AZ

Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib 

Naftalan Şəhər İcra Hakimiyyətinin və Naftalan Şəhər Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib.
 
Naftalan ŞMX-dan Aztibb.az-a bildirilib ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Hüseynova çıxış edərək akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu, zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər barədə danışıb. O, görkəmli oftalmoloqun yazdığı fundamental əsərlərin, elmi monoqrafiyaların bu gün də öz aktuallığını itirmədiyini bildirib.
 
Daha sonra çıxış edən Naftalan Şəhər Mərkəzi Xəstəxanasının ümumi cərrahı İsmayıl İsmayılov Zərifə xanım Əliyevanın göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, alim tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.
 
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının müalicə işləri üzrə müavin vəzifəsini icra edən Roza Qafarova isə Zərifə xanım Əliyevanı tələbəlik illərində gördüyünü deyib. Onun sadə, mehriban və qayğıkeş insan olduğunu vurğulayıb.
 
Sonda Zərifə xanım Əliyevanın elmi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.
 
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla