəd olan Xalid əl-Ənaninin olduqca rəngli karyerası mövcuddur: “Əl-Ənani nazir işlədiyi müddətdə tarixi abidələrə qarşı vandalizm elementlərinə qarşı kəskin mövqedə dayanıb. Bu baxımdan, hesab edirəm ki, Ermənistanın 30 illik işğalı dövründə dağıdılmış tarixi abidələrimizlə bağlı YUNESKO-nun baxışını dəyişə biləcək. Üstəlik, burada Şərq mədəniyyətinə hamilik missiyası da göz önünə gətirilməlidir. YUNESKO son 5 ildə Azərbaycana və onun mədəniyyətinə qarşı kəskin mövqedə dayanıb. Səbəbi isə qurumun başındakı şəxsin ermənipərəst olması və erməni lobbisinin donorluğu ilə vəzifədə qalmasıdır. Fikrimcə, Odri Ozuledən fərqli olaraq əl-Ənani Azərbaycana və onun mədəniyyətinə münasibətdə neytral mövqe sərgiləyəcək. Hətta işğaldan azad edilmiş ərazilərimizdəki dağıdılmış tarixi abidələrimizlə bağlı işğalçı Ermənistana müəyyən təzyiqlərin edilməsi də mümkündür. Hətta bu istiqamətdə bir sıra sənədlər də qəbul edilə bilər. Bu şəxs son illərdə sükunət nöqtəsində dayanan YUNESKO-Azərbaycan əlaqələrinə yeni töhfələr vermək iqtidarındadır. Bu baxımdan, ilk olaraq misirli alimin həmin postda yüksək səs çoxluğu ilə qalib gəlməsi, müsəlman ölkələrin onun seçkilərdə zəfər çalması üçün əlindən gələni etməsi vacibdir. Hətta təşkilata sədr seçilərsə, birbaşa Ənaninin işğaldan azad olunmuş ərazilərə səfərlərini də təşkil etmək mümkündür. Düşünürəm ki, xarici işlər naziri onunla Bakıda yox, Şuşada da görüşə bilərdi. Bizim dağıdılmış və məhv edilmiş mədəni irsimizlə bağlı kataloqlar misirli namizədə təqdim olunmalı, bu işlə əlaqədar onun yaddaşında mövzu ilə bağlı ümumi fon yaradılmalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
76
1
Mənbələr
Şərh ()
Bağla