AZ

"Belə hazırlıqdan sonra Bakıda məğlub olmağı düşünmürdüm" (MÜSAHİBƏ)

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirindən Paris-2024-ə vəsiqə qazanan idmançılarımızdan biri də Əliabbas Rzazadədir. 57 kq. çəki dərəcəsində mübarizə aparan idmançımızla Bakıdakı turnir, Olimpiya Oyunlarına hazırlıq barədə söhbətləşdik.

- Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğurlu çıxış etdiniz və olimpiadaya vəsiqə qazandınız. Necə hisslər keçirirsiniz?
- İlk dəfə idi ki, ölkəmizdə belə turnir keçirilirdi. Azarkeşlərimiz önündə Olimpiya Oyunlarına vəsiqə qazanmaq möhtəşəm hisslərdir. Bu duyğunu nəyləsə əvəz etmək olmaz. Azarkeşləri sevindirdim. Arenadakı insanların sənin adını çəkməsi, qələbəyə səsləməsi gözəl duyğulardır.

- Bakıda qarşılaşdığınız İtaliya, Türkiyə və Şimali Makedoniya təmsilçiləri ilə daha əvvəl də üz-üzə gəlmişdiniz. Bu dəfə sanki daha inamlı və rahat çıxış etdiniz. Bu özgüvəndən, yoxsa rəqibləri daha yaxından tanımaqdan irəli gəlirdi?
- Bəli, bu rəqiblərlər bir neçə dəfə qarşılaşmışam. İtaliyalı idmançını 3 dəfə məğlub etmişəm. Şimali Makedoniya təmsilçisi bir dəfə Avropa çempionatında məni hakim qərarı ilə məğlub etmişdi. Süleyman Atlı da kifayət qədər titullu idmançıdır, 3 dəfə Avropa çempionu olub. Dünya çempionatda mükafat qazanıb. Qitə çempionatında onu məğlub etmişdim. Onunla çıxışa əvvəlcədən hazırlaşırdım. Demək olar, ən çətin rəqiblərim 3 ölkə təmsilçisi idi. Onlar da mənimlə çıxışa hazır idilər. Sadəcə mən onları daha yaxşı təhlil etmişdim deyə, sonda sevinən tərəf oldum.

- Hazırda Qubada təlim-məşq toplanışındasınız. Olimpiya Oyunlarına hazırlıq necə gedir?
- Olimpiya Oyunlarına hazırlıqlara start verilib. Var qüvvəmizlə Paris-2024-ə hazırlaşırıq. Hər şey yüksək səviyyədə təşkil olunub. Federasiya və Olimpiya Komitəsi bizə dəstək verir. Gündə 3 dəfə məşq keçirik. İnşallah, əziyyətimiz yerdə qalmaz.

- Əvvəlki hazırlıqlara da ABŞ-dən mütəxəssislər dəvət edilmişdi. Bunun faydasını lisenziya turnirində hiss etdiniz?
- Fiziki hazırlığımızın yüksək olması üçün xaricdən mütəxəssislər cəlb olunmuşdu. Güclü fiziki hazırlıqlar keçirdik. Bunu yarışda da hiss etdim. Belə hazırlıqdan sonra Bakıda məğlub olmağı düşünmürdüm. İndi də xarici mütəxəssislərin köməyi nəticəsində fiziki gücümüzü daha da artırırıq.

- Lisenziya qazandıqdan sonra jurnalistlərə müsahibə verəndə bildirdiniz ki, hədəfim Olimpiya Oyunlarında çempionluqdur. Bu yolda özünüzə ən çətin rəqib kimi görürsünüz?
- Olimpiya Oyunlarında iştirak edəcək hər bir rəqib güclüdür. Lakin rəqiblərim tam məlum deyil. Amma Zavur Uguyevi fərqləndirmək olar. 3 dəfə dünya çempionu olub. Son Olimpiya Oyunlarının qalibidir. Lakin mən də zəif deyiləm. Olimpiya Oyunlarına "qızıl" qazanmaq üçün gedəcəyəm. Özümə inanıram. Zəif güləşçi deyiləm. Rəqiblərimdən çəkinmirəm. Hər birinə qarşı ciddi hazırlaşıram.

- Turan Bayramovdan danışaq. Kimin haqlı və ya haqsız olduğunu müzakirə etmək istəmirəm. Nəticə məlumdur. Lakin özünüz də onun son qarşılaşmasını izlədiniz, ikinci hissədə italiyalı rəqibinə qarşı demək olar ki, müqavimət göstərmədi və 6 xal öndə olduğu görüşdə hesabda geri düşmüşdü. Açığı deyim ki, Sizin, Hacı və s. kimi idmançılarda olan əmzkarlığı və mübarizə əzmin Turanda hiss etmədim. Bu, komanda yoldaşı kimi sizi narahat etmir və onunla bu yöndə komanda daxilində hər hansı söhbətiniz olub?
- Turan istedadlı və perspektivli idmançılarımızdan biridir. Ona ümidlər böyükdür. Yaşına görə kifayyət qədər uğur qazanıb. Ola bilər hər hansı cəhətdən Frank Çamizo Markezlə görüşə hazır deyildi. Lakin buna baxmayaraq, lazım olan lisenziyanı qazandı. Ümid edirəm ki, Turan səhvlərini görəcək. Həmçinin bunları aradan qaldıracaq. Bəlkə də Turan daha rahat qələbə qazansaydı, bir növ onda arxayınlıq yaranacaqdı. Bu daha çox məni narahat edərdi. Olimpiya Oyunlarına 3 ay qalmış güləşçimiz öz çatışmazlıqlarını gördü. Bunların üstündə işləməlidir.

- Komandamızdan gözləntiniz nədir?
- Özümə və komanda yoldaşlarıma güvənirəm. Baş məşqçilər bizə inanır. Çalışacağıq ki, azarkeşlərin, məşqçilərin ümidlərini doğruldaq.

- Yunan-roma və qadın güləşində uğursuzluğun səbəblərini nəylə qiymətləndirək olar?
- Bildiyiniz kimi növbəti ay İstanbulda sonuncu lisenziya xarakterli yarış keçiriləcək. Ümidlərimiz böyükdür. Qadın  güləşində Mariya Stadnik başda olmaqla digər idmançılarımıza da inanırıq. Yunan-Roma növündə isə heyətdə yəqin ki, dəyişiklik olacaq. İnanıram ki, Türkiyədə daha çox lisenziya əldə edəcəyik.

Məlik Məlikov
Seçilən
62
Mənbələr
Şərh ()
Bağla